Biz Bakının narahatlığından və Aİ-nin Ermənistandakı missiyasının fəaliyyəti ilə bağlı haqlı narahatlıqlarından xəbərdarıq.
Herbiand.az bildirir ki, bunu keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O vurğulayıb ki, qondarma missiyanın əməkdaşlarının nə işlə məşğul olduqları yaxşı məlumdur: “Onlar Ermənistanla qonşu olan ölkələrə casusluq edirlər. Təbii ki, bu missiya İrəvana hesabat vermir və regionda heç bir sabitliyə töhfə vermirlər”.
XİN rəsmisi Ermənistanda yerləşən Rusiya hərbi bazasına gəlincə, qeyd edib ki, onun mümkün çıxarılması ilə bağlı İrəvandan heç bir siqnal almayıblar: “Respublika rəsmiləri belə məsələlərin gündəmdə olmadığını ictimai şəkildə təsdiq edirlər. İrəvan başa düşür ki, Rusiyanın hərbi mövcudluğu regionda təhlükəsizlik arxitekturasının mühüm elementidir. Bazanın yerləşdirilməsi və fəaliyyəti Ermənistan və Rusiya arasında müvafiq ikitərəfli sənədlərlə tənzimlənir. Bu sual heç vaxt Azərbaycanla qarşılıqlı fəaliyyətimizin kontekstində və müstəvisində heç kim tərəfindən qaldırılmayıb”.
Bəxtiyar CƏFƏRLİ