Bakı, 11 iyun, Vüqar Qurbanoğlu, AZƏRTAC
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən təməli qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən müasir dövrün iqtisadi islahatları respublikamıza böyük uğurlar gətirib, ölkə iqtisadiyyatının sürətli inkişafına səbəb olub. Ümummilli Liderin rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi Prezident İlham Əliyevin liderliyi ilə daha intensiv şəkildə aparılır.
AZƏRTAC-ın təqdim etdiyi məqlədə Azərbaycan dəmir yollarının 145 illik fəaliyyətindən və bu gün həyata keçirilən modernləşmə siyasətindən bəhs olunur.
Azərbaycanda dəmir yolunun yaranması XIX əsrin sonlarına təsadüf edir. Ölkəmizdə dəmir yolunun təməli 1878-ci ildə qoyulub. 1880-ci ilin yanvar ayında uzunluğu 20 kilometr olan Bakı-Suraxanı-Sabunçu dəmir yolu istifadəyə verilib. Azərbaycanda dəmir yolunun yenidən qurulması işi Bakıda sadə sərnişin vağzalı binası inşası ilə başladı. 1880-ci il yanvarın 20-də bu yolun təntənəli açılışı oldu. Həmin gün Azərbaycanda dəmir yolunun yaranma tarixi hesab olunur.
Qeyd edək ki, Bakı-Sabunçu-Suraxanı dəmir yolu yalnız neftin nəqli üçün istifadə edilirdi. Bu xətlə dünyada ilk dəfə neftin vaqon-sisternlərlə daşınmasına başlanıldı. Amma çox keçmədi ki, eyni marşrutla sərnişin daşınmasına da start verildi. Bakıdan Sabunçuya 50–60 dəqiqəyə, Bakıdan Suraxanıya 90 dəqiqəyə çatmaq olurdu. Abşeron yarımadasında boru kəmərləri şəbəkəsinin genişlənməsi ilə Bakı–Sabunçu–Suraxanı dəmir yolu xətti bütünlüklə sərnişinlərin xidmətinə verildi.
Qısa dövr ərzində ölkə hüdudlarına çıxan Azərbaycan dəmiryolu
Üç il sonra Azərbaycan dəmir yolları fəaliyyət sahəsini genişləndirdi. Belə ki, 1883-cü ildə Bakı–Yelizavetpol(Gəncə)–Tiflis magistral dəmir yolu işə salındı. Azərbaycanın ilk yük stansiyası olan Bakı yük stansiyasından Tiflis istiqamətində dəmir yolu ilə ilk neft 1883-cü ilin mayın 8-də göndərildi. Tiflis şəhəri dəmir yolu vasitəsilə Poti şəhəri ilə bağlı olduğundan neft Qara dəniz sahillərinə qısa müddətdə çatdırılırdı. Lakin Poti limanı quruluşuna görə böyük həcmdə neftin aparılması üçün yararlı deyildi. Bu səbəbdən daha əlverişli olan Batum limanı qısa müddətdə iri həcmdə neft daşınması üçün lazımi avadanlıqla təchiz edildi və Tiflisdən Batuma dəmir yolu çəkildi. Bakı–Yelizavetpol–Tiflis magistral dəmir yolunun davamı Tiflis–Qori–Kutaisi–Poti–Batum yolu olduğundan dəmir yolu vasitəsilə Xəzər dənizi ilə Qara dəniz sahilləri birləşdirildi.
19-cu əsrin sonlarında yükdaşıma sahəsində mühüm yerə malik dəmir yollarımız sərnişindaşıma sahəsinədə xüsusi diqqət ayırdı. Belə ki, 1884-cü ildə Bakıda “Tiflis vağzalı” istifadəyə verildi. İlk vağzal binası, əsasən, neft mədənləri və neft limanına fəhlələrin daşınması üçün nəzərdə tutulduğundan turist qismində gələn sərnişinlərin, eləcə də Tiflis–Bakı marşrutu ilə təşrif gətirən Rusiya məmurları və xarici iş adamlarının qəbulu üçün yararlı deyildi. Sürətlə inkişaf edən Bakı şəhərinin vizit kartı rolunu oynaya biləcək müasir dəmir yolu vağzalına ehtiyac var idi. “Tiflis vağzalı” adını almış Bakı dəmir yolu stansiyasının vağzal layihəsi 1882-ci il noyabrın 10-da təsdiqləndi. Layihənin müəllifi Bakı–Tiflis dəmir yolunun memarı vəzifəsində çalışan Xrisanf Konstantinoviç Vasilyev idi. Vağzalın təntənəli açılışı 1884-cü il yanvarın 10-da keçirildi. “Tiflis vağzalı” imperiyanın ən gözəl vağzallarından sayılırdı.
XIX-XX əsr ölkə ticarətinin əsası olan dəmiryollarımız
Bundan başqa, 1900-cu ildə Azərbaycan ərazisi Rusiya imperiyasının dəmir yolu şəbəkəsi ilə birləşdirildi. 1896-cı ildə Port-Petrovsk(Maxaçqala)–Dərbənd, 1897-ci ildə Bakı–Dərbənd dəmir yollarının inşasına icazə verildi. Xəttin texniki-iqtisadi əsaslandırmasında xüsusilə qeyd olunurdu ki, Bakıda istehsal olunan malların Rusiyaya aparılması üçün qısa yola böyük ehtiyac var. 1900-cü ildə Bakı–Biləcəri–Dərbənd–Port-Petrovsk(Maxaçqala) dəmir yolu inşa olundu. Bakı–Dərbənd yolu inşa olunandan sonra şimala göndərilən neftin həcmi artdı: 1883-cü ildə Bakıdan şimala 12,5 milyon pud (205 min ton) neft, 1901-ci ildə isə 51,6 milyon pud (845 min ton) neft daşınmışdır.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra ən böyük islahatlardan biri dəmir yolu sektorunda aparıldı. 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası tərəfindən Azərbaycanın müstəqilliyinin elan olunduğu gün Fətəli xan Xoyskinin təşkil etdiyi hökumət kabinəsində ilk nazirliklərdən biri Azərbaycan Xalq Cümhuriyyəti Yollar Nazirliyi idi. Nazirliyin tərkibində başqa idarələrlə bərabər, Azərbaycan Dəmir Yolu İdarəsi və Azərbaycan Dəmir Yolunun Mühafizəsi İdarəsi yaradıldı. İlk yollar naziri vəzifəsinə hələ Zaqafqaziya Cümhuriyyəti hökumətində yollar naziri işləmiş, dəmir yolu işləri sahəsində böyük təcrübəsi olan məşhur ixtiraçı-mühəndis Xudadat bəy Məlik-Aslanov təyin olundu.
SSRİ-nin ilk elektrikləşdirilmiş dəmir yolu
Ötən əsrin 20-ci illərində artıq SSRİ-nin tərkibinə daxil olan ölkəmizin dəmir yolu təsərrüfatında yenidənqurma işlərinə start verildi. 1926-cı ildə Bakıda SSRİ-nin ilk elektrikləşdirilmiş dəmir yolu işə başladı. 1924-cü ilin fevralında Bakıda tramvay xətti işə salındı. Tramvayın ucuz nəqliyyat növü olması Bakıətrafı ərazilərə də elektrik dəmir yolunun çəkilməsi ideyasının yaranmasına səbəb oldu. Bakı Soveti bu qərarı 1924-cü il fevralın 29-da qəbul etdi. Fövqəladə səylər hesabına bütün tikinti işləri 18 ay əvəzinə 14,5 aya yerinə yetirildi. 1926-cı il iyulun 6-da Azərbaycanda ilk elektrikləşdirilmiş dəmir yolu işə başladı. Bu təkcə Azərbaycanda deyil, SSRİ-də ilk elektrikləşdirilmiş dəmir yolu idi. Elektrik dəmir yolunun üstünlükləri o dərəcədə aşkar idi ki, əhali məmnuniyyətlə ondan istifadə edirdi. 1926–1931-ci illərdə Bakı–Sabunçu–Suraxanı xətti ilə 10 milyon sərnişin daşınmışdı.
Faşizm üzərində qələbəyə böyük töhfə verən Azərbaycan dəmir yolları
İkinci Dünya müharibəsi zamanı Azərbaycan dövləti və xalqı bəşəriyyətin üzləşdiyi bu faciədən kənar olmadı. 1941–1945-ci illərdə Azərbaycan dəmir yolları ilə 600 mindən artıq neft və neft məhsulları ilə dolu olan sistern, 700 min vaqon yük cəbhəyə göndərildi. İkinci dünya müharibəsi qələbəsindən sonra SSRİ-də sənayeləşmə siyasəti ölkəmizdə də özünü göstərirdi. 1955-ci ildə Azərbaycan dəmir yolu SSRİ Yollar Nazirliyinin tərkibində müstəqil dəmir yolu statusu aldı. Azərbaycan polad magistralı öz fəaliyyəti dövründə bir neçə dəfə Zaqafqaziya Dəmir Yolunun tərkibinə daxil edilib, sonradan isə müstəqil dəmir yolu kimi fəaliyyət göstərib. O cümlədən Azərbaycan SSR Nazirlər Sovetinin 13 oktyabr 1955-ci il tarixli qərarı ilə Azərbaycan dəmir yolu SSRİ Yollar Nazirliyinin tərkibində müstəqil dəmir yolu kimi fəaliyyətini davam etdirib. Azərbaycan Prezidenti İlham Əliyev 7 oktyabr 2005-ci il tarixində “Dəmir yolu işçilərinin peşə bayramının təsis edilməsi haqqında” sərəncam imzaladı. Bu sərəncama əsasən Azərbaycan dəmir yolu işçilərinin peşə bayramı hər ilin məhz oktyabrın 13-ü qeyd edilir.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dəmir yollarında apardığı islahatlar
Ümummilli Lider Heydər Əliyevin 70-ci illərdə Azərbaycanda siyasi rəhbərliyi başlamasından sonra ölkəmizin iqtisadi və sənaye sahələrində olduğu ki, nəqliyyat sektorunda mühüm tədbirlər görülməyə başlandı. 1979-cu ildə Ağdam–Xankəndi dəmir yolu inşa olundu. Bu layihə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirildi. Dağlıq Qarabağın inkişafına hər zaman böyük diqqət yetirən Heydər Əliyev Qarabağ bölgələrinə dəmir yolu xətlərinin çəkilməsinə xüsusi əhəmiyyət verirdi. Bakı–Yevlax–Xankəndi dəmir yolunun açılması nəticəsində Qarabağın sosial-iqtisadi və mədəni inkişafı daha da sürətləndi, Qarabağın Bakı ilə əlaqələri daha da möhkəmləndi. 1990-cı illərin əvvəlində Ermənistanın təcavüzü nəticəsində bu xəttin Ağdam, Əsgəran və Xankəndi stansiyaları işğal edildi.
Ümumiyyətlə Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-2003-cü illəri Azərbaycan dəmir yollarının texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırmaq olar. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Azərbaycan dəmir yolu infrastrukturuna daxil olan mühüm obyektlərin böyük əksəriyyəti məhz həmin illərdə yaradılıb. Ulu Öndərin qayğısının nəticəsi olaraq dəmir yolunda baş verən yenilikləri sadalamaqla qurtarmaz. Məhz bu illərdə 14300 yeni texniki metod tətbiq edilmiş və bu, dəmir yolunun bütün sahələrini əhatə etmişdir. Ümummilli Liderin respublikaya ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə, istərsə də keçmiş SSRİ hökumətində yüksək vəzifə tutduğu 1983-1987-ci illərdə Azərbaycan dəmir yolu müasir texniki maşın-mexanizmlərlə və avadanlıqlarla təchiz olunmuşdur. Həmin illərdə Azərbaycanın yüzlərlə ən yaxşı dəmiryolçusu orden və medallarla təltif edilmişdir ki, bu da Ümummilli Lider tərəfindən dəmir yoluna və dəmiryolçulara göstərilən böyük qayğı və diqqətin təzahürlərindən biridir. Digər sahələrdə olduğu kimi, dəmir yolunda da rəhbər vəzifələrdə çalışan şəxslərin böyük əksəriyyəti məhz böyük siyasi xadim Heydər Əliyevin təşəbbüsü ilə 1970-1987-ci illərdə xaricdə təhsil almış mütəxəssislərdir.
Bunlar sadəcə xronologiya və adi faktlar deyil, böyük bir sistemin inkişaf strategiyasını müəyyən edən şərtlərdir. Tarix göstərdi ki, Ümummilli Liderin zamanında atdığı hər bir addım gələcəyə hesablanmış strategiyanın reallaşmasına yönəlmişdir.
Erməni işğalının dəmir yollarımıza vurduğu zərər
90-cı illərin əvvəlində torpaqlarımızın erməni separatçıları tərəfindən işğal olunması sahəsində Azərbaycanın bir çox sahələri kimi dəmiryolu sektoruda zərərsiz çıxmadı. Belə ki, erməni təcavüzü nəticəsində Azərbaycan dəmir yollarının mühüm hissəsi işğal altında qaldı. Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğalı nəticəsində iqtisadiyyatın digər sahələri kimi respublikanın dəmir yolu təsarrüfatına da külli miqdarda ziyan vurulub. Belə ki, infrastruktur və texnika ilə birlikdə 240 kilometrdən artıq dəmir yolu xətti işğal edilib. Culfa–Mincivan–Horadiz (o cümlədən Ermənistan ərazisindən keçən Mehri–Kərçivan) və Yevlax–Xankəndi dəmir yollarının fəaliyyəti dayandırıldı. Qeyd etmək lazımdır ki, Azərbaycan torpaqlarının müdafiəsinə dəmiryolçular öz layiqli töhfəsini verib. Yüzlərlə dəmiryolçu cəbhəyə yollanaraq düşmənlə üz-üzə vuruşub. Həmçinin dəmir yollarına məxsus sanitar qatarları yaralıları ən ağır cəbhə bölgələrindən çıxarır, onlara tibbi yardım göstərirdi.
Yenidənqurulan və müasirləşən Azərbaycan dəmir yolları
“Azərbaycan Dəmir Yolları” QSC Azərbaycan Prezidenti İlham Əliyevin 20 iyul 2009-cu il tarixli sərəncamı ilə dəmir yolu nəqliyyatı sisteminin inkişafının beynəlxalq standartlar səviyyəsinə çatdırılması məqsədilə yaradıldı. Ölkə başçısının 2010-cu il 6 iyul tarixli Sərəncamı ilə Dövlət Proqramı çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir həyata keçirildi, elektrik təchizatı, işarəvermə və rabitə təsərrüfatlarının yenidən qurulması istiqamətində intensiv iş aparıldı.
Bundan başqa “Stadler Rail Group”la əməkdaşlıq çərçivəsində 2015–2018-ci illərdə ölkədaxili və Abşeron dairəvi dəmir yolu xətti üzrə marşrutlarda istifadə edilməsi üçün sinfinin ən yaxşılarından olan elektrik qatarları alınıb.
2015-ci ildən etibarən Bakı–Sumqayıt–Bakı xətti üzrə müasir qatarlar istismara buraxılıb, 2017-ci ilin əvvəlinədək Abşeron dairəvi dəmir yolu xətti üzrə 200 km magistral dəmiryol xətləri təmir olunub, Bakı Dəmiryol Vağzalı yenidənqurmadan sonra tam yeni xidmət infrastrukturu ilə sakinlərin istifadəsinə verilib, Abşeron dairəvi dəmir yolu xəttində sərnişindaşıma xidmətini bərpa etmək üçün 110 kilometr uzunluğunda Bakı–Sabunçu–Pirşağı–Sumqayıt–Xırdalan–Biləcəri–Bakı xətti inşa olunub.
ADY-nin aktiv və birbaşa iştirakı ilə Bakı–Tbilisi–Qars (BTQ) dəmiryol xətti inşa edilib və 2017-ci ildə açılışı olub. 2017-ci ildə Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə verildi. Tikintisi 2007-ci il noyabrın 27-də başlayan Bakı–Tbilisi–Qars dəmir yolunun təntənəli açılışı 2017-ci il oktyabrın 30-da olub. Uzunluğu təxminən 850 kilometr olan dəmir yolunun 500 kilometrdən çoxu Azərbaycan ərazisindən keçir. Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol olan Bakı–Tbilisi–Qars xəttinin fəaliyyəti “Şərq–Qərb” nəqliyyat dəhlizində Azərbaycanın logistik imkanlarının artırılmasına gətirib çıxarıb. Artıq Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilən Bakı-Tbilisi-Qars dəmir yolu yerləşdiyi regionda sabitliyə və təhlükəsizliyə xidmət göstərir. Yaxın gələcəkdə Bakı–Tbilisi–Qars xətti ilə sərnişinlərin daşınmasına da start veriləcək.
2018–2020-ci illərdə Sumqayıt və Sabunçu dəmiryol vağzalları, həmçinin Zabrat-1, Məmmədli dayanacaqları, Zabrat-2 stansiyası yenidən qurularaq sakinlərin istifadəsinə verilib, 2019-cu ildə Abşeron dairəvi dəmir yolunun Sabunçu–Pirşağı xəttinin yenidənqurmadan sonra açılışı olub. 2020-ci il martın 18-də isə Pirşağı–Görədil–Novxanı–Sumqayıt hissəsinin açılışı ilə Abşeron dairəvi dəmir yolu xətti tam istismara verildi. Abşeron dairəvi dəmir yolu xəttinin istismar uzunluğu 91 kilometr, stansiya yolları ilə birlikdə ümumi uzunluğu isə 198 kilometrdir. Bu yol Bakının və Abşeron yarımadasının ən önəmli nəqliyyat layihələrindən birinə çevrildi.
2021-ci ildə Prezident İlham Əliyev Horadiz–Ağbənd və Bərdə–Ağdam dəmir yolu xətlərinin təməlini qoyub. Bir qədər sonra xətlərin layihələndirilməsi və tikintisinə başlanılıb.
2022–2023-cü illərdə Yeni Biləcəri və Yeni Gəncə lokomotiv depolarının tikintisi tamamlanıb, 2023-cü ildə Kür çayı üzərində ikinci yeni dəmir yolu körpüsü tikilib, Araz və Kür çayları üzərində dəmir yolu körpüləri əsaslı təmir edilib.
"Stadler" şirkətinə məxsus 10 yeni dizel və elektrik qatarı 2023-cü ilin sonları və 2024-cü il ərzində ölkəyə çatdırılaraq qatar parkına əlavə olunub. Yeni qatarların alınması ilə paralel olaraq 2023-cü ildə “Stadler Rail Group” şirkəti ilə Regional Servis Mərkəzinin yaradılması barədə müqavilə imzalanıb.
2023-cü ildə Bakı–Gəncə–Bakı marşrutu Ağstafayadək uzadılıb, həmin il Qovlar və Dəllərə, 2024-cü ildən isə Ləki və Ucara yenidən dayanacaq verilib.
2023-cü ilin noyabrından 164 kilometr uzunluğu olan Yevlax–Balakən sahəsində genişmiqyaslı təmir işləri aparıb, yararsız şpallar, relslər, bağlayıcılar dəyişdirilib, çatışmayan yol nişanları əlavə olunub. 2025-ci ildən Bakı–Balakən–Bakı istiqamətində müntəzəm qatar reyslərinə start verilib.
2023-cü ildə BMT-nin Qlobal Sazişinə üzv olmaqla ADY ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) sahələrini əhatə edən fəaliyyət proqramını daha da təkmilləşdirib, 2024-cü ildə ilk Dayanıqlılıq hesabatını təqdim edib.
Qeyd edək ki, iyunun 15-dən Bakı–Ağstafa–Bakı istiqamətində hərəkət edən sürətli qatarların marşrutunu Qazax stansiyasına qədər uzadıldı.
“Azərbaycan Dəmir Yolları” QSC və Mətbuat Şurasının “Azərbaycan Dəmir Yolları – 145 illik inkişaf yolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur.