Media subyektlərinin (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu, TV və radio) təmsilçiləri arasında “Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusunda araşdırma müsabiqəsinin təltifetmə tədbiri keçirilib.
Bizim.Media xəbər verir ki, təltifetmə mərasimi Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin təşəbbüsü və sponsorluğu, Azərbaycan Mətbuat Şurasının dəstəyi və Veysəloğlu Şirkətlər Qrupunun birgə təşkilatçılığı ilə baş tutub.
Mərasimin açılışına Azərbaycan Respublikasının Dövlət Himniylə start verillib. İlk olaraq çıxış edən Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin baş katibi Araz İmanov ticarət şəbəkələrinin ölkə iqtisadiyyatının inkişafında rolunu vurğulayıb.
Layihə rəhbəri Məhəmmədəli Qəribli isə çıxışında müsabiqənin keçirilmə mərhələlərindən danışıb.
O, bildirib ki, müsabiqəyə ümumi olaraq 54 yazı təqdim olunub. Yazıların qiymətləndirilməsində Qulu Məhərrəmli, Vüqar Zifəroğlu iqtisadi cəhətdən dəyərləndirilməsində isə Vüqar Bayramov, Natiq Cəfərli ekspert kimi iştirak edib. 19 nominasiya üzrə qaliblər elan olunub.
Daha sonra çıxış edən millət vəkili Azər Əmiraslanov tədbirin iqtisadi, analitik jurnalistikanın inkişafında əhəmiyyətindən, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid isə müsabiqənin araşdırma yazılarının inkişafında rolundan bəhs edib.
Tədbirdə ölkəmizdə pərakəndə sektorun inkişafına və Milli Mətbuatın 150 illiyinə həsr edilmiş videoçarxlar nümayiş olunub.
Sonda mükafatlandırma mərasimində hər 3 yer üzrə 3 nəfər qalib açıqlanıb. Onlar diplom və müvafiq olaraq pul mükafatıyla təltif olunublar.
Bizim.Media-nın əməkdaşı Surxay Atakişiyevin yazısı da müsabiqədə II yerə layiq görülüb.
Tədbirdən sonra Araz İmanov Bizim.Media-ya açıqlamasında bildirib ki müsabiqədə iştirak edən jurnalistlərin apardıqları araşdırmalar nəticəsində böyük ictimaiyyət ticarət şəbəkələrinin nə qədər vacib olduğunu anlayacaq.
“Oxuculara həm rəqəmlərlə, həm də beynəlxalq təcrübəylə bu məsələlərin nə qədər aktual olduğu çatdırılır”.
Nəzrin Mirzəyeva, Sadiq Məmmədov, Bizim.Media