Futbol üzrə Azərbaycan Kubokunun 2024/25 mövsümünün qalibi olmuş “Sabah” sağ cinah müdafiəçisi Şakir Seyidov ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Yarımmüdafiəçi ilə mövsümün sonunda başa çatmış müqavilənin müddəti artırılmayıb. Paytaxt təmsilçisi Seyidova kluba xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Şakir Seyidov “Sabah”ın yetirməsidir. O, geridə qalmış 2024/2025-ci illər mövsümdə 11 oyuna çıxsa da, fərqlənə bilməyib. 24 yaşlı futbolçunun paytaxt klubundakı ümumi statistikası 60 oyun, 2 qol və 2 məhsuldar ötürmədən ibarətdir.
“Sabah” Seyidovu vaxtilə “Turan Tovuz”a, “Kəpəz”ə və Latviyanın “Dauqavpils” klublarına da icarəyə verib.
Şakir Seyidov Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında çıxış etsə də, əsas millimizdə debüt şansı qazanmayıb.
Bu, “Sabah”da mövsümlərarası fasilə dönəmindəki ilk ayrılıqdır. Daha öncə paytaxt klubunun icarəyə verdiyi futbolçulardan Rüstəm Samiqullin (“Neftçi”), Fəxri Məmmədli və Rauf Rüstəmlinin (hər ikisi “Şamaxı”) “bayquşlar”ın düşərgəsinə qayıtdığı məlum idi.