Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7,25 faiz, faiz dəhlizinin aşağı həddi 6,25 faiz, faiz dəhlizinin yuxarı həddi isə 8,25 faiz səviyyəsində dəyişməz saxlanılıb.
İqtisadçı-ekspert Xalid Kərimli “Referans”-a açıqlamasında Mərkəzi Bankın bu qərarını dəyərləndirib.
“Mərkəzi Bank hesab edir ki, faiz dərəcəsi hazırki və proqnozlaşdırılan inflyasiya gözləntilərinə uyğundur. Buna görə də hələ ki gözləmək qərarındadır. Düzdür, ərzaq inflyasiyası yüksəkdir – 7,6 faiz, qeyri-ərzaq inflyasiyası isə 2,7 faiz, ümumi inflyasiya isə 6,3 faiz təşkil edir. Mərkəzi Bank hesab edir ki, 6,3 faiz olan ümumi inflyasiya tezliklə 6-dan da aşağı düşəcək. Mərkəzi Bank il ərzində ümumi inflyasiyanı 5,5 faiz gözləyir. Məhz buna görə də faiz dərəcələrini dəyişməyə tələsmir”.
Ekspert qeyd edib ki, dünya üzərində faiz dərəcələri inflyasiya sürətləndikdə artırılır. Lakin dərəcənin artırılması iqtisadi aktivliyə də mənfi təsir göstərir.
“Ümumilikdə, dünya ölkələri sürətlənmiş inflyasiyanı cilovlamaq məqsədilə faiz dərəcəsini artırır. Amma faiz dərəcəsinin artması həm də gəlirli kreditlərin faizlərini artırır, iqtisadi aktivliyə də neqativ təsir edir. İnflyasiya gözləntiləri aşağı düşdükcə isə faiz dərəcəsi endirilir. Mərkəzi Bank faiz dərəcələrini aşağı salmaqla iqtisadiyyatı canlandırmağa çalışır. Azərbaycanda Mərkəzi Bankın hədəf inflyasiyası 4±2-dir. Yəni inflyasiyanın 2 faizdən yuxarı və 6 faizdən aşağı olmasını istəyir. 4 faiz isə ideal inflyasiya hədəfi olaraq müəyyənləşdirilib. Hazırda inflyasiya 6-dan yuxarıdır. Buna görə də faiz dərəcəsinin endirilməsi planlanmır, artırmaq üçün isə əsas yoxdur. Baza və aylıq inflyasiyaya nəzər salaraq hesab edirlər ki, ilboyu, xüsusən də ilin ikinci yarısında inflyasiya aşağı düşəcək”.
Fidan Vəlisoy