Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) yalnız coğrafi məkan deyil, eyni zamanda mədəniyyətlərarası dialoq və dayanıqlı inkişaf baxımından böyük əhəmiyyət kəsb edir.
“Report” xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Bakıda keçirilən “Orta Dəhliz 360°: Geosiyasətdən Rəqəmsal Transformasiyaya, Ailədən Yaşıl İnkişafa” mövzusunda tədbirdə bildirib.
"Orta Dəhliz yalnız nəqliyyat marşrutu deyil, bütöv bir ekosistemdir. Biz ona 360 dərəcəlik baxış bucağından yanaşmalıyıq. Bu yanaşma geopolitikadan tutmuş rəqəmsal transformasiyaya, ailə və yaşlıların inkişafına qədər bir çox məsələləri əhatə edir. Orta Dəhliz həm də sosial-iqtisadi, sivilizasiyalararası və mədəniyyətlərin sintez olunduğu bir məkandır. Bu mənada bu dəhlizi yalnız tranzit marşrutu kimi deyil, geniş bir ekosistem kimi dərk etməliyik", - deyə o qeyd edib.