AZ

Onun şirniyyatları üçün növbəyə dururlar - Fransada məşhur olan şirniyyatçının uğur hekayəsi

Dünyada minlərlə insan eyni sahədə çalışır. Minlərlə aşpaz, müəllim, yazıçı, şirniyyatçı var. Amma onlardan yalnız az bir qismi seçilir, fərqlənir və yadda qalır. Çünki tanınmaq üçün yalnız peşəkar olmaq kifayət etmir – fərqlilik, baxış bucağı, yaradıcılıq və duyğu qatmaq bacarığı insanı digərlərindən ayıran əsas xüsusiyyətlərdəndir. Şirniyyat sənətində bu fərqi yaradan adlardan biri də Sedrik Groledir.

Valyuta.az desert sənətinin ən parlaq simalarından biri olan Sedrik Grole-in hekayəsini təqdim edir.

1985-ci ildə Fransanın Firmini şəhərində anadan olan Grole uşaq yaşlarından kulinariyaya maraq göstərib. Təhsilini ölkənin aparıcı otelçilik və kulinariya məktəblərində alıb, ilk peşəkar təcrübəsini isə məşhur “Fauchon” şirniyyat evində qazanıb. Lakin onun dünya miqyasında tanınması “Le Meurice” otelindəki fəaliyyəti ilə başlayır. Burada məşhur aşpaz Alen Dükasla birlikdə çalışaraq qısa müddətdə şirniyyat bölməsinin rəhbəri olur. Bu mərhələdən sonra isə hər şey dəyişir.

Yalnız dad yox, vizuallığın önəmini bilirdi

Grole-in ən böyük fərqi desertlərə yanaşmasındadır. Onun şirniyyatları sadəcə dadlı deyil, həm də vizual və hissiyyat baxımından incəsənət əsəri kimi təqdim olunur. Ən çox tanınan işlərindən biri meyvə formalı desertlərdir. Bu desertlər o qədər real görünür ki, kənardan baxanda onların şirniyyat olduğunu ayırd etmək mümkün deyil. Əslində isə həmin “meyvələrin” içində mürəkkəb qatlı mus (içində hava olan, çox yüngül, adətən çırpılmış krem və ya yumurta ağı ilə hazırlanan, şirin və ya bəzən duzlu ola bilən kremvari bir qarışım), krem və teksturalar gizlənir. Bu yanaşma ona qısa zamanda dünya şöhrəti qazandırır.

Texniki dəqiqlik və sadəlik arasında harmoniya

Grole-in şirniyyat fəlsəfəsi yalnız görünüşlə məhdudlaşmır. O, texniki baxımdan da yüksək dəqiqliklə işləyir. Klassik Fransız texnikalarını mükəmməl bilən şirniyyatçı həm də molekulyar qastronomiya elementlərini tətbiq edir. Desertlərində artıq şəkərdən istifadə etmir, təbii meyvə dadını ön plana çıxarır. Nəticədə ortaya çıxan məhsul şirin, lakin ağır olmayan; mürəkkəb, lakin balanslı desertdir.

Onun işlərini fərqləndirən əsas cəhətlərdən biri də minimalizmdir. Ən sadə görünən desert belə saatlarla texniki hazırlıq tələb edir. Rəng harmoniyası, forma mükəmməlliyi və dad balansı Grole-in desertlərini vizual və kulinariya baxımından unikal edir. Bu da onun işlərini təkcə mətbəxdə yox, sosial mediada da məşhurlaşdırıb. “İnstagram” onun üçün yalnız reklam aləti deyil, desertlərini sənət əsəri kimi təqdim etdiyi bir platformadır. Qısa videolar, açılış anları, iç qatların göstərilməsi – bu detallar onu gənc nəsil arasında kult fiqura çevirib.

Mükafatlar və beynəlxalq uğur

2018-ci ildə Sedrik Grole “World’s Best Pastry Chef” mükafatına layiq görülüb. Bundan əlavə, “Parisdə ilin ən yaxşı şirniyyatçısı” və “ən yaxşı şirniyyat mağazası” kimi titullar da onun adına yazılıb. Hazırda Paris, London və Sinqapurda yerləşən “Pâtisserie Cédric Grolet” mağazaları lüks qastronomiyanın əsas ünvanlarından sayılır.

Qiyməti ilə sənət dəyəri arasında tarazlıq

Onun desertləri sadəcə dadlı deyil, həm də qiymətinə görə xüsusi seqmentdə yerləşir. Grole-in Paris, London və Sinqapurdakı mağazalarında bir ədəd desertin qiyməti 17–25 avro aralığındadır. Əgər desert xüsusi dizaynla, mövsümə özəl və ya limitli buraxılışla hazırlanıbsa, qiymət 30–40 avro civarında olur. Premium “degustation box”lar isə 100 avro və daha yuxarı qiymətə təklif olunur. Buna baxmayaraq, alıcı çatışmazlığı yoxdur – əksinə, bu desertlər üçün növbəyə duranlar Paris küçələrində hər gün müşahidə olunur.

Canlı mətbəx və təcrübə marketinqi

Grole-in mağazalarının daha bir fərqli cəhəti şəffaf mətbəx vitrini ilə bağlıdır. Müştərilər desertlərin necə hazırlandığını canlı izləyə bilirlər. Şokoladın cilalanması, musun qəlibə tökülməsi, meyvə formasının verilməsi — bütün bu mərhələlər əsl sənət nümayişinə çevrilir. Bu, sadəcə satış üsulu deyil, eyni zamanda unudulmaz vizual və emosional təcrübədir. Turistlər, kulinariya tələbələri və məzmun yaradıcıları bu prosesi izləmək üçün məkana üz tutur, fotolar və videolarla sosial mediada paylaşırlar.

Sərvanə Rəmixanova

Seçilən
42
valyuta.az

1Mənbələr