Tramp administrasiyası qeyri-qanuni miqrantları bu gündən ABŞ-ın Quantanamodakı hərbi bazasına göndərilməsinə başlamağı planlaşdırır.
AzPost amerikan mediasına istinadən bildirir ki, saxlanılanların mənşə ölkələrinə deportasiya edilənə qədər orada müvəqqəti saxlanması gözlənilir. Rəsmi səbəb kimi ABŞ-dakı təcridxanalarda yerlərin boşaldılması zərurəti göstərilir. Lakin qeyd edilir ki, Quantanamodan istifadə həm də ABŞ-a qeyri-qanuni immiqrasiyanın qarşısını almaq üçün əlavə siqnal rolunu oynayacaq.
Söhbət müxtəlif ölkələrin, o cümlədən Avropa ölkələrinin – Böyük Britaniya, İtaliya, Fransa, Almaniya, İrlandiya, Belçika, Hollandiya, Litva, Polşa, Türkiyə, Ukrayna, Rusiya, Rumıniya, eləcə də dünyanın digər yerlərinin vətəndaşlarından gedir.
ABŞ mediası bildirir ki, plan bəzi ABŞ diplomatlarını təşvişə salıb. Onlar qeyd edirlər ki, əksər Avropa ölkələri deportasiya edilənlərin geri alınmasında ABŞ-ın müttəfiqləridir və insanların Quantanamoya göndərilməsinə ehtiyac yoxdur.
Avropa ilə məşğul olan Dövlət Departamentinin rəsmiləri Daxili Təhlükəsizlik Departamentini plandan əl çəkməyə inandırmağa çalışırlar.