AZ

Beynəlxalq Qızıl Xaç cəsədlərin qaytarılmasında rol oynadı- Ukrayna

BAKI, TurkicWorld

İstanbul razılaşmasına əsasən Ukraynaya 1212 əsgərin cəsədi təhvil verilib.

TurkicWorld xəbər verir ki, iyunun 2-də İstanbulda keçirilən danışıqlarda əldə olunan razılaşma çərçivəsində Rusiya tərəfi müharibədə həlak olan 1212 ukraynalı əsgərin cəsədini Ukraynaya təhvil verib.

Ukraynalı Əsirlərin Müalicə Koordinasiya Mərkəzinin Telegram hesabında yayılan açıqlamaya görə, cəsədlər Xarkov, Luqansk, Donetsk, Zaporojya, Xerson və Kursk vilayətlərində baş verən döyüşlərdə həlak olan əsgərlərə aiddir. Cəsədlərin geri qaytarılmasında Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) və Ukraynanın aidiyyəti qurumlarının mühüm rolu olub. Bildirilib ki, əsgərlərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar dərhal başlayacaq.

Qeyd edək ki, Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski Ukraynanı razılaşmalara əməl etməyə çağırıb. O bildirib ki, iyunun 2-də İstanbulda aparılan birbaşa danışıqlarda 6 min Ukrayna əsgərinin cəsədinin qaytarılması, eləcə də ağır yaralı və xəstə əsgərlərin, 25 yaşdan aşağı əsirlərin dəyişdirilməsi ilə bağlı razılıq əldə olunub.

“Rusiya razılaşmaların icrasına start verib. Artıq 1212 cəsəd soyuducu nəqliyyat vasitələri ilə mübadilə sahəsinə çatdırılıb, qalanları yoldadır. Həmçinin mübadilə üçün 640 nəfərlik ilk siyahı – ağır xəstə və 25 yaşdan kiçik əsirlər – Ukrayna tərəfinə təqdim olunub.” - deyə Medinski əlavə edib.

Bu razılaşma çərçivəsində iyunun 9 və 10-da iki mərhələli əsir mübadiləsi həyata keçirilib.

Seçilən
17
turkic.world

1Mənbələr