AZ

“Məktəblər reket jurnalistika ilə əməkdaşlıq edir” – Müəllimə üzük verilməsi deputatları qarşı-qarşıya gətirdi

Bölgələrdən birində müəllimə üzük bağışlanması və s. hadisələr olub.

Heftelik.az-ın məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlara təklif edilən dəyişikliklərin müzakirəsində deputat Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, mətbu orqanlar müəllimin nüfuzunu qorumalıdırlar: “Bu gün bizim cəmiyyət müəllimə yüklənib, davamlı olaraq müəllim hədəfə alınır, bu, müəllimin psixoloji durumuna da təsir edir. Müəllim rüşvət almamalıdır, qaydaları pozmamalıdır. Son hadisə bir daha göstərdi ki, bəzi təşəbbüslər valideynlər tərəfindən olur. Valideynlər də bu təşəbbüslərdən uzaq olmalıdır. Biz heç bir neqativin olmasını istəmirik. Amma neqativ hal tək məktəbdədirmi? Bu cür müzakirələr mənfi nəticələrə aparır”.

Deputat Elçin Mirzəbəyli isə həmkarının mövqeyi ilə razılaşmayıb və məktəblərin, xüsusilə regionlardakı məktəblərin reket jurnalistika ilə əməkdaşlıq etdiyini söyləyib: “Məsələnin təhsil tərəfindən olan baxış bucağından danışırıqsa, media tərəfinə də paralel şəkildə yanaşmalıyıq. Problem həm də müxtəlif məktəblərin özündə qaynaqlanır. Son hadisə ilə bağlı həmin o videonu heç bir media nümayəndəsi çəkməyib, prosesin içində iştirak edən insanlar çəkib və paylaşıblar. Bu məsələyə görə onlar hüquqi məsuliyyət daşıyırlar. Biz bu məsələnin hüquqi cəhətdən həlli istiqamətində hansısa addımların atılmasına səy göstərmişikmi? Yəni media tərəfindən sadəcə, mövcud olan hadisə üzə çıxıb. Məsələnin hüquqi tərəfləri də var. Bu neqativ hadisələrin baş verməsi istiqamətində hansı hüquqi addımlar atılıb? Yəni mən onun tərəfdarıyam ki, media neqativ hallara yol verirsə, şübhəsiz ki, qanunvericilik çərçivəsində medianın fəaliyyətinin tənzimlənməsi istiqamətində konkret addımlar atılsın. Amma reket jurnalistikanı yemləyən regionlardakı həmin o şəxslər, məktəb direktorlarıdır. Ona görə də məsələyə hər iki kontekstdən yanaşmaq lazımdır”.

 

 

 

Seçilən
27
5
heftelik.az

6Mənbələr