AZ

Türk dövlətləri ilə Şimali Kipr arasında əməkdaşlığın inkişafı üçün konfrans keçirmək təklif olunur

Türk dövlətləri ilə Şimali Kipr arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və potensial əməkdaşlıq modellərinin təhlili məqsədilə geniş tərkibli bir konfransın keçirilməsi təklif edilir.

Bunu “Report”a açıqlamasında Şimali Kipr Türk Sənaye Palatasının Baş katibi Erçin Tekakpınar bildirib.

Onun sözlərinə görə, müzakirələr Şimali Kiprdə keçirilə bilər: "Bu formatda keçiriləcək müzakirələr, qarşılıqlı iqtisadi əlaqələrin institusional çərçivədə inkişafına töhfə verə bilər".

E.Tekakpınar Türk dövlətləri arasında əməkdaşlığın dərinləşdirilməsinin zəruriliyini vurğulayıb.

Onun sözlərinə görə, hazırda türk dövlətləri arasında təxminən 200 milyard ABŞ dolları dəyərində illik ticarət dövriyyəsi mövcuddur, lakin Şimali Kipr bundan kənarda qalıb: “Bu, düşündürücü haldır. Biz də bu sistemin bir parçası olmalıyıq. Türk dövlətlərinin bizi tanıması və bilməsi vacibdir”.

Baş katib hesab edir ki, Azərbaycanla Şimali Kipr arasında əməkdaşlıq təkcə ticarət sahəsi ilə məhdudlaşmamalı, eyni zamanda turizm və tikinti sahələrində də genişlənməlidir: “Bu münasibətlər qarşılıqlı hörmət və dəstək prinsiplərinə əsaslanır".

E.Tekakpınarın sözlərinə görə, hazırda azərbaycanlılar Şimali Kiprdə inşaat və ticarət sahələrində fəal şəkildə iştirak edirlər, eyni zamanda yüzlərlə azərbaycanlı tələbə Şimali Kiprin ali təhsil müəssisələrində təhsil alır: "Bu isə yalnız iqtisadi deyil, eyni zamanda mədəni yaxınlıq baxımından da əməkdaşlıq imkanı yaradır”.

O, Şimali Kiprin növbəti illər üçün hədəflərini açıqlayıb: “Cümhuriyyətin iqtisadi strategiyasının mərkəzində istehsal və ixracın artırılması dayanır. Hazırda Şimali Kiprin illik ixrac potensialı təxminən 200 milyon ABŞ dolları təşkil edir, lakin bunun müqabilində 3 milyard türk lirəsi dəyərində idxal mövcuddur. Bu isə xarici ticarət üzrə ciddi disbalansın olduğunu göstərir. Orta və uzunmüddətli strateji məqsəd ixracın idxalı qarşılama nisbətini 15-20 %-ə çatdırmaqdır. Bu məqsədə çatmaq üçün, Türk dövlətləri ilə iqtisadi əməkdaşlıq əhəmiyyətli rol oynaya bilər”.

Şimali Kipr Türk Sənaye Palatasını (Kıbrıs Türk Sanayi Odası) 1977-ci ildə bir qrup sənayeçi təsis edib. Palatanın əsas məqsədi sənaye sektorunu müstəqil bir platformada təmsil etmək və onun inkişafını təşviq etməkdir. 900 üzvü olan qurum Şimali Kiprdə sənayenin inkişafında mühüm rol oynayır. Palata yalnız daxili bazara deyil, həm də ixracyönümlü istehsalın inkişafına yönəlmiş fəaliyyətlər həyata keçirir eyni zamanda, sertifikatlaşdırma, təhsil proqramları və beynəlxalq əməkdaşlıq layihələri ilə yerli istehsalçılara dəstək verir.

Seçilən
5
report.az

1Mənbələr