AZ

“Telefonu kənara qoy, balın artsın” - Uğurlu abituriyentlərin ortaq SİRRİ

Yüksək bal toplayan abituriyentlərin müəyyən qismi ali məktəbə hazırlaşdıqları dövrdə ya ümumiyyətlə smartfondan istifadə etmədiklərini, ya da istifadəsini minimuma endirdiklərini bildirirlər.

 

Bəs smartfonlardan istifadə şagirdlərin dərsə fokuslanmasına, zehni intizamına və nəticədə qəbul imtahanındakı göstəricilərinə nə dərəcədə mənfi təsir göstərir?

 

AzEdu.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib ki, smartfon istifadəsi ilə şagirdlərin dərsə diqqət yetirmə qabiliyyəti, zehni intizamı və nəticədə əldə etdiyi göstəricilər arasında birbaşa əlaqə çoxsaylı yerli və beynəlxalq tədqiqatlarla sübut olunub:

 

“Texnologiyanın təhsil prosesinə inteqrasiyası artıq qaçılmazdır. Lakin smartfonların məqsədsiz, nəzarətsiz və daimi istifadəsi abituriyentlər üçün ciddi psixoloji, davranış və nəticə baxımından mənfi təsirlər yaradır. Əvvəla, burada diqqətin yayılması problemi ortaya çıxır. Məşhur psixoloq Daniel Golemanın araşdırmaları göstərir ki, sosial media bildirişləri və davamlı texnoloji stimullar insan beyninin ‘dərin fokus’ rejiminə keçməsini çətinləşdirir. Harvard Universitetində aparılan bir araşdırmaya görə, telefon yanımızda olduqda – istifadə edilməsə belə – yaddaş və diqqət səviyyəsi 20-25% azalır”.

 

Ekspertin sözlərinə görə bu təsir xüsusilə qəbul imtahanlarına hazırlaşan gənclər üçün daha təhlükəlidir:

 

“Bu mərhələdə konsentrasiya, zehni davamlılıq və intizam əsas rol oynayır. Dövlət İmtahan Mərkəzinin 2024-cü il məlumatlarına görə, 600-dən yuxarı bal toplayan abituriyentlərin 73%-i şəxsi intizam və planlı təkrarlara üstünlük verdiyini, 58%-i isə ya smartfondan ümumiyyətlə istifadə etmədiyini, ya da minimum səviyyədə istifadə etdiyini qeyd edib. Bu faktlar da onu göstərir ki, məsələ texnologiyanın mövcudluğunda deyil, onun istifadə formasındadır. Bu cihazlar dopamin sisteminə təsir göstərir. Dərs oxumaq kimi səy tələb edən fəaliyyətlər əvəzində şagirdlər ani ləzzət verən videolara, oyunlara, sosial media interaksiyalarına üstünlük verirlər. Bu isə uzunmüddətli motivasiyanın və marağın azalmasına səbəb olur”.

 

Əsədov bu məsələyə qanunvericiliyin də müəyyən reaksiya verdiyini vurğulayır. Belə ki, “Ümumi təhsil haqqında” Qanunun 22-ci maddəsinə əsasən, məktəblərdə mobil telefon istifadəsi daxili nizamnamələrlə tənzimlənir. Hazırda bir çox məktəbdə mobil telefonlar ya qadağan edilir, ya da məhdudlaşdırılır. Amma ev mühitində bu məsuliyyət valideynin üzərinə düşür:

 

“Təəssüf ki, bəzi valideynlər texnologiyanın uşağa təsiri barədə kifayət qədər məlumatlı deyillər və yönləndirici rol oynamırlar”.

 

Beynəlxalq nümunələrə də toxunan Kamran Əsədov bildirir ki, Fransa 2018-ci ildən etibarən məktəblərdə 15 yaşa qədər şagirdlər üçün mobil telefon istifadəsini tam qadağan edib:

 

"Oxşar məhdudiyyətlər İsveç və Finlandiyada da tətbiq olunur və bu ölkələrdə təhsil göstəricilərinin artdığı müşahidə edilib. ABŞ-da isə bəzi ştatlarda məktəbdə smartfondan istifadə test nəticələrinin 6-10% azalmasına səbəb olub. Yüksək nəticə göstərən bəzi abituriyentlər "Pomodoro" texnikası, "Quizlet" və "Notion" kimi tətbiqlərlə daha effektiv öyrənmə sistemləri qurduqlarını bildiriblər. Bu onu göstərir ki, smartfonun özü düşmən deyil. Problem ondan necə istifadə olunduğundadır. Valideynlər və müəllimlər bu problemi yalnız qadağalarla deyil, maarifləndirmə və düzgün davranış modelləri ilə həll etməlidirlərƏgər şagird texnologiyadan məqsədli və şüurlu şəkildə istifadə etməyi öyrənərsə, bu alət onun uğuruna xidmət edə bilər”.

Seçilən
47
azedu.az

1Mənbələr