Naftalan, 11 iyun, Elcan Məmmədov, AZƏRTAC
Naftalanda turizm xidmətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə hotel və müalicə mərkəzlərində növbəti rəy sorğusu keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan, rus və ingilis dillərində hazırlanmış sorğunun keçirilməsi xidmət səviyyəsinin müəyyən edilməsi və yaxşılaşdırılması məqsədi daşıyır. Həmçinin, bu sorğu şəhərin turizm potensialının güclü və zəif tərəflərini təhlil etməyə imkan verir.
Sorğuya qatılanların 53 faizi yerli, 47 faizi isə xarici turistlər olub. Xarici qonaqlar arasında ilk üçlükdə MDB ölkələrindən - Rusiya, Özbəkistan və Qazaxıstandan olan turistlər üstünlük təşkil edir. Sorğunun nəticələrinə əsasən məlum olub ki, Naftalanda yaz-yay fəsillərində havanın mülayim olması ilə əlaqədar 80 faiz turist buraya müalicə və istirahət üçün üz tutur. Turistlər əsasən dayaq-hərəkət, revmatik, uroloji və digər xəstəliklərdən əziyyət çəkənlərdir.
Turistlərin 72 faizi şəhərdə rahat hərəkət etmək üçün sakinlərin köməyindən, digərləri isə hotelin əməkdaşlarının yardımından, istiqamətverici lövhələrdən, mobil tətbiq və internetdən istifadə edir. Sorğunun nəticəsindən aydın olub ki, bu gün beynəlxalq turizm mərkəzi olan Naftalan yerli və xarici qonaqlarda xoş təəssürat yaradıb. Belə ki, şəhərin abad, təmiz və səliqəli saxlanılması sualını 94 faiz turist əla və yaxşı olaraq qiymətləndirib.