Bakı, 11 iyun, AZƏRTAC
Artıq inkişaf edən dünya iqtisadiyyatında “Orta Dəhliz” adlı bir reallıq var. İstehsal edən bir Çin var və o, istehsal etdiyi məhsulları dünya bazarlarına çıxarmaq üçün müxtəlif yollar axtarır. Təkcə dəniz yolu, şimal yolu ilə yox, bu gün bizim üzərində çalışdığımız Orta Dəhliz vasitəsilə də məhsullarını Avropa və dünya bazarlarına çıxarmaq istəyir. Həqiqətən də apardığımız təhlil və araşdırmalara əsasən, Çinlə Avropa arasında ən qısa və ən təhlükəsiz yol Türk Dövlətləri Təşkilatının üzv ölkələri üzərindən keçir. Ölkələrimiz bu günə qədər bu sahəyə çox ciddi sərmayələr yatırıb.
AZƏRTAC xəbər verir ki, bu fikirləri TDT baş katibinin müavini Ömər Kocaman Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclası çərçivəsində təşkil edilən “Orta Dəhliz 360°: Geosiyasətdən rəqəmsal transformasiyaya, ailədən yaşıl inkişafa” adlı yan tədbirdə deyib.
O bildirib ki, Orta Dəhlizə yalnız iqtisadi-ticarət marşrutu kimi deyil, fərqli çərçivə və perspektivlərdən, müxtəlif baxış bucağından da yanaşmaq lazımdır.
“Orta Dəhliz yalnız dünya ticarətinə təkan vermir, həm də mədəniyyətlərarası dialoqa və bu gün qarşılaşdığımız qlobal problemlərin həllinə ölkələrimizin verə biləcəyi töhfələri ortaya qoyur. Bu məsələlərin başında təbii ki, ailə gəlir. Ailə institutu bu gün ciddi təhdidlər qarşısındadır. Bu məsələlərlə bağlı ölkələrimizin çox ciddi siyasətləri var. Birgə proqram və layihələrlə ortaq strategiyalar da formalaşdıracağıq. Ola bilər ki, Orta Dəhlizdə təşkilata üzv olmayan ölkələr də var və gələcəkdə onları da bu işlərə cəlb edəcəyik. Belə sosial məsuliyyət yönümlü proqram və layihələrdə onlarla da əməkdaşlıq edə bilərik. Cəmiyyətlərin, millətlərin, bəşəriyyətin inkişafında ən önəmli hissə olan ailə institutunun qorunması, bizi biz edən dəyərlərin, keçmişdən bu günə daşıdığımız və gələcəyə aparacaq olan ənənəvi dəyərlərin qorunması istiqamətində birgə proqram və layihələrlə işlər görəcəyik”, - deyə Ö.Kocaman əlavə edib.