AZ

Elnur Soltanov: “Enerji resurslarımızı türk dünyası üçün dəyərə çevirmişik”

Azərbaycan enerji resurslarını türk dünyası üçün dəyərə çevirib.

“Report” xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Bakıda keçirilən “Orta Dəhliz 360°: Geosiyasətdən Rəqəmsal Transformasiyaya, Ailədən Yaşıl İnkişafa” mövzusunda tədbirdə bildirib.

Nazir müavini vurğulayıb ki, Türk dünyası olmadan dünya tarixini və sivilizasiyaların inkişafını tam başa düşmək mümkün deyil.

Onun sözlərinə görə, Azərbaycan XIX əsrin sonlarında neft inqilabının önündə olsa da, həmin dövrdə müstəqil deyildi: “İkinci müstəqillik dövründə isə biz bu sərvətlərdən çox ağıllı şəkildə istifadə edərək müstəqilliyimizi möhkəmləndirdik və torpaqlarımızı işğaldan azad etdik”.

Nazir müavini bildirib ki, Azərbaycanın bu uğurları Türkiyə ilə əməkdaşlıq nəticəsində mümkün olub: “Bu strategiyanın həyata keçməsi Türkiyə ilə birlikdə baş tutub. Qardaşlıq iqtisadi münasibətlərlə möhkəmlənib. Biz bu xətti yaratdıq və müstəqilliyimizlə enerji resurslarımızı Türk dünyası üçün dəyərə çevirdik”.

O, əlavə edib ki, Azərbaycan öz coğrafi miqyasına görə dünyada təkbaşına rəqabət aparacaq qədər böyük deyil və bu, digər türk ölkələrinə də aiddir: “Azərbaycan bugünkü dünyada rəqabət edə bilməyəcək qədər kiçik coğrafiyaya malikdir. Eyni sözlər Qazaxıstan və Türkiyə üçün də keçərlidir. Bu səbəbdən, biz türk dünyası olaraq birlikdə miqyas yaratmalıyıq”.

E.Soltanovun fikrincə, süni intellekt və “yaşıl enerji” kimi yeni texnologiyalar Türk dünyası üçün unikal imkanlar açır: “Biz dünya enerji istehsalının 1 %-nin yarısını istehsal etsək də, bu resursları ən effektiv şəkildə dəyərə çevirən ölkələrdən biri olmuşuq. Qarabağ müharibəsində də az resursla strateji uğura imza atdıq”.

Nazir müavini vurğulayıb ki, Türk xalqları tarix boyu resursu az, amma idarəetmə qabiliyyəti yüksək olan toplumlar olub.

Seçilən
67
report.az

1Mənbələr