Son illərdə Azərbaycanın əmək bazarında müsbət dəyişikliklər müşahidə olunur. Metbuat.az Dövlət Statistika Komitəsinin saytına əsasən xəbər verir ki, 2025-ci il yanvarın 1-i vəziyyətinə ilkin məlumatlara görə, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 312,1 min nəfərə çatıb. Bu rəqəm 2023-cü illə müqayisədə 62,4 min nəfər artım deməkdir. Belə ki, 2023-cü ildə işçi qüvvəsinin sayı 5 milyon 249,7 min nəfər idi. İqtisadi fəal əhalinin böyük hissəsi məşğul əhali təşkil edir. 2025-ci ilin əvvəlində məşğul əhalinin sayı 5 milyon 29,8 min nəfərə yüksəlib ki, bu da 2023-cü ilin göstəricisindən (4 milyon 963,3 min nəfər) 66,5 min nəfər çoxdur. Rəqəmlərə əsasən, ölkədə işsiz əhalinin sayı azalmağa davam edir. 2025-ci il yanvarın 1-i vəziyyətinə bu rəqəm 282,3 min nəfər təşkil edir. Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə işsiz əhalinin sayı 286,4 min nəfər idi. Bu da işsizlik səviyyəsinin müsbət dinamikasını əks etdirir. Ümumi işsizlik səviyyəsi 2025-ci ilin əvvəlinə 5.3% səviyyəsində qalıb. 2010-cu ildə dövlət sektorunda çalışanların xüsusi çəkisi məşğul əhalinin 26,4 faizini təşkil etdiyi halda, 2023-cü ildə bu göstərici 21,4 faizə enib. Eyni dövrdə qeyri-dövlət sektorunda işləyənlərin sayı 1,2 dəfə artıb. Bu, özəl sektorun inkişafının və iqtisadiyyatda onun rolunun güclənməsinin bariz nümunəsidir.Muzdla çalışan işçilərin sayı da artım tendensiyasını davam etdirir. 2024-cü ilin dekabrın 1-i vəziyyətinə Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 milyon 775,3 min nəfər olub. Bu rəqəm 2023-cü ildəki 1 milyon 745,5 min nəfərdən daha yüksəkdir. Muzdla işləyənlərin əksəriyyəti iri və orta müəssisələrdə fəaliyyət göstərir. Əməkhaqqı göstəriciləri də müsbət dəyişiklikləri əks etdirir. 2010-2023-cü illər ərzində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2,8 dəfə artaraq 933,9 manata çatıb. 2025-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 10% artaraq 1084 manat təşkil edib. Bu rəqəm artıq 2025-ci ilin ilk rübü üzrə faktiki məlumatdır. Həmçinin, yanvar ayında bu göstərici 1062,9 manat olub (12,8% artım).