ABŞ-da mühacirlərin Guantanamo həbsxanasına göndəriləcəyi ilə bağlı yayılan məlumatlar rəsmilər tərəfindən təkzib olunub.
Musavat.com xəbər verir ki, Məsələ ilə bağlı açıqlama verən Ağ Evin sözçüsü Kərrolayn Livitt, şəxsi “X” (keçmiş Twitter) hesabında The Washington Post nəşrinin bu barədə dərc etdiyi məqaləyə münasibət bildirib.
Sözügedən məqalədə iddia olunurdu ki, ABŞ prezidenti Donald Trampın administrasiyası miqrantların, o cümlədən ukraynalıların Kuba ərazisində yerləşən Guantanamo həbsxanasına göndərilməsi imkanını nəzərdən keçirir.
Lakin Livitt bu iddianı qəti şəkildə rədd edib:
“Bu yazı – saxta xəbərdir. Belə bir şey baş verməyəcək.”
Guantanamo ABŞ-ın xarici ərazidə yerləşən ən mübahisəli həbsxanalarından biri kimi tanınır. Burada uzun illərdir hərbi əsirlər və terrorçuluqda ittiham olunan şəxslər saxlanılır. Mühacirlərlə bağlı bu həbsxananın adı çəkilməsi ABŞ daxilində də ciddi rezonans doğurub.
Ağ Evdən verilən bu sərt təkzib məsələ ətrafında yayılan iddialara son qoymaq məqsədi daşıyır.
Musavat.com