AZ

Qarabağ müharibəsində itkin düşmüş leytenant-cərrah - 13 nəfəri xilas etdi və...


Sayyad Həsənova: “Qəribin sağ olmasından ümidim kəsilib, heç olmasa qalıqları tapılaydı, bir məzarı olaydı”

Yollar yorğunu gözlər, dilsiz-ağızsız gözlər, sual dolu baxışlar ağlamağı peşə edən anaların, bacıların, balaların, vəfalı ömür-gün yoldaşlarının gözləridir. Yüzlərlə qadının, yüzlərlə ananın, yüzlərlə körpənin ümidini qırdı yollar, gedənləri qaytarmadı heç vaxt. Kiminin tabutu gəldi, kiminin də itkin sorağı, bütün xəbərlərin adı “qara xəbər” oldu.

Birinci Qarabağ müharibəsində itkin düşən leytenant rütbəli həkim-cərrah Həsənov Qərib Müzəffər oğlunun 33 ildir ki, həyat yoldaşı, bir yaş üç aylığında qoyub getdiyi Aytacı, heç vaxt üzünü görmədiyi Ümidəsi yolunu gözləyir. Ümidi üzülüb onların, ağlamaqdan gözlərinin nuru da öləziyib.

Nəşi bugünə qədər tapılmayan, itkin düşən, şəhid statusu alan əslən Qubadlı rayonunun Eyvazlı kəndindən olan Qərib Müzəffər oğlu Həsənov 1955-ci il dekabrın 29-da Sumqayıt şəhərində doğulub. Sumqayıt şəhərində yerləşən 18 nömrəli orta məktəbdə təhsil alıb. Rusiyanın Leninqrad (Sankt-Peterburq)şəhərində hərbi həkim vəzifəsinə yiyələnib. Təhsilini başa vurduqdan sonra Azərbaycana qayıdıb və Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən hərbi hissədə hərbçi həkim vəzifəsində çalışıb. XXI əsrin dəhşətli hadisələrindən olan Xocalı faciəsindən sonra Milli Orduya yazılıb.

Nəzakət Məmmədovanın rəhbərlik etdiyi Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası şəhid və itkin düşən oğullarımızın ailələri üçün bir təsəlli ünvanıdır. Xalqımızın qəhrəman oğullarının xatirəsini əbədiləşdirən redaksiyanın qapısını döyən analar, bacılar, həyat yoldaşları, övladlar burda özlərinə səmimi, mehriban həmdərd tapırlar. Həsənov Qəribin həyat yoldaşı Sayyad xanımla və qızı Aytac xanımla Xatirə Kitabı Redaksiyasında görüşdük.

“İlk vaxtlar qayıdacağına ümidim çox idi”

Sayyad Həsənova danışır ki, həyat yoldaşı Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə həkim işləyib. Xocalı faciəsindən möhkəm sarsıldı, “mən müharibəyə getməliyəm” dedi, heç cür saxlaya bilmədim. Onun müharibəyə getməsinə razı deyildim, amma bütün israrlarıma baxmayaraq getdi. Dedim ki, mən bir uşaqla tək qalacağam, getmə...Dedi ki, mən getməyim, sən getmə, bəs kim getsin? “Atana gedib deyəcəyəm ki, getməyinə mane olsun” dedim. Cavab verdi ki, atama demişəm, deyib ki, getmək istəyirsənsə get.1992-ci ilin aprel ayı idi, bir də gördüm gedib Milli Orduya yazılıb. Milli Ordu üçün şəkil çəkdirmişdi, gətirib o şəkli mənə verdi, bu onun sonuncu şəkli oldu. Sonra təlimə getdi, sonra da onu Ağdama apardılar. Arada iki-üç dəfə gəlib bir-iki gün qalıb qayıtdı. Sonuncu dəfə 1992-ci ilin iyun ayının 2-də gəldi. Aytac qızım 1 yaş 3 aylıq idi, həmin gecə səhərə qədər ağladı, atasının sinəsi üstə uzanırdı sakitləşirdi, götürəndə yenə ağlayırdı. Sanki atasını bir daha görməyəcəyi ürəyinə dammışdı. Qərib özü sonuncu dəfə gələndə çox kefsiz idi, ağzıüstə uzanırdı, bir söz demirdi, nə qədər soruşsam da nə olub, niyə beləsən, “heç nə olmayıb” deyirdi.

Səhər Ağdama gedəndə mənə dedi ki, uşağı durğuz, üzündən öpüm. Dedim ki, uşaq xəstələnib deyəsən, durğuzsam yenə ağlayacaq. Aytacı durğuzmamağımı indiyə qədər də heç cür özümə bağışlaya bilmirəm, gərək durğuzaydım.Bir də həmişə gələndə arxacınca su atırdım, bu dəfə atmadım. Bunu da özümə bağışlaya bilmirəm. Yola saldım, gedirdi çönüb evimiz tərəfə baxırdı. Getdi və bir daha qayıtmadı. 1992-ci il iyunun 17-də qara xəbəri gəldi. Ağdamın Sırxavənd kəndi uğrunda gedən döyüşlərində iştirak edib. Bu döyüşdə tək başına 13 yaralını xilas edib.

Mənə gəlib dedilər ki, qaynanan qəzaya düşüb, hazırlaş gedək. Getdim gördüm ki, qadınlarqaynanamgildə oturub qaynanam da onların içində. Bu mənzərəni görən kimi ürəyim getdi yıxıldım. Bildim ki, yoldaşıma nəsə olub”.

Sayyad xanım deyir ki, həyat yoldaşının itkin düşməsi xəbərindən sonra yaxınları ondan bir soraq almaq üçün Ağdama gedib. Sayyad xanımın sözlərinə görə, Sırxavənddə qızğın döyüşlər zamanı Qərib Həsənov itkin düşüb: “O deyib ki, qızım xəstədir, icazə verin gedib ailəmə baş çəkim, ona icazə verilib, amma icazə kağızı stolun üstündə qalıb. Komandiri var, indi Simqayıtda işləyir, tramatoloqdur. O danışır ki, həmin vaxt döyüş şiddətlənib, ermənilər hər yandan hücum edib, Qəribi də Sırxavəndə göndəriblər, ora gedib. Ordan çıxanlar danışır ki, iki sanitar maşını olub, birinə yaralıları doldurub çıxarıblar. Deyiblər ki, Qərib, gəl gedək, vəziyyət ağırlaşıb, hər yerdən atırlar mühasirəyə düşə bilərik. Deyib ki, yox, bir nəfər var, ağır yaralıdır, evdə yolunu üç uşağı gözləyir, mən onu çıxarmasam özümü bağışlaya bilmərəm. Deyib ki, mən onu orda o vəziyyətdə qoymayacağam, gedib həmin adamı da götürüb arxanızca gələcəyəm.O gedən də gedib, yoldaşları gözləyib görüblər ki, Qərib geri qayıtmır. Həmin yolu ermənilər tutublar. Onların da sanitar maşını vurulub, maşın yanıb. Bilmirəm ki, maşın yananda yaralılarla birgə maşında o da olub, ya yaralıları çıxarmağa gedəndə vurulub. Heç bir məlumatım yoxdur”.

Aytac xanım söhbətə qoşulur: “Yaralı adam atama deyib ki, mənim üç uşağım var, məni burda qoyub getmə. Atam o adamı meşədə ağaca söykəyib deyib ki, narahat olma mən gəlib səni aparacağam. Ona verdiyi sözü yerinə yetirmək üçüngeri meşəyə qayıdır və onunla da ondan soraq verən olmur. Atam 13 nəfər yaralını təkbaşına xilas edib. 37 yaşı vardı atamın. Siması yadımda qalmayıb. Nəşi də hələ ki tapılmayıb, məzarı da yoxdur. Heç nə istəmirəm, bircə barmağını da tapıb versələr təsəlli taparam...”

Ailəli idi.İki qız övladı yadigar qalıb.

Sayyad xanım danışır: “Əvvəllər daha çox inanırdım ki, Qərib şəhid olmayıb, yaşayır, nə vaxtsa qayıdacaq...Təzə vaxtlar qayıdacağına ümidim çox idi. Qaynanam rəhmətə gedənə qədər deyirdi ki, mənim oğlum sağdır gələcək.Amma mən onunla bağlı bir yuxu gördüm.Hardasa 10-15 gün idi bu hadisə olmuşdu. Yuxuda gördüm ki, düzəngah bir yerdir, həmin o yerdə Qərib üzüqoyulu uzanıb, qolundan qaldırıram “Qərib, Qərib, qalx” deyirəm, baxıram ki, bədəni bütün çürüyüb (ağlayır). Sonra qaynanama dedim ki, mən belə bir yuxu görmüşəm. Dedi ki, qızım, yuxudur. Gördüyüm o yuxudan sonra ümidimi kəsdim. Deyirdilər ki, sağdır, hətta bir adam da vardı, dedi ki sağdır, danışmışam. Amma gerçəklikdə heç bir məlumat ala bilmədik. O vaxt Sırxavənd kəndi ermənilərin əlində idi, ona görə də orda axtarış aparmaq mümkün deyildi.

Torpaqlar azad olunandan sonra o ərazilərdən toplu məzarlıqlar tapılır. Bu da bizə ümid verdi ki, bəlkə ordan onun da nəşi tapıla. Müraciət etdik ki, axtarışlar gücləndirilsin. Qəribin sağ olmasından ümidim kəsilib, heç olmasa qalıqları tapılaydı, bir məzarı olaydı...”

Əri müharibəyə gedəndə Ümidə qızına hamilə olub Sayyad xanım, Ümidə atasının itkin düşməsindən sonra dünyaya gəlib, amma atasının üzünü görməyib: “İkinci qızımızınadını Ümidə qoydum, ümid edirdim ki, bəlkə Qərib qayıda...Qayıtmadı.

Həyat yoldaşıma şəhid statusu verilib.

Necə tanış olmağıma gəlincə, o, mənim iş yerimə gəlmişdi. “Ximkombinatda” işləyirdim, onların bir yaxın qohumu da iş yoldaşım idi, onun yanına gələndə görüb bəyənmişdi. Sonra da ailə qurduq”.

Aytac danışır: “Atamla bağlı heç bir xatirəm yoxdur, kaş ki, olardı. Mən həyatda xoşbəxt olmadım. Demə ki, atasız qızlar hər şeyi yarımçıq yaşayır, xoşbəxtliyi də. 44 günlük müharibədən sonra qarşıma məqsəd qoydum atamı yaşadım. İnternetdə axtarış verdim, görüm atam haqqında heç bir məlumat yoxdur, sanki belə bir adam heç dünyaya gəlməyib. Bu mənə çox pis təsir etdi. İstəyirəm atamınbir məzarı olsun, özümə söz vermişəm ki, ondan sonra ağlamayacağam”.

Sayyad xanım söhbəti davam etdirir: ”Aytacı o qədər çox istəyirdi ki, heç olmayan kimi. Aytac yeni iməkləyirdi, o işdən gələndə “Aytac”, deyə çağırırdı Aytac da iməkləyib atasına tərəf gedirdi.O qədər öpürdü, öpürdü...”

Qərib Həsənovun xatirəsinin əbədiləşdirildiyini deyən Sayyad xanım bildirdi ki, onun Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki Şəhidlər xiyabanında xatirə guşəsi, yaşadığı binada guşə var, oxuduğu Sumqayıt şəhər 18 nömrəli orta məktəb şəhidin adını daşıyır. 2024-cü ildə şəhidin adına Gəncə İmamzadədə ziyarət, Ağcabədi rayonunda Qəhrəmanlar Parkında, Siyəzəndə Şəhid məscidində, Sumqayıtda Tarix Muzeyində guşəsi var...

Ailəsi Qərib Həsənovun şəhid olduğu fikrinə daha çox inanır. Sayyad xanım deyir ki, sağ olmağına kiçik bir ümidi var: “Deyirəm bəlkə sağ qalıb ona görə ki, rus və erməni dillərini də mükəmməl bilirdi, həkim-cərrah idi. Bəlkə onu əllərində saxlayıb istifadə edələr. Bəlkələr çoxdur, cavab isə yoxdur. Amma bilirəm ki, müharibəyə hazırlıqlı gedib, deyirdi ki, ələ düşməmək üçün tədbirlidir, yəni özünü öldürə bilər...

Onun qara xəbəri gələndən sonra intihar etmək barədə çox düşündüm, çox istədim ki, canıma qəsd edim, amma uşaqlarıma görə çəkindim...Qəribsiz həyatımız çox ağır keçdi, çox”.

“Bacımdan əvvəl doğulduğum üçün utanıram, sıxılıram, çünki onun atamız haqqında danışmağa bir sözü belə yoxdur. Bacım atam itkin düşəndən sonra dünyaya gəlib. Atamın yoxluğu bizim çox çətin oldu, hələ də o çətinliyi yaşayırıq...”Bunu da Aytac deyir.

Atasızlıq çox ağırdı əlbəttə. Aytacı, Ümidəni, onlar kimi atasız böyüyən yüzlərlə, minlərlə uşağı atasız qoyan, təkqanadlı böyüdən işğalçı müharibənin vurduğu yaralar hələ də qan verir. Müharibə onlardan təkcə atalarını almadı, həm də uşaqlıqlarını aldı...33 il bundan əvvəl Sayyad xanım həyat yoldaşını itirdi və geri qayıdacağınainanmasa da bu gün hələ də onun yolunu gözləyir, ya özünü, ya da nəşini istəyir. Deyir ki, bəlkə ondan sonra ürəyi dinclik tapa...

İradə SARIYEVA

Seçilən
61
baki-xeber.com

1Mənbələr