AZ

Paşinyan-kilsə müharibəsinin əsas hədəfi Konstitusiya islahatlarıdır...


Bəhruz Quliyev: “Qarşıdurma dini deyil, dövlətin gələcək modelinə qarşı yönəlmiş narazılıqdır”

Erməni Apostol Kilsəsi ilə ölkə hakimiyyəti, konkret desək, Baş nazir Nikol Paşinyan arasında gərginlik davam edir. Baş nazir kilsənin fəaliyyətini tənqid edir, müqəddəs işdən yayınaraq siyasi fəaliyyətlə məşğul olduğu iddiasını səsləndirir. Paşinyan Apostol Kilsəsinin müqəddəsliyini itirdiyini, dini dəyərlərə zidd addımlar atdığını iddia etdiyi halda, kilsədən də Baş nazirin ünvanına ittihamlar gəlməkdədir.

Görünən odur ki, kilsə və keşişlər Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün mübarizədən geri çəkilmək niyyətindən uzaqdırlar. 2024-cü ildə keşiş Baqrat Qalstanyanla başlayan ədavət Erməni Apostol Kilsəsinin yeni və yekun mübarizəsinə start verib. Hətta keçmiş prezident Levon Ter-Petrosyan da kilsəyə dəstəyini ifadə edərək Paşinyana qarşı çıxıb.

O da məlumdur ki, Paşinyan ölkədə konstitusiya dəyişikliklərinə hazırlaşır. Ermənistanda bugünkü kilsə-Paşinyan qarşıdurması həm də konstitusiya dəyişiklikləri uğrunda gedən mübarizədir. Çünki erməni kilsəsi də buna qarşıdır. O baxımdan belə düşünmək olarmı?

“Bu gün Ermənistanın daxilində baş verən proseslər təkcə həmin ölkə üçün deyil, bütövlükdə regionun...”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyev buna bir neçə prizmadan yanaşdı: “44 günlük şanlı Vətən müharibəsində qazandığımız tarixi Qələbədən sonra Ermənistan daxilində sarsıntılar daha da dərinləşməkdədir. Bu günlərdə kilsə ilə Paşinyan hakimiyyəti arasında alovlanan qarşıdurma isə sadəcə dini qurumla hökumət arasında nüfuz savaşı deyil, eyni zamanda ölkənin konstitusiya gələcəyi uğrunda gedən ciddi mübarizənin əlamətidir. Ermənistanda həyata keçirilməsi nəzərdə tutulan konstitusiya dəyişiklikləri nəinki siyasi idarəetməni, həm də cəmiyyətin dəyərlər sistemini təməldən dəyişmək niyyətini ortaya qoyur. Paşinyan komandasının təklif etdiyi islahatlar çərçivəsində prezident institutunun ləğvi, parlament modelinin gücləndirilməsi və ən əsası, kilsənin təsir imkanlarının azaldılması istiqamətində mühüm dəyişikliklər nəzərdə tutulur. Bu isə əsrlərdir Ermənistan cəmiyyətində ideoloji və sosial dirəklərdən biri sayılan Apostol Kilsəsini ciddi şəkildə narahat edir. Bu qarşıdurma artıq sırf siyasi müstəvidən çıxaraq ictimai narazılıq dalğasına çevrilməkdədir. Erməni cəmiyyətində müəyyən təsir imkanlarına malik olan kilsənin bu proseslərə açıq şəkildə etiraz etməsi həm də Ermənistan daxilindəki ictimai qütbləşmənin göstəricisidir. Bu gərginlik idarə olunmasa, gələcəkdə ölkədə daha geniş institusional böhranların, daxili sabitliyə zərbə vura biləcək qarşıdurmaların yaranmasına səbəb ola bilər. Baş verənləri diqqətlə izləmək Azərbaycan ictimaiyyəti üçün də əhəmiyyətlidir. Bu gün Ermənistanın daxilində baş verən proseslər təkcə həmin ölkə üçün deyil, bütövlükdə regionun gələcək təhlükəsizlik arxitekturası baxımından da mühüm əhəmiyyət kəsb edir. Ona görə də Ermənistan rəhbərliyi ilə kilsə arasında dialoqun qurulması, konstitusiya dəyişikliklərinin isə cəmiyyətin bütün təbəqələrinin maraqları nəzərə alınmaqla həyata keçirilməsi vacibdir”.

Vidadi ORDAHALLI

Seçilən
68
baki-xeber.com

1Mənbələr