Naxçıvan Muxtar Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Təhsil, Gənclər və İdman Nazirliklərinin dəstəyi ilə Muxtar respublikanın orta və ümumtəhsil müəssisələrinin şagirdləri arasında Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 20 illik yubileyinə həsr olunmuş “Gənc xilasedici və yanğınsöndürən” yarışının Naxçıvan Muxtar Respublikası üzrə zona birinciliyi keçirilib.
APA-nın yerli bürosu xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar naziri general-mayor Şahin Mirzəyev, Təhsil naziri Elxan Babayev, Gənclər və İdman naziri vəzifəsini icra edən Məcid Seyidov iştirak edib.
“Gənc xilasedici və yanğınsöndürən” yarışının keçirilməsi haqqında Əsasnaməyə uyğun olaraq yarışda Naxçıvan şəhəri və rayonlardan seçilmiş 8 komanda iştirak edib. Yarışın keçirilməsində əsas məqsədlər yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilərə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin, gənc nəslə hərbi-vətənpərvərlik ruhunun aşılanması, həmçinin məktəblilər arasında sağlam həyat tərzinin təbliğindən ibarət olub.
Yarışın təşkilat komitəsinin sədrinin Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar nazirinə yarışa hazırlıq barədə məruzəsi ilə başlayıb.
Daha sonra Ümummili lider Heydər Əliyevin və şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilb, Dövlət himninin səsləndirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar naziri general mayor Şahin Mirzəyev yarışın əhəmiyyətindən danışdı və komandalara uğurlar arzulayıb.
Proqrama uyğun olaraq, komandaların təqdimatı və tribunanın önündən təntənəli marşla keçidi nümayiş etdirilib.
Yarışın ikinci mərhələsində mülki müdafiə qoşunlarının 14 maneədən ibarət maneələr zolağının dəf edilməsi və Kombinəedilmiş yanğın estafeti üzrə komandaların yarışı keçirilib.
Yüksək həvəs və dözümlülük nümayiş etdirməklə yarışan komandaların göstərdiyi nəticələr Hakimlər Kollegiyasının üzvləri tərəfindən hesablanıb. Gərgin mübarizə şəraitində keçən yarışda komandalar minimum xal fərqi ilə yarışı başa vurublar.
Beləliklə, Naxçıvan şəhərinin komandası daha yüksək nəticə göstərərək birinci, Culfa rayonunun komandası ikinci, Şərur rayonunun komandası üçüncü yerə layiq görülüblər.
Qalib komandalar Fövqəladə Hallar, Təhsil, Gənclər və İdman nazirliklərinin fəxri fərmanları, diplomları və Kuboklarla mükafatlandırılıblar.
Qeyd edək ki, yarışda birinci yeri tutan Naxçıvan şəhər 1 nömrəli məktəbin komandası “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.