AZ

Medinski təsdiqlədi - “Rusiya Ukraynada Azərbaycanın atəşkəs modelinə imkan verməyəcək”...


Turan Rzayev: “Prezident Tramp bu mənada 1994- ildə Azərbaycanla Ermənistan arasında imzalanan atəşkəs...”

Rusiya prezidentinin köməkçisi, bu ölkənin Ukrayna ilə danışıqlarına rəhbərlik edən Vladimir Medinski, yumşaq desək, təəccüb doğuran bəyanatla çıxış edib. O deyib ki, Rusiya ilə Ukrayna arasında sülh sazişi bağlanmadan sadəcə atəşkəs əldə olunsa və cəbhəboyu münaqişə dayandırılsa, bura Ermənistanla Azərbaycan arasında “Qarabağ kimi mübahisəli əraziyə çevriləcək”.

Medinskinin “Qarabağ müqayisəsi”nin səhv olması öz yerində. Ancaq zaman-zaman belə çağırışlar olub ki, Ukraynanın çıxış yolu Azərbaycan təcrübəsidir. Yəni Azərbaycan 1994-cü ilin mayında atəşkəsə getdiyi kimi, Ukrayna da buna razı olub bənzər yol tutsa daha məqbul olar. Yəni uyğun məqam yaranan kimi, ərazilərini işğaldan azad edəcək. Lakin Medinskinin açıqlaması fonunda rəsmən məlum oldu ki, Ukrayna ərazilərini müvəqqəti itirməsi fonunda bu varianta razı olsa belə, Rusiya buna getməyəcək. Azərbaycanın bu təcrübəsi maraqlı olsa da, onun tətbiq edilməsinə məhz Moskva imkan vermir. Çünki Moskva atəşkəs istəmir. Bu da onunla əlaqədardır ki, Rusiyanın məqsədi bütün Ukraynanı ələ keçirməkdir. Hakimiyyətə Rusiyaya yaxın oyuncaq birisini gətirib Ukraynanı Qərbdən, NATO-dan birdəfəlik uzaq tutmaqdır. Rusiya bunu istəyir. Belə olan halda Ukrayna ilə Rusiya arasında atəşkəslə bağlı Azərbaycan variantı işləyərmi?

“Moskva Kiyevi işğal edilmiş ərazilərin qəbulunu özündə ehtiva edən yekun bir sülhə inandırmaq istəyir”

Sözügedən məsələni şərh edən politoloq Turan Rzayev hesab edir ki, Medinskinin açıqlaması ən sadə formada Kremlin Ukrayna münaqişəsinə legitimlik vermək cəhdidir: “Azərbaycan nümunəsində işğal faktı hüquqi sənədlərlə təsbit olunub. Rusiya da faktiki olaraq Ukrayna ərazilərini işğal edib. Medinski bu ifadəni deyə bilmədiyi üçün iki fərqli məsələni “mübahisəli ərazi” kimi eyniləşdirir. Bununla belə, Medinskinin Ukrayna münaqişəsi ilə bağlı açıqlamalarında Azərbaycan-Ermənistan müharibəsini müqayisə edərək Qarabağı “mübahisəli ərazi” kimi təqdim etməsi geopolitik və strateji maraqlara əsaslanır. Hazırda ABŞ-ın əsas məqsədi Rusiya və Ukrayna arasında müharibəni bitirəcək bir saziş imzalamaq deyil, daha çox atəşkəs sazişidir. Vaşinqton başa düşür ki, Vladimir Putin hakimiyyətdə olduğu təqdirdə Rusiya ilə uzunmüddətli müharibəni davam etdirmək mənasızdır. Lakin Putin sonrası Kremlin zəifləməsi ehtimalı böyükdür. Bundan başqa, ABŞ diqqətini Yaxın Şərq, İran və Çin kimi digər strateji regionlara yönəltmək istəyir. Prezident Tramp bu mənada 1994-cü ildə Azərbaycanla Ermənistan arasında imzalanan atəşkəs müqaviləsinə bənzər bir sazişlə müvəqqəti atəşkəs əldə etmək istəyir. Medinskinin açıqlamasından həm də bu qənaətə gəlmək olar ki, Rusiya ABŞ-ın nə etmək istədiyinin fərqindədir və buna görə də Ukrayna müharibəsini sürətlə bitirmək istəyir. Amma həm də işğal etdiyi əraziləri “mübahisəli”, əslində isə işğal statusunda saxlamaq istəmir. Əvəzində Moskva Kiyevi işğal edilmiş ərazilərin qəbulunu özündə ehtiva edən yekun bir sülhə inandırmaq istəyir”.

Vidadi ORDAHALLI

Seçilən
62
baki-xeber.com

1Mənbələr