Bu gün Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda görkəmli alim, pedaqoq, elm fədaisi, akademik Siddiqə Məmmədovanın anadan olmasının 100 illiyinə həsr olunmuş “Bitki mühafizəsi: müasir çağırışlar, problemlər, həlli yolları” mövzusunda elmi-praktik konfrans keçirilib.
Tədbir barədə Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik İbrahim Cəfərov məlumat verib.
Tədbirdə müxtəlif elmi qurumların nümayəndələri, tanınmış alimlər, tədqiqatçılar və müvafiq dövlət qurumlarının təmsilçiləri iştirak ediblər. Konfrans çərçivəsində müasir dövrdə bitki mühafizəsi sahəsində mövcud problemlər və onların həlli yolları geniş müzakirə olunub, eləcə də gələcək perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.
Konfrans materialları ayrıca toplu şəklində nəşr olunaraq iştirakçılara təqdim olunub.
Tədbirdə fəal iştirak edən bütün alimlərə və rəsmi şəxslərə təşəkkürünü bildirən akademik İbrahim Cəfərov, həmçinin konfransın təşkilində əməyi olan Natella xanım və onun komandasına, əziyyəti keçən hər kəsə minnətdarlıq edib. O, bu kimi tədbirlərin elmin inkişafına və gənc nəslin stimullaşdırılmasına böyük töhfə verdiyini qeyd edib: “Bizi işıqlı gələcəyə aparan gəncliyimizə eşq olsun!”