AZ

İran Zəngəzur dəhlizinin qarşısını necə aldı? - Nazirin fikri çox mübahisəlidir...


Məcid Cavad Araz: "Bu proses İran əhalisinin 40 faizini təşkil edən Güney Azərbaycan və türk əsilli kontingent üzərində uzun müddətli təsirlərə malik ola bilər"

İran İslam Respublikasının Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti bildirib ki, İran “Zəngəzur dəhlizi” yaratmaq cəhdinin qarşısını alıb.

Onun sözlərinə görə, guya İran heç vaxt indiki qədər güclü, müstəqil və nüfuzlu olmayıb. Bu gücün bariz əlamətlərindən biri də İranın Cənubi Qafqaz regionundakı böhrana tez və qətiyyətlə reaksiya verməsi olub.

“Bəzi ölkələr “Zəngəzur dəhlizi” yaratmaq bəhanəsi ilə Naxçıvanı Azərbaycanla Ermənistan ərazisi üzərindən birləşdirməyə cəhd edəndə – mahiyyətcə parçalanma və İran dəhlizinin Avropaya bağlanması demək olan layihə – İran İslam Respublikası bu plana qəti şəkildə qarşı çıxdı və onun həyata keçirilməsinə mane oldu”, - deyə Vilayəti bildirib.

O iddia edir ki, guya Co Bayden özü də ABŞ prezidenti vəzifəsində olarkən dəhlizin işə salınması üçün hər şeyin hazır olduğunu etiraf edib, lakin bu layihənin həyata keçirilməsinə mane olan İran olub.

Doğrudanmı İran bu qüdrətə malikdir və Zəngəzur dəhlizinin fəaliyyətə başlamasının qarşısını İran alıb?

İran siyasəti üzrə siyasi ekspert Məcid Cavad Araz baki-xeber.com-a açıqlamasında bildirdi ki, Zəngəzur dəhlizinin bugünə qədər açılmamasının səbəblərindən biri də İran hakimiyyətinin farsçı-şiə zehniyyətidir: "Dəfələrlə İran rəsmiləri bildirib ki, bu məsələ hərbi qarşıdurmaya qədər gedib çıxa bilər. Bu məsələnin Qərb və NATO ilə izah edilməsi işin bəhanə tərəfidir.

Məsələn, ABŞ və Avropa qüvvələri gəlib Ermənistana yerləşəndə İran heç bir etiraz eləmədi, İrəvanla əlaqələrini daha yüksək səviyyəyə çatdırdı. Rəsmi Tehran Qərbdən və NATO-dan o qədər də çəkinmir. İran hakimiyyəti Turan birliyinin yaranmasından, Azərbaycanın Türkiyə üzərindən Avropaya, Türkiyənin Azərbaycana və Xəzər üzərindən Orta və Mərkəzi Asiyanın türk dövlətlərinə qısa yolla bağlanmasından qorxur. Onlar bilir ki, bu proses İran əhalisinin 40 faizini təşkil edən Güney Azərbaycan və türk əsilli əhalinin üzərində uzun müddətli təsirlərə malik ola bilər. Tehran hakimiyyətinin ehtiyat etdiyi bu qüvvə ölkədə çevriliş etməyə, siyasi quruluşu dəyişdirməyə qadir gücdür. İran dövlətinə hakim olan farsçı zehniyyət məhz bu faktordan qorxur. Yalniz məsələyə fərqli yanaşma təqdim etmək üçün NATO faktorunu ortaya atırlar. Lakin Vilayətinin İranın tarixinin ən güclü dönəmində olması və İranın bundan sonra da Zəngəzur dəhluzinin açılmasına imkan verməyəcəyini iddia etməsinə gəldikdə, fikrimizcə, bu doğru bir təsbit deyil. Tam tərsinə, bu gun İran İslam Respublikası tarixinin ən zəif dövrünü yaşayır, İran siyasi hakimiyyəti hazırda legitimlik böhranı keçirir. İranda çox ciddi iqtisadi sıxıntı var. Nüvə məsələsinə görə İran artıq müharibə ərəfəsinə qədəm qoyub. Bunlarla yanaşı bir çox göstəricilər onu deməyə əsas verir ki, bu gün İran tarixinin ən zəif mərhələsindədir.

Təbii, Azərbaycan və Türkiyə istəməzlər ki, Zəngəzur dəhlizindən dolayı İranla hərbi qarşıdurmaya getsinlər. Amma bu o demək deyil ki, Zəngəzur dəhlizi açılmayacaq.

Fikrimizcə, İran mövcud vəziyyəti uzun müddət sabit saxlamağı bacarmayacaq. Qarabağ müharibəsi nəticəsində bölgədə başlayan geosiyasi və geostrateji dəyişiklik davam edəcək. Eyni zamanda, İran daxilində olan türk kökənli kontingent getdikcə güclənəcək və bölgədəki geosiyasi prosesləri öz təsiri altına alacaq. Burada məsələ İranın Qərblə münadibətlərini hansı şəkildə qura biləcəyindən də asılıdır.

Düsünürəm ki, gözlənilən geosiyasi mənzərə dəyişikliyi nəticəsində Zəngəzur dəhlizinin açılması reallaşacaq".

Akif NƏSİRLİ

Seçilən
38
baki-xeber.com

1Mənbələr