BAKI, TurkicWorld
“Orta Dəhliz 360°: Geosiyasətdən Rəqəmsal Transformasiyaya, Ailədən Yaşıl İnkişafa” adlı yan tədbir keçirilib.
TurkicWorld xəbər verir ki, Türk Dövlətləri Təşkilatının Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclası çərçivəsində 11 iyun 2025-ci il tarixində keçirilən tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova açılış nitqi ilə çıxış edərək, iştirakçıları salamlayıb və mövzunun Türk dünyası üçün əhəmiyyətini vurğulayıb.
O bildirib ki, Orta Dəhliz məsələsi üzv dövlətlərin hər biri üçün yalnız nəqliyyat və logistika marşrutları kimi deyil, sülh, sabitlik və regional əməkdaşlıq üçün mühüm vasitə kimi qəbul edilməkdədir. Komitə rəsmisi dəyərlərin, mədəniyyətlərin və insan resurslarının şərqdən qərbə və əks istiqamətə keçidinə şərait yarada biləcək Orta Dəhlizin həm də ölkələr üçün dayanıqlı inkişaf məqsədlərinə nail olmaq hədəfinə xidmət edən innovativ modellərin və təcrübələrin əlçatanlığının əvəzsiz təminatçısı kimi çıxış etdiyini diqqətə çatdırıb.
B. Muradova bildirib ki, dayanıqlı inkişaf strategiyalarının mərkəzində insan kapitalı, hədəfində isə birmənalı olaraq Ailə dayanır. Bu səbəbdən müasir cəmiyyətdə ilk növbədə ailənin dayanıqlılığı, uşaqların rifahı təkcə sosial siyasətin deyil, həm də təhlükəsizlik, iqtisadi və rəqəmsal strategiyaların əsas prioritetindən biri olmalıdır: “Türk dövlətləri olaraq bizim ortaq dəyər sistemimizdə ailə müqəddəsdir, qadın isə həm ailənin, həm də cəmiyyətin aparıcı qüvvəsi, qoruyucu dayağıdır. Qadının təhsildə, iqtisadiyyatda, dövlət idarəçiliyində və texnologiyada, xüsusilə də rəqəmsal transformasiyada rolu nə qədər artarsa, cəmiyyətlərimiz də bir o qədər dayanıqlı və çevik inkişaf edə bilər” - deyə o əlavə edib.
Azərbaycanda ailə mühiti ilə rəqəmsal reallıq arasında balansın qorunmasına, qadınlar və uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaranmasında xüsusi önəm verildiyini vurğulayan Komitə rəsmisi qeyd edib ki, bunun ən gözəl nümunələrini ölkəmizin hər yerində, o cümlədən işğaldan azad olunmuş şəhər və kəndlərimizdə infrastrukturun yenilənməsində bariz şəkildə görmək olar.
“Yaşıl İnkişaf və Ekoloji Dəyərlər kimi anlayışların türk dünyasında bərqərar olmasına gedən yol ilk növbədə Ailədən başlayır” - deyən B. Muradova diqqətə çatdırıb ki, ekoloji dəyişikliklərə uyğun sosial siyasətlərin formalaşdırılması və Yaşıl İnkişafa keçid yalnız böyük texnoloji layihələr və beynəlxalq sazişləri ehtiva etmir, bu, hər bir ailədə – uşaqların dünyagörüşündə, qadınların seçimlərində, ailələrin gündəlik davranışlarında özünü göstərməli olan dəyər və məsuliyyət hissidir. O qeyd edib ki, Azərbaycan ailə yönümlü ekoloji siyasətlərə – məktəbəqədər təhsildən başlayaraq, qadın sahibkarlığında yaşıl təşəbbüslərin dəstəklənməsinə qədər – geniş bir yanaşma təqdim edir.
Çıxışının yekununda Komitə sədri qeyd edib ki, bu gün aparılan müzakirələr geosiyasi əlaqələrimizi tamamlayan yeni sosial və humanitar əməkdaşlıq platformaları barədə mövqelərin uzlaşdırılmasına şərait yaradacaq, birlikdə formalaşdıracağımız strategiyalar isə Türk dövlətlərini birgə gələcəyə daha inamla aparacaq.
Daha sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının moderatorluğu ilə tədbir davam edib. O, Orta Dəhlizin yalnız coğrafi məkan deyil, eyni zamanda mədəniyyətlərarası dialoq və dayanıqlı inkişaf baxımından böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, onu həm də bütöv bir ekosistem kimi dəyərləndirib. V. Qasımlı 360 dərəcəlik yanaşmanın geosiyasətdən tutmuş rəqəmsal transformasiyaya, ailə və yaşlıların inkişafına qədər bir çox məsələləri əhatə etdiyini diqqətə çatdıraraq, Orta Dəhlizi həm də sosial-iqtisadi, sivilizasiyalararası və mədəniyyətlərin sintez olunduğu bir məkan kimi, geniş bir ekosistem kimi dərk etmənin vacibliyini vurğulayıb.
Panel müzakirələrdə iştirak edən Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaş Orta Dəhlizin türk dövlətləri arasında ailə əlaqələrinin daha geniş formatda inkişafına töhfə verən bir layihə olduğunu qeyd edərək, quru ilə dənizi birləşdirən nəqliyyat yolu yox, həm də xalqları yaxınlaşdıran mədəniyyət yolu olduğunu vurğulayıb.
Şimali Kipr Türk Respublikasının Əmək və Sosial Müdafiə naziri Sadık Gardiyanoğlu Türkdilli dövlətlərinin öz gücünü hər zaman ailədən aldğını qeyd edərək, övladlarını şəhid verdiyi zaman “Vətən sağolsun” kəliməsini səsləndirən anaların baş tacı olduğunu deyib. O, Azərbaycanın Qarabağ zəfərindən də söz açaraq vurğulayıb ki, İkinci Qarabağ müharibəsi dövründə bütün türklərin qəlbi Azərbaycanda döyünürdü.
Çıxış edən TDT baş katibinin müavini Ömər Kocaman deyib ki, Orta Dəhliz sadəcə iqtisadi, ticari inkişafa əsaslanmır, dünya ölkələrinin mədəni inkişafına da töhfə verir. Mədəni inkişaf isə birbaşa ailəyə təsir göstərir. Bu gün ailə məsələləri barədə ölkələrimizin çox ciddi layihələri var: “Cəmiyyətin və xalqın inkişafında ailə önəmli rol oynayır və biz də TDT olaraq ailəni əhatə edən ortaq layihələr həyata keçirəcəyik” - deyə o əlavə edib.
Milli Məclisin deputatı, Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin üzvü
Tahir Mirkişili bildirib ki, ailə dəyərləri insan kapitalı və iqtisadi artımın əsas şərtidir. Ailə dəyərləri ilə iqtisadi artım arasında əlaqə iqtisadçılar üçün aktual tədqiqat mövzularından birinə çevrilib və dünyada gedən dəyişikliklərin sürəti ailə dəyərləri və inancların dəyişmə tempini üstələyir.
“Tarixdən gələcəyə: İpək Yolunun Mirası və Mədəni İnteqrasiya” mövzusunda çıxış edən Milli Məclisin deputatı, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa İpək Yolunun tarixi əhəmiyyətindən, onun mədəni əlaqələrin inkişafındakı rolundan və bu irsin müasir dövrdə inteqrasiyaya verdiyi töhfələrdən bəhs edib.
Energetika nazirinin müavini Elnur Soltanov “Orta dəhliz və enerji təhlükəsizliyi: Yaşıl Tranzit İmkanları” mövzusunda çıxış edərək, Azərbaycanın ənənəvi enerji sahəsində lokomotiv rolunu oynadığını, bu gün yaşıl enerji inqilabında da öncül mövqeyə sahib olmaq əzminə malik olduğunu qeyd edib. Onu da əlavə edib ki, süni intellekt və “yaşıl enerji” kimi yeni texnologiyalar Türk dünyası üçün unikal imkanlar açır.
Natiqlər mədəni inkişafın birbaşa ailəyə təsir göstərdiyini qeyd edərək, cəmiyyətin və xalqın inkişafında ailənin önəmli rol oynadığını, TDT-nin ailəni əhatə edən ortaq layihələr həyata keçirəcəyini diqqətə çatdırıblar.
Daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Tədbir Bahar Muradovanın bağlanış nitqi ilə yekunlaşıb. O, tədbir iştirakçılarına fəal iştiraklarına və verdikləri töhfəyə görə təşəkkür edərək, tədbirin ikinci gününə uğurlar arzulayıb.