AZ

Vətən Müharibəsindəki Zəfərimizin 5 illiyinə həsr olunmuş “Şahin” hərbi-idman oyunlarının final mərhələsi keçirilib

Sumqayıt, 11 iyun, AZƏRTAC

“Gənclər Paytaxtı” olan Sumqayıt şəhərində Vətən Müharibəsindəki Zəfərimizin 5 illiyinə həsr olunmuş XXVIII “Şahin” hərbi-idman oyunlarının final mərhələsi keçirilib.

AZƏRTAC xəbər verir ki,oyunların baş komandanı, Vətən Müharibəsi Qəhrəmanı, Cəmşid Naxçıvanski adına hərbi liseyin rəisi Anar Mirzəyev yarışın uğurla keçdiyini bildirib. O, bütün iştirakçılara gələcək karyeralarında uğurlar arzulayıb.

Gənclər və idman naziri Fərid Qayıbov yarışda iştirak edən bütün idmançıları qalib adlandırıb: "Burada mübarizə aparan hər kəsə təşəkkür edirəm. Bildiyiniz kimi, Sumqayıt "Gənclər Paytaxtı" statusunu alıb. Biz də gəncləri burada qəbul edirik. Bu yarış onlarda vətənpərvərlik ruhunu artırır".

Rəsmi açılışdan sonra Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Dəstəsinin nümunəvi çıxışı təqdim edilib.

Ardınca mükafatlandırılma mərasimi təşkil olunub. Ən yüksək xal toplayan Sumqayıt 1-ci, Sabunçu 2-ci, Xaçmaz komandası isə 3-cü yerə layiq görülüblər. Yer tutmuş komandalara və hərbi rəhbərlərinə kubok, medal, diplom və hədiyyələri gənclər və idman naziri Fərid Qayıbov, eləcə də digər rəsmi şəxslər təqdim ediblər.

1996-cı ildən başlayaraq Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tərəfdaşlığı ilə keçirilən “Şahin” hərbi-idman oyununun finalında 14 komanda sıra hazırlığı, darağa patronların doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, fiziki hazırlıq, maneələrin dəf olunması, tüfəngdən hədəfə atəş açılması, mülki müdafiə hazırlığı, çadırın qurulması və intellektual müsabiqə mərhələlərində güclərini sınayıblar.

Gənclərin vətənpərvərlik, milli qürur və milli ləyaqət ruhunda tərbiyə edilməsi, onların mənəvi-psixoloji və hərbi-fiziki hazırlığının təmin olunması, Şanlı Zəfər tarixini təbliğ etmək məqsədilə keçirilən “Şahin” hərbi-idman oyunununda bu il 22 min məktəbli mübarizə aparıb.

Seçilən
35
1
azertag.az

2Mənbələr