Bu gün Azərbaycanda fikir, söz və məlumat azadlığı ilə yanaşı, plüralizm də inkişaf edir. Ölkə söz azadlığının qorunduğu və mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdən hesab edilir.
Kütləvi İnformasiya Vasitələri - qəzetlər, jurnallar, televiziya və radiolar, informasiya agentlikləri və digər informasiyanın müntəzəm formada yayıldığı vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən və onun vəziyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir.
Mediasız azad cəmiyyətin tərəqqisindən danışmaq mümkün deyil
Azərbaycanın media sahəsində həyata keçirilən islahatlar sərbəst mətbuatın inkişafına, müxtəlif informasiya mənbələrinin ortaya çıxmasına və plüralist bir ictimai müzakirə mühitinin formalaşmasına imkan verir. Söz, fikir, məlumat azadlığı təmin olunmadan, yəni informasiya cəmiyyətinin fundamental prinsipi təmin olunmadan demokratiyadan da, plüralizmdən də, azad cəmiyyətin tərəqqisindən də danışmaq mümkün deyil. Müasir dövrün tələblərinə uyğun olaraq, informasiya texnologiyalarının inkişafı və internetin geniş yayılması məlumat azadlığını təmin etməklə yanaşı, həm də cəmiyyətin daha şəffaf və açıq olmasına şərait yaradır. Medianın azadlığı və müxtəlif informasiyaların sərbəst yayılması Azərbaycanın sosial və siyasi həyatının daha sağlam və dinamik bir şəkildə inkişaf etməsinə töhfə verir.
Texnoloji inkişaflar yeni problemlər də yaradır - dezinformasiya, saxta xəbərlər..
XXI əsrdə Azərbaycan mətbuatı yeni mərhələyə qədəm qoydu - rəqəmsallaşma dövrü. Son onilliklərdə rəqəmsal texnologiyaların inkişafı ilə mətbuat da müasir dövrün tələblərinə uyğunlaşmağa başladı. Ənənəvi qəzət və jurnallar İnternet mediaya inteqrasiya etdi. Bütün bunlar ənənəvi mətbuatın formatlarını dəyişdi, yeni tipli media orqanlarının meydana gəlməsinə gətirib çıxartdı. Ölkədə müxtəlif xəbər portalları, bloglar və sosial media platformaları yarandı, informasiyanın xarakteristikası, xəbər istehsalının tələbləri dəyişildi, çoxformatlı və çoxplatformalı yayım gerçəkləşdi. Auditoriya, məzmun istehlakçıları həm də istehsalçılara çevrildi. İnternet mediası, sosial şəbəkələr, mobil tətbiqlər və süni intellekt vasitəsilə informasiya yayımı daha da sürətləndi. Hazırda rəqəmsal texnologiyaların və süni intellektin inkişafı Azərbaycanda da mətbuatın fəaliyyətinə müsbət və mənfi təsirlər göstərir. Onlayn platformalar, xəbər saytları və sosial media vasitəsilə xəbərlər real vaxtda geniş auditoriyaya çatdırılır. Sosial media, mobil tətbiqlər və interaktiv platformalar istifadəçilərlə interaktiv kommunikasiya qurmağa, onların reaksiyasını ölçməyə, xəbər istehsalında iştirak etməyə imkan verir. Süni intellekt alqoritimləri sayəsində xəbər mənbələri avtomatik analiz olunur, trendlər müəyyən edilir, xəbərin təqdimatı daha səmərəli şəkildə aparılır. Bununla yanaşı, texnoloji inkişaflar yeni problemlər də yaradır-dezinformasiya, saxta xəbərlərlə ictimai rəyin manipulyasiyası, klik jurnalistikası, informasiya mənbələrinin etibarlılıq problemi, etik qaydaların pozulması və informasiya təhlükəsizliyi kimi məsələlər müasir dövrün əsas çağırışlarıdır. Süni intellekt ilə yazılmış xəbərlərin müəllifliyi, obyektivliyi və məsuliyyəti ilə bağlı suallar yaranır. Bu səbəbdən uğurlu adaptasiya üçün media qurumları peşəkar jurnalistika prinsiplərini qoruyaraq texnoloji imkanlardan ağıllı şəkildə istifadə etməlidirlər. Həm dövlət, həm ictimai təşkilatlar, həm də jurnalistlər peşəkarlığın artırılması və medianın savadlılığı üçün birgə fəaliyyət göstərməlidirlər.Süni intellekt və rəqəmsal alətlərin inkişafı şəraitində fikir, söz azadlığının müdafiəsi, informasiyaların manipulyasiyasının və dezinformasiyanın qarşısının alınması bu gün ən aktual məsələlərdən biridir. Süni intellektin, rəqəmsal alətlərin, sosial şəbəkələrin geniş yayıldığı bir dövrdə söz, məlumat azadlığının inkişaf etdirilməsi və eyni zamanda cəmiyyətin, ictimai rəyin dezinformasiyadan, manipulyasiyadan qorumaq asan deyil. O baxımdan bütün bu məsələlərdə nələrə önəm verilməlidir?
Peşəkar jurnalistlər süni intellektin yardımından istifadə etməlidir, amma...
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən media eksperti Yadigar Məmmədli hesab edir ki, yeni dövrün trendləri ilə ayaqlaşmaq lazımdır: “Həqiqətən də süni intellekt mövzusu gündən-günə aktuallaşır. Rəqəmsal dünya sanki bütün planeti öz ağuşuna alıb. Artıq bu, bir nömrəli məsələyə çevrilib. Süni intellekt bütün hallarda inkişafın ortaya gətirdiyi tərəqqinin bir naliyyətidir. Təbii ki, bunun bütövlükdə cəmiyyətin, bəşəriyyətin inkişafına xidmət etmək missiyası var. Ancaq o da bir reallıqdır ki, hər bir yeniliyin fəsadları, digər yan təsirləri də var. Süni intellekt də bundan yan keçməyib. Baxır süni intellektdən hansı məqsədlə, nə niyyətlə istifadə edilməsinə. Ancaq süni intellekt mətbuatda, media camiəsində nələrisə ortaya qoyur. O şeylər ki, onu media təmsilçiləri etməlidir. İndiki rəqəmsal dünyada istənilən informasiya əlçatandır. Süni intellekt də jurnalistlərin hazırladığı informasiyaların bazasında olan məlumatlara söykənir. Ancaq imkan vermək olmaz ki, süni intellekt dezinformasiyalar yaymaqla ölkənin informasiya təhlükəsizliyini təhdid altında saxlasın. Hansısa məlumat fakta söykənərək cəmiyyətə ötürülməlidir. Süni intellektin yaratdığı informasiyanı olduğu kimi cəmiyyətə təqdim etmək olmaz. Olduğu kimi cəmiyyətə ötürəndə artıq bu, professionallıqdan kənara çıxır. Məlum olur ki, bu, insan zehninin məhsulu deyil. O üzdən, bu kimi amillər nəzərə alınmalıdır. Peşəkar jurnalistlər süni intellektin yardımından istifadə etməlidir, amma onu maarifləndirmə və digər media prinsiplərindən çıxış edərək təqdim etməlidir”.
Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.