AZ

Tramp-Netanyahu ziddiyyəti başladı - İran məsələsi müttəfiqləri parçalayır...


Sədrəddin Soltan: "Dünyada yalnız bu iki dövlət SEPAH-ı terrorçü təşkilat hesab edir"

Təhlillər göstərir ki, İranın nüvə proqramına münasibətdə ABŞ ilə İsrail arasında fikir ayrılığı yaranıb. Tramp İsrail tərəfindən İranın nüvə obyektlərinin vurulmasının əleyhinədir. İsrail isə təsdiqləyir ki, Amerikasız İranın nüvə obyeklərinə zərbə endirməyəcək.

CNN etibarlı mənbələrinə istinadən xəbər verir ki, İsrail, ümumiyyətlə, İranın nüvə zənginləşdirməsinə razı deyıl. Çünki onlar düşünür ki, istənilən halda zənginləşdirmə nüvə bombasının yaranmasına gətirib çıxaracaq. Amma Tramp istəyir ki, İrana müəyyən qədər - məhdud zaman çərçivəsində uranı zənginləşdirməyə icazə versinlər. Bu icazə müddəti altı ay və ya bir il çəkə bilər. Tramp istəyir ki, bundan sonra proses tamamilə dayandırılsın və beynəlxalq konsiliumun iştirakı ilə başqa yerdə İran üçün uran zənginləşdirilib göndərilsin. İsrail isə İranın uranı bir faiz də zənginləşdirməsinə razı deyil, nüvə obyektlərinin vurulmasının tərəfdarıdır. Bu fikir ayrılıqları nəyə gətirib çıxara bilər?

Baki-xeber.com saytına açıqlamasında Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi sərhçi Sədrəddin Soltan bildirdi ki, ABŞ ilə İsrail arasında İranın nüvə proqramına dair elə ciddi bir fikir ayrılığı yoxdur: "Hər iki dövlət İranin nüvə silahı əldə etməsini istəmir, hər iki tərəf İran nüvə silahı əldə edəcəyi halda onun nüvə və digər hərbi obyektlərinin vurulması fikrini dəstəkləyir. Hər ikisi Tehran rejiminin regionda terrora dəstək verdiyini və s. bu kimi hallarla pozuculuq fəaliyyətində olduğunu bildirir.

Eləcə də İsrail İranın antisemitist oldugunu bəyan edir. ABŞ də İrana bu xüsusiyyətinə görə təzyiqlər edir. Odur ki, ABŞ ilə İsrail arasında mövcud şəraitdə İranın nüvə proqramının həlli ilə bağlı ciddi fikir ayrılığı yoxdur.

Hətta İsrail bəyan edir ki, ABŞ ilə İran arasında görüşlər keçirildiyi müddətdə bu ölkəyə qarşı heç bir əməliyyat olmayacaq. Habelə hər iki ölkə hakimiyyəti İranın nüvə obyektlərinə qarşı birgə əməliyyat keçirəcəklərini və İrana qarşı sanksiyalar tətbiq edəcəklərini bildirir. İsrail ABŞ və İran arasında vasitəçilərlə keçirilən görüşləri alqışlayır və ABŞ-nin İrana yönəlik siyasətini daima dəstəkləyib.

Ola bilər ki, hansısa taktiki məsələlərdə fikir ayrılıqları yaransın, amma fundamental məsələlərdə onlar arasında heç bir fikir ayrılığı yoxdur. Hətta İsrail və ABŞ İran İnqilabı Keşikçiləri Korpusunu, yəni SEPAH-ı terrorçu təşkilatlar siyahısına daxil ediblər. Dünyada yalnız bu iki dövlət SEPAH-ı terrorçü təşkilat hesab edir. Ona görə də bu iki dövlət arasında fikir ayrılığının olması istisna edilir. Belə bir fikir ayrılığının olması heç mümkün də deyil. Çünki İsrailin dünyada başlıca dayağı ABŞ-dir. ABŞ bəzən İsraili Böyük Britaniyanin təzyiqlərindən belə qoruyur.

Digər tərəfdən, İsrail ABŞ-nin regionda etibarlı dayaq məntəqəsi, partnyoru, tərəfdarı, strateji müttəfiqi, hətta hərbi bazası sayılır. Bu səbəbdən sözügedən iki ölkənin qarşılıqlı yardımlaşması və paylaşması olduğu halda onların eyni məsələ ətrafında fikir ayrılıqlarının yaranması ehtimalı sıfıra yaxındır".

Akif NƏSİRLİ

Seçilən
20
baki-xeber.com

1Mənbələr