Ermənistanda hakimiyyətlə kilsə arasında qarşıdurma getdikcə daha geniş miqyas alır. İndi bu qarşıdurmada iştirak edənlərin sayı sürətlə artır. Bu da ölkədə qütbləşməni dərinləşdirir. Məsələyə münasibət bildirən Ermənistan parlamentinin sədri Alen Simonyan Erməni Apostol Kilsəsinin rəhbərliyində mümkün dəyşiklikdən danışıb.
O, bütün ermənilərin yeni katolikosunun öz andından dönməyəcək şəxs olacağını bildirib: “Erməni Apostol Kilsəsinin və ya bütün ermənilərin yeni katolikosu olacaq. Əgər Müqəddəs Eçmiədzin Kilsəsində bəziləri “təhlükə keçənə qədər mağaralara girmək” taktikasının nəyisə dəyişəcəyini düşünürsə, yanılır. Əgər eyni çevrədə qanuna zidd hərəkətlərə yol verənlər qanun qarşısında məsuliyyətdən azad olunacağını düşünən bir şəxs varsa, çox yanılır. Buna görə də, reallıqla nə qədər tez qarşılaşsanız, hamınız üçün bir o qədər asan olacaq”.
Qeyd edək ki, bütün ermənilərin katolikosu II Qaregin subaylıq andını pozduğu üçün özünü çətin vəziyyətdə qoyub. Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının keçmiş üzvü, deputat Ovik Ağazaryan isə qeyd edir ki, təkcə bütün ermənilərin katolikosu II Qaregin yox, bütün din adamları subaylıq andını pozublar: “Kilsə ilə hökumət arasında çox mürəkkəb vəziyyət yaranıb. Baş nazir Nikol Paşinyan bəyan edir ki, II Qaregin subaylıq andını pozub, ona görə də katolikos ola bilməz. Mən əminəm, həm baş nazir, həm parlamentin sədri, həm də ümumilikdə hamı bilir ki, subaylıq andını pozmayan din xadimi tapmaq çətindir. Bütün din adamları subaylıq andını pozublar”. Tanınmış erməni bloger Roman Bağdasaryan isə bu fonda "Feysbuk” səhifəsində erməni katolikosu II Qareginin şəklini paylaşaraq maraqlı məqamlara toxunub: “Bu adamda ən iyrənc şey bilirsinizmi nədir? Xalqın ona necə nifrət etdiyini bilə-bilə 25 ildir ki, Rusiya FTX-nin göstərişi ilə katolikos rolunu oynamağa davam edir. Bu bir canavardır, katolikos deyil! Söhbət Paşinyanın bu cinayətkar haqqında söylədiyi sözlərdən getmir! Söhbət onun özündən gedir! Qoy hər kəs özünə sual versin: Bütün xalq sizə nifrət edirsə, “bütün ermənilərin” katolikosu olmağa davam edəcəksiniz? Varlığınızla ölkədə gərginlik yaradıb, cinsi qalmaqallarla xalqınızı rüsvay edəcəksiniz? Siz cavabı bilirsiniz və indi nəticəyə gələ bilərsiniz, qarşımızda katolikos qiyafəsində şeytan var. Kilsədən rədd ol!”. Xatırladaq ki, bundan əvvəl Ermənistan baş naziri II Qaregini subaylıq andını pozmaqda ittiham edib. Paşinyanın sözlərinə görə, subaylıq andını pozaraq övlad sahibi olan Qaregin artıq Erməni Apostol Kilsəsinin rəhbəri ola bilməz. Ermənistan hökumətinin başçısı Erməni Apostol Kilsəsinə yeni katolikosun seçilməsi üçün seçkilərə və koordinasiya qrupunun yaradılmasına çağırıb. Paşinyan II Qaregini subaylıq andını pozmaqda və uşaq sahibi olmaqda ittiham edərək onu legitim saymadığını bildirib: “Hörmətli müqəddəs Erməni Apostol Kilsəsinin inanclı ardıcılları, mən sizdən biri kimi sizə müraciət edirəm. Müqəddəs Eçmiədzin Ana Taxtını azad etmək və yeni katolikos seçkilərini təşkil etmək istiqamətində təsirli addımlar atmalıyıq”. Onun sözlərinə görə, ilkin mərhələdə bu məsələlərin təşkili ilə məşğul olacaq koordinasiya şurası yaradılacaq. Paşinyan bildirib ki, yaradılacaq koordinasiya şurası Erməni Apostol Kilsəsinin bütün inanclı ardıcılları üçün açıq olacaq. Onun sözlərinə görə, bu şuraya qoşulmaq istəyən şəxslər müəyyən meyarlara cavab verməlidirlər. Paşinyan deyib ki, adi vətəndaşlar da, din xadimləri də bu şuraya qoşula bilərlər. Din xadimləri üçün isə subaylıq andına sadiqlik əsas şərt kimi irəli sürülür.
Baş nazir ilk 10 üzvü özü təyin edəcəyini, bundan sonra isə şuranın öz daxili qaydaları ilə genişlənəcəyini söyləyib. Paşinyan deyib ki, şuraya qoşulmaq istəyən şəxslər öz məlumatlarını onun elektron poçt ünvanına göndərsinlər. Bundan əvvəl isə Erməni Apostol Kilsəsi baş nazir Nikol Paşinyanın kilsənin ali ruhanilərinə qarşı sərt tənqidlərini qəti şəkildə pisləyib. Paşinyanın fikirləri müxalifət liderləri, tanınmış ictimai xadimlər və çoxsaylı sadə vətəndaşların reaksiyasına da səbəb olub. II Qaregin və keşişlər bu “rüsvayçı” kampaniyanın kilsənin səsini boğmaq və onun ictimai təsirini azaltmaq məqsədilə həyata keçirildiyini bildirərək bunu Azərbaycanın Ermənistana qarşı davamlı tələbləri ilə əlaqələndiriblər. Ermənistanın aparıcı müxalifət qruplarının nümayəndələri də Paşinyanın kilsəyə qarşı sərt tənqidlərini Azərbaycanla əlaqələndiriblər. Onlar bildirib ki, bu kampaniya Bakıdan Ermənistandakı kilsəyə yönəlmiş tənqidlərdən sonra başlayıb və Azərbaycan dövlət mediası tərəfindən işıqlandırılıb. Erməni azərbaycanşünas Tatevik Ayrapetyan da məsələyə maraqlı reaksiya verib: “Paşinyan hər gecə yuxusunda Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə görür və hər səhər insanlar üçün məqbul qərarlar verir. Qarabağ məsələsinin “həlli” bizim üçün Paşinyanın kilsəni kimə “qaytarmaq” istədiyinin parlaq nümunəsidir. O, kilsənin koordinatorluğunu İrəvan qazısına verəcək”. II Qaregin özü isə tərəfdarlarına müraciət edərək qeyd edir: “İnanıram ki, Allahın mərhəməti və köməyi ilə sizinlə birlikdə bu çətinliyin öhdəsindən ehtiyatla, həddindən artıq emosionallıq və üsyan etmədən gələcəyik. Bilirəm ki, son günlər respublikanın baş nazirinin kilsə və ruhanilərə qarşı səsləndirdiyi bəyanatlarla bağlı öz qəzəbinizi bildirirsiniz. Biz bilirik ki, bu bəyanatlar xalqımızın övladları arasında, dünya diasporunda ümumbəşəri hiddətə səbəb olub”. “İşıqlı Ermənistan” partiyasının lideri Edmon Marukyan isə iddia edir ki, Erməni Apostol Kilsəsi ölkənin və xalqın maraqlarının qorunmasına xidmət edən ən böyük milli lobbi şəbəkəsinə sahibdir: “Erməni keşişlərinin subaylıq andına əməl edib-etməməsi ilə bağlı səs-küydən kilsənin özü əziyyət çəkir ki, bu da düşmənin mənafeyinə uyğun gəlməyə bilməz. Kilsə bütün dünyada - erməni kilsələrinin yerləşdiyi hər yerdə Azərbaycana qarşı çıxır. Kilsə Ermənistandan kənarda erməniləri ruhən qidalandırır və gücləndirir. Belə bir mühüm qurum “Qərbi Azərbaycan” faktorunua da qarşıdır. Beləliklə, mən son günlərdə baş verən prosesləri kilsə iyerarxlarından hər hansı birinin subaylıq andını pozması məsələsi kimi qiymətləndirmirəm. Erməni Apostol Kilsəsini bir sistem kimi məhv etmək vəzifəsi qoyulub".
Nahid SALAYEV