AZ

İmtahandan maksimum bal toplayan kənd məktəblisi: Həyəcandan o sualı köçürməyi unutdum

BAKI, 11 iyun. TELEQRAF

Bu gün II və III ixtisas qrupları üzrə mayın 25-də keçirilmiş qəbul imtahanının nəticələri açıqlanıb. 3-cü qrup üzrə yüksək nəticə göstərən abituriyentlərdən biri də Qazax rayonu 1 saylı şəhər tam orta məktəbinin məzunu Əli İbrahimovdur. O imtahanın birinci mərhələsində 290, ikinci mərhələsində isə maksimum nəticə - 400 bal toplayıb.

Teleqraf 690 bala sahib abituriyentlə həmsöhbət olub.

Düşündürücü suallar çox idi

- Əvvəlcə, imtahan haqda təəssüratlardan başlayaq. Səninçün imtahan asan idi, ya çətin?

- İmtahan əsasən orta səviyyədə idi. Düşündürücü suallar çox idi. Amma bu başadüṣüləndir, çünki blok imtahanının keçirilməsində məqsəd də budur: daha yüksək səviyyəli şagirdləri fərqləndirmək. Şagirdlərin də hazırlıq müddətində bunu nəzərə aldıqlarını düşünürəm.

Həyəcan ucbatından 10 bal itirdim

- Əli, həyəcanlı idin?

- Bu imtahanda həyəcan nisbətən az idi. Birinci mərhələ daha çox həyəcanlanmışdım. Buraxılış imtahanında hədəfimə çatmağıma məhz bu imkan vermədi. Həyəcan ucbatından 10 bal itirdim. Lakin bu dəfə çalışdım ki, həyəcan məqsədlərimə əngəl olmasın və alındı.

- İmtahan nəticən gözləntilərini doğrultdu?

- Nəticəmin yaxşı olacağını gözləyirdim. Çünki imtahamdan sonra etalon cavablar əsasında yoxlayıb, bu nəticəyə gəlmişdim.

- Bəs ölkə birincilərindən olmağı hesablamışdın, düşünürdün ki, birinci ola bilərsən?

- Bilirsiniz, həmişə imtahan barəsində mənfi rəylər olurdu. Çətindir və digər fikirlər... Amma buna rəğmən düşünürdüm ki, yaxşı nəticə göstərib birincilərdən ola bilərəm.

- Buraxılış imtahanında hansı fəndən bal itirmişdin?

- Riyaziyyatdan.

- Niyə?

- Biri mexaniki səhv idi. Həyəcandan bir sualı da köçürməyi unutdum. Bu da məni 300 baldan məhrum etdi.

Olimpiadanın gümüş medalçısıyam

- Əli, əvvəlki müsahiblərim, adətən, riyaziyyat fənnini sevdiklərini deyiblər. Maraqlıdır, sən hansı fənlə dostsan?

- Ən sevdiyim fənn Azərbaycan dilidir. Hətta Azərbaycan dilindən Respublika Fənn Olimpiadasının gümüş medalçısıyam.

- Bəs hansı ixtisasa yiyələnmək istəyirsən?

- Hüquqşünas olmaq istəyirəm. ADA və ya Bakı Dövlət Universitetində təhsil almaq istərdim. Məqsədim ölkəmə, xalqıma faydalı bir hüquqşünas olmaqdır.

- Ananla danışdım, həyəcanı, sevinci səsindən hiss olunurdu...

- Hə. Ailəm hər uğurumda mənim sevincimə şərik olub. Uğursuzluqlarımda isə yenidən dirçəlməyim üçün həmişə dəstək olublar. Aşağı siniflərdən başlayaraq valideynlərim dərslərimdə əllərindən gələn köməyi ediblər. Bu dəstəkləri üçün onlara xüsusi minnətdaram.

Açıq suallar daha yaxşıdır

- Əli, imtahanda açıq suallarla bağlı vəziyyət necədir? Nə düşünürsən, test, yoxsa açıq sual?

- Məncə, hər ikisinin olması vacibdir. Amma mən biliyin üzə çıxarılmasında açıq sualları daha üstün hesab edirəm. Çünki burada sadəcə bilik "danışır", sualın cavabını dəqiq bilmirsənsə, avtomatik səhv edirsən.

Uğur qeyri-adi bacarığın yox, zəhmətin nəticəsidir

- İmtahana hazırlaşan uşaqlara demək istədiyin xüsusi nəsə varmı?

- Onlara demək istəyirəm ki, çox çalışmaq, zəhmət çəkmək lazımdır. Uğur qeyri-adi bacarığın yox, zəhmətin nəticəsidir.

Digər tərəfdən, vaxtı düzgün bölmək və psixoloji olaraq özünə diqqət yetirmək də önəmlidir. İnsan hazırlıq zamanı özünə olan güvəni itirməməlidir. İnamlı olmaq lazımdır. İnamsızlığın, psixoloji hazırlıqsızlığın imtahan nəticəsinə təsiri ağır olur və arzuolunmaz nəticələrə gətirib çıxara bilir.

Sınaq imtahanlarında iştirak etmək, sınaq testləri işləmək də vacibdir. Son dövrlərdə sınaq imtahanlarında istifadə olunmuş suallara diqqət etmək lazımdır. Bu sualları səhvsiz yazana qədər öz üzərində işləməyi məsləhət görürəm.

Tarixdən suallar daha düşündürücü idi

- Müqayisə etsən hansı fəndən suallar daha çətin idi?

- Əslində, çətin deməzdim, sadəcə olaraq düşündürücü, məntiqi suallar tarix fənnində daha çox idi.

- Əli, dərslərdən danışdıq, bəs hobbilərin var? Yoxsa ancaq dərslərə fokuslanmısan.

- Təbii ki, hobbilər var. Şahmat oynamağı sevirəm. Həmçinin, daimi olaraq intellektual oyunlarda iştirak edirəm.

- Bəs ölkədə təhsil almaq istəyirsən, yoxsa xarici universitetlərə müraciət edəcəksən?

- Əvvəlcə Azərbaycanda, ölkədə oxumaq istəyirəm. Sonra təhsilimi xaricdə davam etdirməyi düşünürəm.

- Vaxt ayırıb suallarımızı cavablandırdığın üçün sənə minnətdaram. Sonda nə demək istərdin?

- Üzərimdə əməyi olan bütün müəllimlərimə və həmişə yanımda olan, dəstəyini əsirgəməyən valideynlərimə minnətdaram.

Seçilən
45
teleqraf.com

1Mənbələr