"Əgər 1979-cu il olmasaydı, bu toy bir şah əsilzadə toyu kimi əsl dövlət səviyyəli tədbirə çevrilərdi..."
İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin nəvəsi və taxt varisi Rza Pəhləvinin ortancıl qızı İmana Pəhləvi Parisdə keçirilən təntənəli mərasimdə amerikalı yəhudi biznesmen Bredli Şermanla ailə həyatı qurub.
Moderator.az xəbər verir ki, bu barədə "Detaly.co" nəşri yazıb.
Bu hadisə həm İran monarxiya ailəsinin üçüncü nəsil nümayəndəsi üçün ilk toy mərasimi olmaqla, həm də İslam və yəhudi mədəniyyətlərinin unikal vəhdəti ilə yadda qalıb.
Mərasim və rəmzlər
Toy mərasimi hər nə qədər İran adətləri ilə baş tutsa da, ümumi ab-hava müasir və Avropa üslubunda təşkil olunub. İmana Pəhləvi çiyinləri açıq ağ gəlinlik geyinib, atası Rza Pəhləvi isə klassik smokiq və qalstuk-papyonla tədbirə qatılıb.
Mərasimdə şahzadənin bacıları Nur və Fərə, eləcə də şahın dul həyat yoldaşı Fərəh Pəhləvi də iştirak edib. Bundan öncə cütlük bir ay öncə Nyu-Yorkda, daimi yaşadıqları şəhərdə mülki nikahlarını rəsmiləşdirib.
Cütlüyün həyatı və ictimai reaksiya
İmana hazırda "American Express" şirkətində menecer vəzifəsində çalışır. Onun həyat yoldaşı Bredli Şerman isə texnologiya sahəsində ixtisaslaşmış "Matternet" adlı pilotsuz uçan aparatlarla logistika xidməti göstərən bir şirkətdə tərəfdaşlıqlar üzrə rəhbər vəzifəsində çalışır. Məlumata görə, cütlük uzun müddətdir münasibətdə olub və bu evlilik gözlənilən bir addım kimi qiymətləndirilir.
Toyun yəhudi ənənələri və diasporun reaksiyası
Toy zamanı yəhudi toylarına xas olan rəqs mərasimi də keçirilib: sosial şəbəkələrdə paylaşılan görüntülərdə gəlin və bəyin stullarda qaldırıldığı, xor müşayiəti ilə rəqs etdikləri anlar əks olunub. Bu məqam mərasimin mədəni müxtəlifliyini vurğulayan əsas elementlərdən biri kimi yadda qalıb.
İran diasporunda bu evlilik müsbət qarşılanıb. İran-yəhudi mənşəli bloger Nio Berq yazıb: "Təbriklər, şahzadə İmana Pəhləvi və Bredli Şerman! Əgər 1979-cu il olmasaydı, bu toy dünyanın hər yerindən qonaqların dəvət olunduğu bir şah əsilzadə toyu kimi əsl dövlət səviyyəli tədbirə çevrilərdi".
Kanadada fəaliyyət göstərən siyasətçi Qoldi Qhamari isə qeyd edib: "Şahzadə İmana və onun atası, Əlahəzrət Rza Pəhləvinin bu birgə fotosu ümid, miras və İranın 2500 illik tarixinin davamlılığını təcəssüm etdirir. Bütün olanlara baxmayaraq, şah ailəsi yaşayır və əvvəlkindən də çox sevilir".