AZ

Ermənistan NATO ilə əməkdaşlığa can atır


Rusiya Xarici İşlər Nazirliyinin sözcüsu Maria Zaxarovanın Azərbaycan və Ermənistanın NATO ilə əməkdaşlığını hədəf alan açıqlaması Kremlin postsovet məkanında olan imperiya iddialarının bariz nümunəsidir. Rəsmi Moskva bir tərəfdən özünün qonşu dövlətlərlə hərbi-siyasi ittifaqlar qurmasını legitim təhlükəsizlik tədbiri kimi əsaslandırır, digər tərəfdən isə bu tip yanaşmalarla qonşu ölkələrin müstəqil xarici siyasət həyata keçirməsini bloklamağa çalışır. Təbii ki, bu tip qərəzli ritorika qəbuledilməzdir və dövlətlərarsı münasibətlərin inkişafına mənfi təsir göstərir.

İlk növbədə bir məsələyə aydınlıq gətirək. Rəsmi Bakı və İrəvanın alyansla əməkdaşlıq istəyi tamamilə fərqli məqsədlərə hesablanıb. Azərbaycan NATO ilə əməkdaşlığını əsasən Sülh naminə tərəfdaşlıq proqramı çərçivəsində həyata keçirir və bu əməkdaşlıq daha çox müdafiə islahatları, sülhməramlı missiyalar kimi məsələlərdə qarşılıqlı faydalı bilik və tərcübə toplamağa xidmət edir. Yəni, Azərbaycanın Şimal Atlantika Alyansı ilə əməkdaşlığı Rusiya əlehinə deyil və heç zamanda olmamışdır.
Ancaq istənilən xarici təhdidlərə qarşı NATO üzüvü olan Türkiyə Cümhuriyyəti və Pakistanla bərabər təhlükəsizlik çətiri formalaşdırmışıq. Bu tarixi gerçəklikdən və günümüz çağırışlarından irəli gələn zərurətdir.

Ermənistan isə tamamilə fərqli düşüncələr fonunda NATO ilə əməkdaşlığa can atır. Nikolun əsas istəyi Rusiyanın hərbi varlığını ölkədən çıxartmaq və onların boşalan yerini Qərb qüvvələri ilə əvəzləməkdir. Lakin, günümüz reallığında bu hələ də mümkün olmayan bir məsələdir.

Nəticə etibarilə, Rusiya özünü postsovet məkanında aparıcı güc kimi təqdim etməyə çalışır və keçmiş ittifaq ölkələrinin Qərblə yaxınlaşmasını təhdid metodları ilə əngəlləmək cəhdləri edir. Onlar hesab edirlər ki, Gürcüstan və Ukrayna hadisələri digər dövlətlər üçün bir dərs olmalıdır. Amma, geosiyasi reallıqlar bunun əksini deyir. Ən azından Azərbaycan kontekstində. Rəsmi Bakı keçən dövr ərzində o qədər mükəmməl xarici siyasət strategiyası həyata keçirib ki, hətta ikili münasibətlərdə gərginlik yaşayan güclər belə Azərbaycan reallığında eyni məntiq üzərindən mövqe sərgiləyir. Bu da öz növbəsində Rusiyanın təhdidlərini neytrallaşdırır.

Siyasi şərhçi Pərviz Mirizadə
Seçilən
17
newscenter.az

1Mənbələr