BAKI, 12 iyin. TELEQRAF
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda iyunun 16-18-də keçiriləcəyi planlaşdırılan Avropa Ravvinlər Konfransıİsrailin Qəzzaya davam edən hücumlarına görə ləğv edilib.
Teleqraf xəbər verir ki, Bosniya və Herseqovina Federasiyasının Məşğulluq və sosial müdafiə naziri Adnan Deliç Sarayevoda konfransın planlaşdırıldığı otelə məktub göndərərək belə bir toplantının keçirilməsinin lazım olmadığını bildirib.
Sarayevonun qonaqpərvər paytaxt olduğunu bildirən Deliç, "uşaqların öldürüldüyü, xəstəxanaların hədəf alındığı, bazarların bombalandığı Qəzzada dinc insanlara qarşı hər gün soyqırım həyata keçirən İsrailə dəstək tədbirinin təşkil edilməsi qəbuledilməzdir" deyə bildirib. Deliç Sarayevonun belə bir görüşə ehtiyacı olmadığını vurğulayaraq təşkilatçıları konfransı dərhal ləğv etməyə çağırıb.
Otel konfransı və rezervasiyaları ləğv etdiyi açıqlayıb.