BAKI, 12 iyun. TELEQRAF
Yaxın 20 il ərzində Ukrayna iqtisadiyyatı Rusiya iqtisadiyyatını üstələyə bilər.
Teleqraf xəbər verir ki, bu bəyanatla Konqresdəki dinləmələr zamanı ABŞ-nin maliyyə naziri Skott Bessent çıxış edib.
Amerikalı nazirin sözlərinə görə, uzunmüddətli perspektivdə sabit Ukrayna iqtisadiyyatı bu ölkə üçün ən yaxşı müdafiə olacaq. O hesab edir ki, milli təhlükəsizlik həm də iqtisadi təhlükəsizlik deməkdir.
Bessent xatırladıb ki, Berlin divarı uçurulanda Ukrayna və Polşa iqtisadiyyatları eyni səviyyədə idi, lakin indi Polşa iqtisadi baxımdan Ukraynanı üç dəfə üstələyir.
"İnanıram ki, 20 il ərzində Ukrayna iqtisadiyyatı, səmərəli idarəetmə, belə tərəfdaşlıq (Ukrayna və ABŞ arasında olduğu kimi - red.) və qlobal investisiyalar sayəsində Rusiya iqtisadiyyatını üstələyə bilər. Düşünürəm ki, bu, o zaman Rusiyanı idarə edəcək hər kəs üçün çox güclü çəkindirici amil olacaq", - o vurğulayıb.
Nazir əlavə edib ki, Romada tezliklə Ukraynanın bərpası mövzusunda böyük konfrans təşkil olunacaq. Vaşinqton Dünya Bankını bu məsələyə diqqət yetirməyə çağırır.
Bununla yanaşı, amerikalı nazir vurğulayıb ki, Ukraynaya qarşı müharibədə Rusiyaya istənilən formada kömək edən heç bir ölkənin Ukraynanın bərpası prosesində iştirak etmək hüququ olmayacaq.
"Siz bir ölkəni dağıda, insanları məhv edə, sonra isə onun bərpası üçün pul ala bilməzsiniz", - Bessent qeyd edib.