Ötən mövsümün nəticələrinə əsasən Premyer Liqaya vəsiqə qazanan “İmişli”nin düşərgəsində hələ ki, sakitlikdir.
Bizim.Media xəbər verir ki, komandanın ilk növbədə yeni baş məşqçisinin kim olacağı bilinmir.
Bir müddət öncə rəhbərliyin portuqaliyalı Kristian Souza ilə ilkin razılıq əldə etdiyi də bildirilirdi. Adıçəkilən mütəxəssis hətta Azərbaycana gələrək “İmişli”nin birinci liqada keçirdiyi oyunlardan birini də izləmişdi.
Ancaq bu təyinat da hələ rəsmi olaraq açıqlanmayıb.
Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən “İmişli”nin icraçı direktoru Aqşin Mürsəlov yeni baş məşqçinin yaxın günlərdə açıqlanacağını bildirib:
“Portuqaliyalı məşqçi ilə ilkin danışıq aparmışıq. Ancaq təyinatın rəsmiləşməsi üçün idarə heyətinin iclası olmalıdır. Yaxın günlərdə bu iclas baş tutacaq. İclasda yeni baş məşqçimizin də kimliyi dəqiqləşəcək. Əvvəlki baş məşqçi Fərid Namazovun da klubla müqaviləsi başa çatıb. İclasda transfer və mövsümə hazırlıqla məsələlərə də aydınlıq gələcək”.
İcraçı direktor eyni zamanda stadionla bağlı məsələyə də aydınlıq gətirdi:
“Stadion məsələsi bir qədər yubanır. Bununla bağlı AFFA ilə birgə çalışırıq. Arena bizim mülkiyyətimizdə deyil. Həm bu, həm də yenidənqurma işləri ilə bağlı danışıqları davam etdiririk. Federasiya bizə lazımi köməklik göstərəcəyini açıqlayıb. Böyük ehtimalla mövsümə başqa stadionda başlamağa məcbur olacağıq. Çünki yenidənqurma işləri, xüsusilə də qazonun yenilənməsi bir qədər vaxt aparacaq. Hələlik konkret harada oynayacağımız isə dəqiqləşməyib”.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta