İş görüşmələrində ən populyar və eyni zamanda ən başa düşülən suallardan biri “niyə sizi işə götürək”dir. Bu sualı verən işəgötürənin məqsədi namizədin şirkət üçün uyğun olub-olmadığını müəyyənləşdirməkdir. Bu suala qeyri-müəyyən və üstüörtülü cavab vermək mümkün deyil. Sizdən bu işə digər namizədlərdən daha layiq olduğunuzu ətraflı izah etməyiniz, şirkətə hansı dəyəri qatacağınızı konkret şəkildə bildirməyiniz gözlənilir.
Unutmayın, şirkətin işə aldığı şəxslər onun imicinə və nüfuzuna birbaşa təsir edir. Bu səbəbdən, özünüzü inamla və faktlara əsaslanaraq tanıtmalı, bacarıqlarınızı düzgün təqdim etməlisiniz. Bəs bu sual niyə bizi narahat edir?
Valyuta.az bu narahatlığımızı aradan götürmək üçün həmin suala verə biləcəyimiz cavabları təqdim edir.
Şirkətin nə istədiyini anlayın
Hər şeydən əvvəl araşdırma aparmaq vacibdir. İş elanı ilə diqqətlə tanış olun. Şirkət, məsələn, yeni vəzifələrə tez uyğunlaşa bilən, gələcəklə bağlı proqnoz verə bilən, incə bacarıqlara və yüksək emosional zəka səviyyəsinə malik namizəd axtara bilər. Elanı diqqətlə oxumaq bu baxımdan çox əhəmiyyətlidir. Elanı təhlil etdikdən sonra müsahibəni aparacaq şəxslərə hansı bacarıqlarınızı və təcrübələrinizi göstərmək istədiyinizə qərar verin. Bundan sonra şirkətin son hesabatları, rəsmi saytı və sektorla bağlı xəbərlərlə tanış olun. Bu sizə şirkətin və ya sahənin hansı bacarıq və şəxslərə ehtiyacı olduğunu anlamağa kömək edəcək.
Şirkətin sosial media profilləri və ümumi imici ilə tanış olmaq da vacibdir. Bu, günümüzdə işə qəbul prosesində mühüm rol oynayan “mədəni uyğunluq” məsələsini qiymətləndirmək baxımından çox əhəmiyyətlidir. İş mühiti necədir? Hansı təcrübələrinizi bu yeni mühitə uyğun tətbiq edə bilərsiniz?
Bu məlumatlara əsaslanaraq müsahibədə verəcəyiniz cavabları necə təkmilləşdirə biləcəyiniz üzərində düşünün. Bu sizin şirkətlə maraqlandığınızı və ciddi hazırlaşdığınızı göstərir. Nəticədə, qarşı tərəfin eşitmək istədiyi cavabları vermə şansınızı artırır. Bu heç də “göz boyamaq” deyil. Əksinə, sizin ən uyğun bacarıqlarınızı və problem həll etmə qabiliyyətinizi ön plana çıxarmaq deməkdir.
Kəmiyyət deyil, keyfiyyət önəmlidir
Müsahibə zamanı vurğulanmalı əsas məsələlər bunlardır: iş təcrübəsi, uğurlar, bacarıqlar, təhsil və mədəni uyğunluq. Cavablarınız dəqiq və qısa olmalıdır. 3-4 nümunədən artıq misal vermək qarşı tərəfin diqqətini yayındıra bilər. Hətta ən təsirli cavablarınızı əvvəl versəniz belə, bir neçə arqumenti sonrakı suallar üçün saxlamaq faydalı olar.
Təcrübə və təhsil
Söhbətin əvvəlində namizəd kimi ümumi profilinizi göstərmək üçün təcrübənizdən bəhs edə bilərsiniz. Müraciət etdiyiniz vəzifədə uğur qazanmaq üçün kifayət qədər biliyə sahib olduğunuzu göstərməlisiniz. Əgər layihə rəhbəri vəzifəsinə müraciət etmisinizsə və bu sahədə təcrübəniz varsa, qarşı tərəfin sizə maraq göstərmə səbəbi elə budur. Konkret misallar gətirin və təcrübənizlə müraciət etdiyiniz sahə arasında əlaqə qurun.
Uğurlar
İşəgötürənlər ölçülə bilən nəticələrə önəm verirlər. Məsələn: “24 nəfərlik komandaya rəhbərlik etmişəm”, “Satışları 150% artırmışam”, “9 layihəni uğurla tamamlamışam”, “A, B və C müştəriləri ilə çalışmışam” kimi məlumatlar təqdim edin.
Bacarıqlar və mədəni uyğunluq
Şirkət mədəniyyəti baxımından önəmli olan sosial bacarıqlarınızı müəyyənləşdirib real nümunələrlə göstərin. Şirkət nizam-intizamlı, lider xarakterli, yoxsa innovativ həllər təqdim edən biri axtarır? Bunu başa düşmək və cavabınızı buna uyğun hazırlamaq vacibdir.
Cavab verməyə hazır olun
Araşdırma aparmağınıza baxmayaraq, nələrisə gözdən qaçırmış ola bilərsiniz. Məsələn, şirkətin fəaliyyət göstərmədiyi bir sahəyə dair planlarınız varsa, bu uyğunluq yaratmaya bilər. Ona görə də bacarıq və təcrübələrinizi əvvəlcədən düşünün və real nümunələrə əsaslanan cavablar hazırlayın. Amma eyni zamanda, sizə veriləcək suallara diqqətlə qulaq asmaq və doğru cavab vermək də çox vacibdir.
Əgər cavabınızı düşünərkən sualı diqqətlə dinləməsəniz, istəmədiyiniz nəticələrlə qarşılaşa bilərsiniz. Ona görə də dinləmək və konkret cavab vermək görüşmənin əsas uğur şərtlərindən biridir.
Sizi fərqləndirən özəlliyi sona saxlayın
Bu, sizi digərlərindən ayıracaq ən vacib məqam olacaq. Artıq əsas bacarıq və təcrübələrinizi təqdim etdiniz. Şirkətə necə dəyər qatacağınızı izah etdiniz. Çox gözəl. Bəs sizi digər güclü namizədlərdən fərqləndirən nədir?
Cavab: bacarıqlarınızın bənzərsiz bir kombinasiyası. Məsələn, marketinq sahəsinə müraciət etmisiniz, amma kodlaşdırma bilikləriniz də var. Ya da ikinci bir xarici dil bilirsiniz. Əsas odur ki, cavabınızı təsirli, mövzu ilə əlaqəli və maraqlı bir nüansla tamamlayasınız. Bu, sizi bir addım öndə göstərəcək və yadda qalan namizədə çevirəcək.
Günay