Əvvəli ötən saylarımızda...
Mədəni irsi talan edənlər
Dünyanın hər yerində ilkin arxeoloji axtarışlar daha çox qarətçilik və qənimət axtarışı məqsədi daşıyıb. XIX əsrin sonlarında Fransadan olan Morqan qardaşlarının Azərbaycan ərazisindəki üzdəniraq “arxeoloji” fəaliyyətləri nəticəsində tariximizin ən qədim dövrlərinə aid zəngin arxeoloji kolleksiya toplayaraq onu Avropaya aparmışlar. İş o həddə çatıb ki, Rusiya höküməti Morqan qardaşlarını Azərbaycandan deportasiya ediblər. O da, təəccüblüdür ki, Morqan qardaşlarının Azərbaycandan talan edərək aparmış olduqları tarixi-mədəni irs nümunələri artıq uzun illərdir ki, Avropa muzeyləri və şəxsi kolleksiyalarda erməni və ya fars mədəniyyət nümunələri kimi təqdim və təşviq olunmaqdadır.
Çar Rusiyası və Sovet imperiyasının tərkibində olduğu dönəmdə Azərbaycan ərazisində tarixi-mədəni irsin talan edilməsi ilə məşğul olmuş digər əcnəbilərin də adını çəkmək olar. Hansı ki, onların XIX-XX əsrin əvvəllərində talan edib apardıqları arxeoloji irs bu gün də Almaniya və Britaniya muzeylərinin fondlarında saxlanılmaqdadır.
Azərbaycanda ilk arxeoloji ekspedisiyalar
Azərbaycan ərazisində təşkil olunan ilk arxeoloji ekspedisiyalar XX əsrin 20-ci illərindən etibarən fəaliyyətə başlayıb. Həmin ekspedisiyalar əsasən kəşfiyyat axtarışları aparmaqla məşğul olublar. Hansı ki, bu tendensiya ötən əsrin 40-50-ci illərinədək davam edib. Onların başlıca hədəfi bu və ya digər abidəni qeydə almaq, ilkin olaraq onların tipi və dövrünü müəyyən etməkdən ibarət idi.
Ötən əsrin 50-ci illərindən başlayaraq artıq nisbətən iri - kompleks ekspedisiyaların fəaliyyətinə start verilib. Qəbələ, Mingəçevir, Beyləqan, Şamaxı, daha sonra Şabran, Şəmkir və Ağsu şəhər yerlərində aparılan tədqiqatları buna misal göstərmək olar. Hansı ki, bu tədqiqatlar artıq abidələrin daha geniş planda öyrənilməsini hədəfləmişdi. Bu konteksdə şəhərlərin daxili strukturu və memarlığı, əhalinin məşğuliyyət sahələri, sanitariya və abadlıq məsələləri, fortifikasiya sistemi və nəhayət, ticarət və mədəni əlaqələrdə iştirakı öyrənilməkdə idi. Həm də ilkin kəşfiyyat qazıntılarından fərqli olaraq bu tədqiqatlarda arxeoloqlarla yanaşı, digər elm sahələrinin nümayəndələri də iştirak edirdilər. Memarlar, etnoqraflar, epiqraflar, rəssamlar, numizmatlar, paleontoloq və antropoloq alimlərin də bu cür tədqiqatlara cəlb olunması təbiidir ki, tədqiqatın kompleks aparılmasına imkan yaradırdı. Yəni, eyni vaxtda və eyni məkanda çeşidli informasiya əldə olunurdu. Bu da öz növbəsində abidəni daha dərindən və əhatəli şəkildə dərk etməyə imkan verirdi.
Yeni tələblər, yeni çağırışlar
Artıq zaman dəyişib, texniki imkanlar və arxeoloji tədqiqatlar qarşısında duran hədəflər və tələblər də dəyişib. Başqa sözlə, indiki halda, arxeoloji tədqiqatlarda daha əvvəllər olduğu kimi ənənəvi yanaşmalar yetərli hesab oluna bilməz. Minillər ərzində torpağın altında uyuyan nadir bir abidəni öyrənməzdən əvvəl müasir texniki vasitələrlə orada konkret olaraq nə olduğunu və hansı vəziyyətdə olduğunu öyrənmək imkanları var. Yəni, irəlicədən torpaq altındakı tikilinin parametrlərini öyrənə biliriksə, bir halda ki, bu mümkündür, onda niyə abidəni necə deyərlər kor- koranə qazıb dağıdaq?
Bu gün zəruri texniki cihazlarla silahlandırılan dronlar vasitəsi ilə istənilən abidə barəsində hələ orada qazıntıya başlamazdan öncə əvvəllər olduğundan qat-qat artıq, həm də daha geniş və müfəssəl informasiya əldə etmək imkanları var. Əgər son vaxtlaradək abidənin və orada aşkar edilən çeşidli artefaktların yaşı, inkişaf tsiklləri sadəcə arxeoloqun müqayisəli təhlili və fəhmi əsasında müəyyən olunurdusa, indi bu işi radiokarbon və çox çeşidli digər analizlər yolu ilə asanlıqla görə bilərik.
Son vaxtlaradək arxeoloqlar ənənəvi yanaşma imkanlarından istifadə etməklə bu və ya digər abidənin hansı əsrə, yaxud hansı minilliyə aid olduğunu təqribi olaraq müəyyən edirdisə, bu gün artıq radiokarbon analizlər hər cür artefaktın dövrünü konkret ilinə qədər dəqiqliklə müəyyən edə bilir.
Arxeoloji fəaliyyətin turistik hədəfləri
Uzun illər arxeoloji tədqiqatların yeganə hədəfi tarixi reallıqları öyrənmək idi. Sözsüz ki, məhz arxeoloji araşdırmalar sayəsində tarixi daha dərindən və əhatəli yazmaq mümkündür. Arxeoloji araşdırmalara olan bu tələb eyni ilə bu gün də qalmaqdadır. Bununla yanaşı, indiki halda arxeoloji tədqiqatlar qarşısında elmi hədəflərlə paralel, həm də turistik hədəflər durur. Yəni, arxeoloji tədqiqatın nəticəsi olan tapıntıların daha sonra həm də turistik perspektivləri nəzərə alınmalıdır.
Konservasiya problemləri
Arxeoloji tədqiqatlar həm də konservasiya problemlərni aktual edir. Bu iş isə iki mərhələdən ibarət olmalıdır. Birincisi, arxeoloji ekspedisiya heyəti içərisində mütləq şəkildə həm də konservasiya üzrə mütəxəssis olmalıdır. Yəni, artefaktların, üzə çıxarılan kommunikasiya elementlərinin açıq hava şəraitində tez bir zamanda aşınmasının qarşısını almaq məqsədilə dərhal ilkin konservasiya tədbirləri görülməlidir. Çünki, əsrlər, minilliklər ərzində torpaq altında uyuyan bu və ya digər tapıntı üzəri açıldığı zaman günəş, yağış, külək və digər təbii təsirlər nəticəsində sürətlə aşınmaya məruz qalır. Bu isə o deməkdir ki, torpaq tarixi yadigarları insanlardan daha yaxşı mühafizə edir.
Konservasiya tədbirlərinin ikinci mərhələsi abidənin arxeoloji tədqiqindən sonra həyata keçirilir. Bu mərhələdə arxeoloq bilavasitə iştirakçı deyil, elmi məsləhətçi funksiyasını icra edir. Təəssüf hissi ilə onu da bildirməliyəm ki, hələlik arxeoloji tədqiqi başa çatdırılmış abidələrin xeyli qismi konservasiya olunmur və beləliklə də tədricən dağılıb məhv olur. Məsələn, Şamaxı, Şabran, Gəncə və Beyləqan şəhərlərində 60-70-ci illərdə kifayət qədər geniş sahələrdə aparılmış tədqiqatlardan sonra heç bir konservasiya tədbiri görülmədiyindən həmin sahələr faktiki olaraq zibilliyə çevrilib. Bu acı reallıqlar onu tələb edir ki, indiki halda konservasiya təminatı olmayan abidə qazılmasın gərək.
Arxeoloq öyrənir, yoxsa dağıdır?
Xalq arasında belə bir deyim var: tarixi abidələri hamıdan çox arxeoloqlar dağıdır. Razılaşaq ki, bu deyimdə həqiqətin payı heç də az deyil. Amma onu da nəzərə alaq ki, arxeoloqun vəzifəsi öyrənməkdir. Konservasiya təminatı isə digər qurumların, birinci növbədə də rəsmi dövlət qurumlarının vəzifə borcudur. Bu sahədə Türkiyə, İtaliya, Yaponiya və Çin kimi ölkələrin müsbət nümunələri mövcuddur. Həmin ölkələrdə artıq konservasiya ənənələri və məktəbləri uğurla fəaliyyətdədir. Azərbaycanda da son illər bu sahəyə nəzərəçarpacaq dərəcədə diqqət artıb. Minnətdarlıq hissi ilə deməliyəm ki, bu məsələ birbaşa ölkə prezidentinin daimi diqqət və nəzarətindədir. Heydər Əliyev Fondunun Bakı, Şamaxı, Gəncə, Naxçıvan şəhərlərindəki bir sıra nadir tarixi abidələrin konservasiyası istiqamətində görmüş olduğu işlər də təqdirəlayiqdir. Müsbət haldır ki, son vaxtlar tarixi-arxeoloji abidələrin tədqiqi və konservasiya işinə digər qeyri hökümət təşkilatları, xüsusən də SEBA assosisasiyası və Miras İctimai Birliyinin də önəmli qatqıları var. Ayrı-ayrı iş adamlarının da abidələrin bərpa və konservasiyasına maraq göstərdiyinə və sərmayə qoyduqlarına dair misallar da az deyil.
Arxeoloqların şərəf işi
Tarix-xalqın qan yaddaşı, kimliyi və gələcəyidir. Keçmişini tanımayan, soykökünə bələd olmayan xalq özünü dərk edə bilməz və gələcəyini də sağlam şəkildə qura bilməz. Zamanın dərin qatlarında itib-batan hadisələr, unudulmağa üz tutan mədəniyyət nümunələri, minilliklərin sükutuna qərq olmuş şəhərlər və məzarlıqlar məhz arxeoloji tədqiqatlar yolu ilə yenidən gün işığına çıxarılır, mənəvi sərvətə çevrilir.
Bu tarixi yaddaşı qorumaq, öyrənmək və onu gələcək nəsillərə dürüst şəkildə ötürmək isə arxeoloq alimlərin borcu, vəzifəsi və şərəf işidir. Bu gün elmi tədqiqat imkanları nə qədər artsa da arxeoloji tədqiqatlarda baş və əsas fiqur yenə də arxeoloqun özüdür. Çünki, o abidəni hər cür ən yeni texniki avadanlıqlardan daha yaxşı duyur, hiss edir. Təsəvvür edin, professor Məmmədəli Hüseynovun 60 il əvvəl məntiq və fəhmi əsasında Azıx mağara düşərgəsində həyatın müxtəlif mərhələlərinin yaşı barədə dedikləri ilə bu gün aparılan radiokarbon analizlərin nəticələri demək olar ki, eynidir.
Mədəni irs xiridarlarının həyəcan təbili
Dünyada çoxsaylı mədəni irs təşkilatları var. Dünyanın ayrı-ayrı yerlərində davamlı olaraq mədəni irs tədbirləri keçirilməkdədir. Dünyanın hər yerində tarix-mədəni irsin qorunması, öyrənilməsi və təşviqi bir növ prioritet sahədir. Mədəni irsin qorunmasına dair çoxsaylı beynəlxalq qayda və qanunlar var. Amma bütün bunlara rəğmən dünyanın müxtəlif nöqtələrində, hər kəsin gözləri qarşısında tarixi-mədəni irs vandalcasına dağıdılır, məhv edilir. Rusiya-Ukrayna cəbhəsində, Yaxın Şərqdə, Avropanın hələ də müstəmləkə əsarətində saxlamaqda olduğu ölkələrdə baş verən dağıntıların həddi - hüdudu yoxdur. Qəzza zolağında, Suriyada, Əfqanıstanda, Rusiya və Ukrayna səhələrində baş verməkdə olan dağıntıları bir an göz önünə gətirək. Qədim və orta əsr barbarlar da heç belə hərəkət etməyib. Nəzərə alın ki, bu gün müharibə edənlər şəhər və kəndləri elə silahlarla, həm də elə üsullarla dağıdırlar ki, gələcəkdə o yerlərdə heç arxeoloqlar da yaşayış izləri tapa bilməyəcəklər. Odur ki, gəlin bu gün biz də bu tribunadan etiraz edək, həyəcan təbili səsləndirək. Bəsdirin, cənablar! Xalqların min illər ərzində yaratdıqlarını, yaşatdıqlarını öz siyasi ambisiyalarınıza qurban etməyin!
Qafar Cəbiyev,
AMEA Arxeologiya və Antropologiya İnstitutunun İslam dövrü
arxeologiyası şöbəsinin müdiri,
tarix elmləri doktoru, professor, əməkdar jurnalist