AZ

Liseylərə qəbul yarışı: Təhsil keyfiyyəti, yoxsa status yarışması?

Son illərdə Azərbaycanda və digər ölkələrdə liseylərə maraq nəzərəçarpacaq dərəcədə artıb. Dövlət liseylərinə mərkəzləşdirilmiş imtahanla qəbul həyata keçirildiyi üçün valideynlər övladlarını bu imtahanlarda uğur qazanması üçün uzun müddət repetitor yanında hazırlığa qoyur. Şagirdlərin və valideynlərin liseylərə üstünlük verməsi sadəcə bir dəb deyil, bunun arxasında təhsilin keyfiyyəti, gələcək karyera imkanları, sosial status kimi ciddi amillər dayanır. Liseylərdə təhsil alan şagirdlər ali məktəbə qəbul imtahanlarında daha yüksək nəticə göstərirlər. Çünki onlara test strategiyaları, dərs materiallarının sistemli qavranması və vaxtın idarə olunması kimi bacarıqlar öyrədilir. Belə olan halda valideynlər övladlarının liseydə oxumasına can atır. Liseydə təhsil almaq bəzən cəmiyyət daxilində bir prestij və status göstəricisi sayılır. Valideynlər bu statusu həm özləri, həm də övladları üçün arzulayırlar.

 

Lisey mühiti uğur yaradır

Liseylər adətən gücləndirilmiş tədris proqramı ilə seçilir. Burada dərslər dərinləşdirilmiş formada keçirilir və şagirdlər daha yüksək elmi səviyyəyə malik müəllimlərdən təhsil alır. Riyaziyyat, fizika, kimya, biologiya kimi fənlərdə əlavə saatlar ayrılır, bu da olimpiada və qəbul imtahanlarına hazırlığı gücləndirir. Liseylərdə peşəkar və təcrübəli müəllimlər dərs deyir. Bu müəllimlər həm də beynəlxalq olimpiadalara hazırlıqda şagirdlərə dəstək olur. Demək olar ki, bütün liseydə şagirdlər beynəlxalq olimpiadalara, debatlara və müsabiqələrə cəlb olunur. Bu, onların dünya görüşünü genişləndirir və xaricdə təhsil almaq üçün şanslarını artırır. Liseylərdə ətrafda uğura can atan tələbələr olur, bu isə ümumi mühiti daha intellektual və məqsədyönlü edir. Şagirdlər bir-birindən öyrənir, həm də özlərini daha çox inkişaf etdirməyə çalışırlar. Liseylərdə şagirdlər çox vaxt müəyyən istiqamətlər üzrə ixtisaslaşmağa başlayır: texniki, humanitar, təbiət elmləri və s. Bu da onların gələcək ixtisas seçiminə dəqiq qərar verməsinə kömək edir.

 

Liseylərdə xarici dillər, informatika, robototexnika və digər müasir biliklər daha dərindən öyrədilir. Bəzilərində beynəlxalq proqramlar təqdim olunur.

 

Liseylərə qəbul üçün ciddi imtahanlar və seçim mərhələləri tətbiq olunur. Bu isə artıq orta məktəbdə oxuyan şagirdlərin də dərslərə daha ciddi yanaşmasına səbəb olur.

 

Digər tərəfdən, liseylərin nümunə kimi göstərilməsi təhsil sistemində müsbət rəqabət yaradır və dövlətin təhsildə islahatlara marağını artırır.

 

Övladı liseydə təhsil alan Səkinə Abdullayeva deyir ki,  liseydə dərslər ciddi keçirilir. Müəllimlər çox tələbkardır, bu da uşaqda  məsuliyyət hissini artırır: “Hər gün öyrəndiyi nəsə yeni bir şey var. Övladım liseyə keçəndən dərsləri daha sistemli oxumağa başladı. İndi qəbul imtahanlarına da liseydə xüsusi hazırlıq aparılır, əlavə kurslara ehtiyac qalmır.  Xarici dillər və digər fənlər yaxşı tədris olunur. Liseydə ingilis dili dərsləri çox yüksək səviyyədədir. Hətta ikinci xarici dil də öyrənirlər. Bu, gələcək üçün böyük üstünlükdür.Uşaq özünü inkişaf etdirir və fərqlənir. Liseyin mühiti uşağıma çox müsbət təsir edib. Daha məsuliyyətli, daha nizam-intizamlı olub. Həm dərs, həm də ictimai fəaliyyətlərdə aktiv iştirak edir. Bir neçə olimpiadanın qalibidir".

 

Təhsil eksperti Kamran Əsədov hesab edir ki, valideynlərin lisey və gimnaziyalara yönəlməsinin başlıca səbəbi ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinə olan inamın zəifliyidir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycanda ümumtəhsil məktəblərinin 70 faizindən çoxu, xüsusilə regionlarda, kadr çatışmazlığı, infrastruktur problemləri və dərs saatlarının yüklənməsi kimi çətinliklərlə üz-üzədir. Əksinə, liseylər daha seçmə kontingent, yüksək bal tələbi, fərqləndirilmiş dərs saatları və sınaq mühitində fəaliyyət göstərdiyindən, onlar həm valideynlər, həm də müəllimlər üçün “elit təhsil məkanı” kimi təqdim olunur. Bu təbəqələşmə, ümumi təhsil sistemində ədalətsizliyin və sosial diferensiasiyanın dərinləşməsinə səbəb olur. “Təhsil haqqında” Qanunun 10.3-cü maddəsinə əsasən, lisey və gimnaziyalar digər ümumtəhsil müəssisələrindən təmayülə uyğunlaşdırılmış və dərinləşdirilmiş tədris proqramları ilə fərqlənməlidir. Lakin təcrübədə bu proqramların real tətbiqi və keyfiyyətli icrası bütün liseylərdə müşahidə olunmur. Əgər proqram eynidirsə, müəllim resursları bir mərkəzdən təmin olunursa və dərsliklər dəyişməz qalırsa, onda liseyin verdiyi “fərqli təhsil” yalnız təşkilati və inzibati formalara əsaslanır. Bununla belə, bəzi liseylər – xüsusilə Bakı şəhərində yerləşən və riyaziyyat-informatika, texniki-humanitar profilli liseylər – öz nəticələri, məzunlarının ali məktəblərə qəbul göstəriciləri ilə fərqlənir və bu, keyfiyyətin təzahürü kimi dəyərləndirilə bilər. Amma bu nümunə bütün liseyləri əhatə etmir”.

 

K.Əsədovun sözlərinə görə, liseylərdə dərs yükünün diferensial şəkildə təşkili, təmayül dərslərinin artırılması və tədris nəticələrinin daimi monitorinqə cəlb olunması, bu məktəbləri ümumtəhsil mühitində fərqləndirən əsas göstəricilərdir:  “Ötən illərin qəbul statistikalarına görə, lisey məzunlarının ali məktəblərə qəbul faizi ümumi orta məktəb məzunları ilə müqayisədə təxminən 1,7 dəfə yüksək olub. Bu, sistemli işin nəticəsidir. Lakin bu sistemliliyin bütün liseylərə şamil edilməsi və ictimai şəkildə nəzarət olunması hələ də zəifdir. Çünki bu məktəblərin fəaliyyəti üzrə ictimai hesabatlılıq və şəffaflıq təmin olunmayıb”.

 

Dünya təcrübəsində təmayüllü məktəblər və liseylər istedadlı şagirdlərin inkişafı üçün əhəmiyyətli vasitədir. Finlandiyada “erityisluokat” – xüsusi təmayüllü siniflər modeli ilə yüksək nəticə göstərən şagirdlər musiqi, riyaziyyat və elm sahələrində əlavə dərslər alırlar. Almaniyada “Gymnasium” adlanan məktəblər orta təhsilin elit seqmentini təşkil edir, lakin bu məktəblərə giriş və çıxış kriteriyaları hüquqi və akademik əsaslarla ciddi tənzimlənir.

 

ABŞ-də isə “magnet schools” yalnız müəyyən sahələr üzrə ixtisaslaşır və onların təhsil proqramları ali məktəblərlə inteqrasiya şəklində aparılır. Bu sistemlərdə əsas fərq ondan ibarətdir ki, “brend” olmaq üçün forma yox, nəticə və məzmun önəmlidir.

 

Təhsil sistemi bir cəmiyyətin intellektual və mədəni inkişafının təməlidir. Bu sistemin strateji pillələrindən biri isə liseylərdir. Liseylər şagirdin orta məktəbdən ali təhsilə keçidində kritik mərhələ olmaqla yanaşı, onun şəxsiyyətinin formalaşması, bilik səviyyəsinin yüksəlməsi, və peşə yönümlü hazırlığı üçün də vacib bir mərhələdir.

 

Müasir lisey yalnız ənənəvi dərs proqramları ilə kifayətlənməməlidir. Burada tədris dərinləşdirilmiş şəkildə aparılmalı, şagirdlərə daha əhatəli və ixtisaslaşmış biliklər verilməlidir. Xüsusilə riyaziyyat, fizika, kimya, biologiya, tarix və ədəbiyyat kimi əsas fənlər üzrə dərs saatları artırılmalı, laboratoriya və praktiki məşğələlər təmin edilməlidir. Liseydə təhsil yalnız universitetə qəbul üçün deyil, tənqidi düşünən, araşdıran və öz fikrini əsaslandıra bilən vətəndaşlar yetişdirmək üçün əsas mərhələdir. Müasir liseylər şagirdləri qlobal dünyaya hazırlamalıdır. Xarici dillərin dərindən tədrisi lisey təhsilində vacib yer tutmalıdır. Eyni zamanda, beynəlxalq proqramlara çıxış, xaricdə təhsil imkanları və transmilli əmək bazarında rəqabət qabiliyyətli olmaq üçün tələb olunan bacarıqlar formalaşdırılmalıdır. Liseylərdə şagird yalnız bilik əldə etmir, eyni zamanda analitik düşünmə, problem həll etmə və məntiqi nəticə çıxarma bacarıqları qazanır. Liseylərdə təhsil almaq yalnız universitetə qəbul üçün deyil, həm də şəxsiyyətin hərtərəfli inkişafı üçün böyük fürsətdir. Bu məktəblər yüksək təhsil keyfiyyəti, fərdi yanaşma, rəqabət mühiti və qlobal düşüncə tərzi formalaşdırmaq baxımından mühüm rol oynayır.

 

Lisey müəllimi Şakir Babalı liseylərdəki tədrisin adi orta məktəblərdəki tədrisdən fərqli olduğunu deyir: “Həm proqramda, həm şagird sayında fərq var. Adi məktəblərdə siniflərdə bəzən 40-dan yuxarı uşaq olduğu halda liseylərdə bu göstərici 20-25 nəfərdən çox olmur. Dərs yükü də fərqlidir. Liseylərə qəbul imtahanla keçirilir və seçilən şagirdlər qəbul edilir”.

 

Təhsil eksperti Nadir İsrafilovun sözlərinə əsasən, liseylərdə tədris proqramları daha dərinləşdirilmiş və fənn yönümlü olur. Şagirdlər burada adi məktəblərə nisbətən daha sistemli və məqsədyönlü şəkildə ali məktəbə hazırlaşırlar: “Liseylərdə şagird yalnız bilik əldə etmir, eyni zamanda analitik düşünmə, problem həll etmə və məntiqi nəticə çıxarma bacarıqları qazanır. Bu isə onun ali təhsilə və karyeraya hazır olmasında mühüm rol oynayır. Liseylərdə xarici dillərin tədrisinə geniş yer ayrılır. Bir çox liseydə ingilis, fransız, alman kimi dillər intensiv öyrədilir. Bu isə şagirdlərin beynəlxalq proqramlara qatılmasına və xaricdə təhsil imkanlarına çıxışını asanlaşdırır. Liseylər şagirdlərə akademik biliklərlə yanaşı, liderlik, ictimai fəaliyyətlərdə iştirak, komanda ilə işləmə, təqdimat bacarığı kimi keyfiyyətlər də qazandırır. Bu bacarıqlar ali məktəbdə və iş həyatında uğurun əsas faktorlarından sayılır. Şagird liseydə öz potensialını daha tez kəşf edir. O, həm akademik, həm də insani keyfiyyətləri ilə formalaşmağa başlayır. Bu isə gələcəkdə daha məsuliyyətli, yaradıcı və özünə inamlı gənclər yetişdirir”.

 

Təhsil eksperti Qoşqar Məhərrəmovun sözlərinə görə, lisey dedikdə şagirdlərin akademik nəticələrinin yuxarı olması, olimpiadalarda uğur qazanmaları gözlənilir. Həmin müəssisələrin rəhbərləri də onların qarşısına qoyulan bu missiya üzərində işləyirlər. Liseylər yerli idarəyə deyil, nazirliyə bağlı olduğu üçün ümid edilir ki, həmin müəssisələrdə daha yaxşı direktorlar və müəllimlər çalışır. Onların müəssisələrinə nəzarət edən az olur. Bu muxtariyyətdən istifadə edən məktəb direktorları yuxarı siniflərdə oxuyan şagirdlərə imkan yaradırlar ki, olimpiadalara hazırlaşsınlar”.

 

Son illərdə Azərbaycanda və digər ölkələrdə liseylərə maraq nəzərəçarpacaq dərəcədə artıb. Dövlət liseylərinə mərkəzləşdirilmiş imtahanla qəbul həyata keçirildiyi üçün valideynlər övladlarını bu imtahanlarda uğur qazanması üçün uzun müddət repetitor yanına hazırlığa qoyur. Şagirdlərin və valideynlərin liseylərə üstünlük verməsi sadəcə bir dəb deyil, bunun arxasında təhsilin keyfiyyəti, gələcək karyera imkanları, sosial status kimi ciddi amillər dayanır. Liseylərdə təhsil alan şagirdlər ali məktəbə qəbul imtahanlarında daha yüksək nəticə göstərirlər. Çünki onlara test strategiyaları, dərs materiallarının sistemli qavranması və vaxtın idarə olunması kimi bacarıqlar da öyrədilir. Belə olan halda valideynlər övladlarının liseydə oxumasına can atır.

 

Liseylər adətən gücləndirilmiş tədris proqramı ilə seçilir. Burada dərslər dərinləşdirilmiş formada keçirilir və şagirdlər daha yüksək elmi səviyyəyə malik müəllimlərdən dərs alır. Riyaziyyat, fizika, kimya, biologiya kimi fənlərdə əlavə saatlar ayrılır, bu da olimpiada və qəbul imtahanlarına hazırlığı gücləndirir. Liseylərdə peşəkar və təcrübəli müəllimlər dərs deyir. Bu müəllimlər həm də beynəlxalq olimpiadalara hazırlıqda şagirdlərə dəstək olur. Demək olar ki, bütün liseylərdə şagirdlər beynəlxalq olimpiadalara, debatlara və müsabiqələrə cəlb olunur. Bu, onların dünya görüşünü genişləndirir və xaricdə təhsil almaq üçün şanslarını artırır. Liseylərdə ətrafda uğura can atan tələbələr olur, bu isə ümumi mühiti daha intellektual və məqsədyönlü edir. Şagirdlər bir-birindən öyrənir, həm də özlərini daha çox inkişaf etdirməyə çalışırlar.  Şagirdlər çox vaxt müəyyən istiqamətlər üzrə ixtisaslaşmağa başlayır: texniki, humanitar, təbiət elmləri və s. Bu da onların gələcək ixtisas seçiminə dəqiq qərar verməsinə kömək edir.

 

Liseylərdə xarici dillər, informatika, robototexnika və digər müasir biliklər daha dərindən öyrədilir. Bəzilərində beynəlxalq proqramlar təqdim olunur.

 

Burada qəbul üçün ciddi imtahanlar və seçim mərhələləri tətbiq olunur. Bu isə artıq orta məktəbdə oxuyan şagirdlərin də dərslərə daha ciddi yanaşmasına səbəb olur. Digər tərəfdən, liseylərin nümunə kimi göstərilməsi təhsil sistemində müsbət rəqabət yaradır və dövlətin təhsildə islahatlara marağını artırır.

 

Nərmin Qarazadə

Seçilən
69
azedu.az

1Mənbələr