Mərkəzi ofisi Hollandiyada yerləşən qlobal bank ING ABŞ Dolları/Türkiyə Lirəsi məzənnəsi ilə bağlı proqnozunu dəyişməyib, xəbərdarlığını təkrarlayıb.
Marja.az xəbər verir ki, qurum, ilin birinci yarısının sonu və ilin sonunda dolların məzənnəsinin müvafiq olaraq 39,67 Türkiyə lirəsi (TRY) və 43 Türkiyə lirəsi səviyyəsində olacağını gözləyir. Bank əvvəlki proqnozunda məzənnənin ilin ilk yarısında 39,44 TRY, ilin sonunda isə yenidən 43 TRY olacağını gözlədiyini açıqlamışdı.
Qurumun Türkiyə ilə bağlı qiymətləndirməsin deyilir: "Türkiyənin makro siyasəti hazırda cari proqramın işə salınmasından bəri ən məhdudlaşdırıcı səviyyədədir. Tədricən ehtiyatın (rezerv) artımı bərpa edilib, baza inflyasiyası isə may ayında nəzərəçarpacaq dərəcədə yaxşılaşıb. Bu, mart ayında yaşanan volatilliyin məhdud qalıcı təsir göstərdiyini göstərir".
ING, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) iyunun 19-da keçiriləcək iclasında faizini dəyişməsi ehtimalının olmadığını bildirib.
Türkiyədə iqtisadi artımın 2024-cü ildəki 3.2%-dən 2025-ci ildə 2.8%-ə qədər yavaşlamasını gözləməyə davam edən ING, daha çox iqtisadi zəifliyin baş verə biləcəyi barədə xəbərdarlığını da təkrarlayıb.