Məsələ ilə bağlı araşdırmaçı jurnalist Elman Cəfərlinin fikirlərini aldıq:
"Uşaqların, məktəblilərin tərbiyəsi ilə bağlı məsələ gündəmə gələndə əksəriyyət deyir: onların tərbiyəsini internet, sosial şəbəkələr pozur. Bu fikirdə həqiqət payı da var. Lakin müasir dövrdə "uşağı internetdən uzaq tutmaq" söhbəti bir az real görünmür. Məsələn, koronavirus pandemiyası dövründə əyani dərslər keçirilmirdi. Dərslər onlayn formada təşkil edilirdi. Bu gün müasir həyatımızı internetsiz təsəvvür etmək olmaz. Bütün məktəb yaşlı uşaqlarda smartfon, planşet, kompüter var. Bir sıra ölkələrdə ümumiyyətlə ənənəvi dərslik-kağız kitab və vəsaitlər azaldılıb.
Yəni biz istəsək də, istəməsək də sosial şəbəkələr həyatımızın reallığıdır. Məktəb yaşlı uşaqlar, gənclər də sosial şəbəkələrdən istifadə edir. Azərbaycanda sosial şəbəkələr 2010-cu ildən yayğınlaşmağa başladı. Ən yayğın sosial şəbəkə də feysbukdur. Ona qədər "moy mir", "odnoklassniki" sosial şəbəkələri var idi. Bu gün "X" sosial platforması, "İnstagram" da var. Ancaq nədənsə daha çox şikayət "Tik-tok"dandır. Bir çoxları, hətta populyar insanlar dəfələrlə çağırış ediblər ki, "Tik-tok" sosial şəbəkəsi uşaqların tərbiyəsini pozur, ona görə bağlanmalıdır. Məsələn, qeyd olunur ki, məktəb yaşlı uşaqlar yaş səviyyələrinə uyğun olmayan "vine"lara baxır, özləri çəkir və yayırlar. Həqiqətən də "Tik-tok" sosial şəbəkəsi digər sosial media şəbəkələrindən fərqli olaraq daha populyardır, orda məhşurlaşmaq və hətta pul qazanmaq daha asandır. Heç bir savadı, dünyagörüşü, xüsusi istedadı olmayan adamlar belə yazdıqları fikirlər, paylaşdıqları videolar, fotolarla gündəmə gələ bilir, məşhur olur və canlı yayım açaraq pul qazanırlar. Azərbaycanda məşhur olan "Tik-tok" fenomenlərinin əksəriyyəti xüsusi istedadı olan adamlar deyil. Əslində "Tik-tok" sosial şəbəkəsi insanların həyatını asanlaşdırır, iş adamları, biznesmenlər üçün reklam, piar imkanları yaradır. "Tik-tok" sosial şəbəkəsində yüzlərlə səhifə var ki, insanlar öz məhsullarını, xidmətlərini reklam edir, pul qazanırlar. Onların arasında evdə çalışan, şəxsi biznesini quran insanlar az deyil. "Tik-tok" sosial şəbəkəsi bağlansa bu insanlar zərər çəkəcək. Ona görə də, "Tik-tok"un bağlanması tələbləri ədalətli deyil. Doğrudur, bizim üçün əsas uşaqlarımızın gələcəyi, onların sağlam tərbiyəsi, keyfiyyətli təhsilidir. Təbii ki, hər gün dərs vaxtı "Tik-tok" fenomeni məktəbli Adəmi hansısa məhsulun, xidmətin reklam çəkilişlərində görmək narahatedicidir. Mən dəfələrlə bununla bağlı yazmış, iradlarımı bildirmişəm. Ağcabədi rayonunun aidiyyati qurumları bu uşağa nəzarət etməli, onu valideyni ilə iş aparmalıdır. Dərs zamanı bu uşağın Bakıda nə işi var? Hər gecə erkən yaşlanmış bu uşaq canlı yayımdadır. Özü də valideyni ilə birlikdə. Təbii ki bunlar narahatedici məqamlardır. Uşağın tərbiyəsi ailədən başlanır. İlk növbədə valideyn uşaqlarını düzgün istiqamətləndirməlidir. 5-10 manat qazanca görə uşağı bazar təfəkküründə böyütmək, azyaşlının ağzını söyüşə alışdırmaq yolverilməzdir. "Uşaqlar bizim gələcəyimizdir" deyirik. Amma gələcəyimizi 5-10 manat asan yolla gəlirə qurban verdiyimizin fərqinə varmırıq. Adəm kimi uşaqlar az deyil və getdikcə çoxalır. Bu, ürəkağrıdan bir mənzərədir. Uşaqlarımızın tərbiyəsi risk altındadır. Amma bununla belə hesab edirəm ki, sosial şəbəkələrin, xüsusilə "Tik-tok" sosial şəbəkəsinin bağlanması haqqında tələblər də vəziyyətdən çıxış yolu deyil. Məşhur deyimlə fikrimizi qüvvətləndirək: bıçaq mətbəxdə istifadə etdiyimiz ən faydalı alətdir. Amma onunla çörək də doğramaq olur, adam öldürmək də. Sosial şəbəkələr də belədir. Biz ondan daha çox informasiya, bilgi almaq üçün istifadə etməliyik. Sosial şəbəkələrdə faydalı səhifələr də az deyil. Bizim zamanımızda bilik mənbələri az idi. İndi isə çoxdur. Ona görə də çağımızın gəncləri daha çox bilməli, daha çox elm öyrənməlidir. Sosial şəbəkələrdə, mobil tətbiqlərdə maarifləndirici, tərbiyələndirici materiallar yerləşdirilməlidir. Dövrümüzün uşaqları bədii ədəbiyyat oxumur. Halbuki 40 il öncənin uşaqları yay tətili günlərində kim daha çox oxuyacaq deyə bəhsə girərdi. Hazırkı məktəbli təbiət qoynuna ekskursiyaya aprılmır. O zaman onda canlı aləmə sevgi hissi haradan yaranacaq. Uşaq bədii mətnlər oxumalı, şəkil çəkməli, təbiət qoynuna gəzməyə getməli, canlılarla təmasda olmalı, ağac əkməli, müxtəlif oyunlara qatılmalıdır. Bütün bunları məktəb və valideyn təşkil etməlidir. Məktəbli smartfondan asılıb qalarsa, bu onun səhhətinə mənfi təsir göstərir. Uşağın gözü, yaddaşı, diqqəti zəifləyir, özünə qapanır, psixoloji problemləri yaranır. Uşaq gec sosiallaşır,tənhalığa meyllənir. Bu isə gələcəkdə həlli çətin olan problemlər yol açır. Bu üzdən hesab edirəm ki, azyaşlıların sosial şəbəkələrə girişinə limit qoyulmalıdır. Məsələn, gündə 40 dəqiqə. Uşaq dərslərini, təmizlik işlərini bitirəndən sonra valideyn nəzarəti ilə sosial şəbəkələrə daxil ola bilər".
İbrahim Məmmədli