Xəbər verdiyimiz kimi süni intellektin mətn təhlili texnologiyaları Əhdi-Ətiqdə (Köhnə Əhd – Bibliyanın ilk hissəsi) bir neçə müəllifin imzası olduğunu aşkarlamışdı. Müasir texnologiya daha bir sıçrayış edərək Əhdi-Ətiqi təhlil edib və ilk hissənin yeganə müəllifinin Musa Peyğəmbər olması versiyasını şübhə altına salıb.
Kompüter təhlili mətnlərdə üç müxtəlif üslub qatını üzə çıxarıb ki, bu da çoxmüəlliflik nəzəriyyəsinin lehinə ciddi arqumentə çevrilib. Tədqiqat üçün elm adamları ən kiçik linqvistik xüsusiyyətləri — sözdən istifadə tezliyini, ifadələrin qurulmasını, leksik üstünlükləri müəyyən edə bilən innovativ alqoritmlərdən istifadə ediblər. Nəticələr göstərib ki, Bibliya mətnlərində bir neçə müəllifin yaradıcılığının aydın izləri, eləcə də müxtəlif tarixi dövrlərdə edilən çoxsaylı redaktə dəyişiklikləri var.
Qeyd edək ki, Bibliya iki hissəyə bölünür: Əhdi-Ətiq (Köhnə Əhd) və Əhdi-Cədid (Yeni Əhd). Əhdi-Ətiq yəhudi xalqının tarixi, qanunları, peyğəmbərləri və dini dünyagörüşünü əks etdirir. Yəni bu hissə İsa peyğəmbər doğulmamışdan öncə yazılıb. Əhdi-Cədid hissəsi isə əsasən İsa Məsihin həyatı, təlimləri və onun şagirdlərinin fəaliyyətləri haqqındadır.
Mövzuyla əlaqədar Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının mətbuat katibi Toral Ağayev Bizim.Media-ya bildirib ki, Bibliya müxtəlif tarixi dövrlərdə, müxtəlif tarixi-mədəni kontekstdə, hətta fərqli ədəbi üslüblarda yazılmış kitablardan ibarətdir.
“Kilsə heç vaxt elə bir iddiada olmayıb ki, Bibliya əvvəldən axıra kimi bir insan tərəfindən yazılmış, "göylərdən nazil olunmuş" bir kitabdır. Xristian dininə görə, Bibliya toplusuna daxil olan kitablar Allah tərəfindən ilham almış, Müqəddəs Ruhla yönləndirilmiş peyğəmbərlər və digər müəlliflər tərəfindən fərqli tarixi dövrlərdə və həmin dövrlərin dilində, o dövr üçün aktual olan simvollar, eləcə də metaforalarla zəngin dildə yazılıb. Ona görə də Bibliya hər zaman Kilsə tərəfindən təqdim olunan təfsirlərlə birlikdə oxunmalı və başa düşülməlidir.
Bibliyanı müqəddəs edən onda yaşayan İlahi Ruhdur, Allah tərəfindən müxtəlif insanların, yəni müəlliflərin vasitəsilə nazil olunan əbədi ilahi, mənəvi həqiqətlərdir və dəyərlərdir ki, biz buna İlahi Vəhy deyirik. Bu həqiqətlər, dəyərlər dəyişməz olaraq qalır və qalacaq”.
Texnologiyanın inkişafı sayəsində müqəddəs kitabın araşdırılıb nələrinsə ortaya çıxarılması əsrlərlə formalaşmış dini düşüncələrə xələl gətirə bilərmi?
T.Ağayev qeyd edib ki, tanrının insana bəxş etdiyi ağıl sayəsində bəşəriyyət keçmişdə də, bu gün də böyük kəşflər yaratmağa qadirdir:
“Lakin bütün elmi və texnoloji inkişafa baxmayaraq insan ilə insan arasında və insan ilə Yaradan arasında münasibətlər dəyişməz olaraq İlahi Vəhy ilə tənzimlənir və tənzimlənəcək. Biz sadəcə Bibliyanın bir kitabına - "dua incisi" olan Zəbur kitabının Məzmurlarının mətninə baxsaq görəcəyik ki, min illər öncə insan qəlbini nələr narahat edirdisə - bu gün həmin mənəvi, etik problemlər yenə də insanı narahat edir”.
Şəfiqə Şəfa, Bizim.Media