İkinci Dünya müharibəsindən sonra bəşəriyyət heç vaxt indiki qədər yeni qlobal müharibə təhlükəsi ilə üz-üzə qalmayıb. Təhdidlər getdikcə artır. Analitiklər müxtəlif ssenarilər ətrafında müzakirələr aparırlar. Ümumi qənaət belədir ki, yeni dünya müharibəsi baş verəcəyi təqdirdə, onun fəsadları daha ağır olacaq. Güc mərkəzlərinin özlərinin nüvə arsenalları barədə mesajlar vermələri isə xüsusi narahatlıq yaradır.
Aİ-nin təhlükəsizliyi Ukraynadan keçir
Əvvəlki iki Dünya müharibəsinin ağır fəsadlarını öz üzərində yaşayan Avropada yeni müharibə həyəcanı daha böyükdür ki, bu da səbəbsiz deyil. Əslində, hazırda “qoca qitə” müharibənin içindədir. Şərqi Avropada Rusiya ilə Ukrayna arasında gedən müharibə uzanır və hələ ki, sonu görünmür. Ukrayna Avropa İttifaqının (Aİ) və Şimali Atlantika Alyansının (NATO) üzvü deyil. Bununla belə, Aİ-nin və NATO-nun üzvü olan ölkələr də bu və ya digər formada müharibədə iştirak edirlər və bundan təsirlənirlər. Aİ Ukraynanı özünün təhlükəsizliyi üçün çox mühüm coğrafiya hesab edir və buna görə də bu ölkəyə hərtərəfli dəstək verir, eyni zamanda Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edir. Burada söhbət yalnız Ukraynanın qorunmasından getmir. Kollektiv Qərbin qənətinə görə, Avropanın təhlükəsizliyi Ukraynanın müqavimət gücünün artırılmasından keçir.
Bununla belə, hələlik Avropanın Rusiyanı üzücü müharibə ilə taqətdən salmaq taktikası və strategiyası bir nəticə vermir. Rəsmi Moskva müharibədən əvvəlki mövqeyindən nəinki geri çəkilməyib, hətta indi daha ağır şərtlərdən çıxış edir. Sahədəki vəziyyət də Rusiyanın xeyrinədir. Görünən odur ki, Ukrayna son günlərdə Rusiyanın dərinliklərində həyata keçirdiyi əməliyyatlarla müəyyən uğurlar qazansa da, müharibənin əvvəlindən bəri itirdiyi torpaqları geri qaytarmaq iqtidarında deyil. Ukraynadakı uğursuzluqlar Avropa üçün “qırmızı xətt” anlamında qəbul olunur. “Qoca qitə”də hesab edirlər ki, Ukraynanın məğlubiyyəti fonunda müharibə təhlükəsi digər Avropa dövlətləri üçün də qaçılmaz olacaq.
Avropa üçün ciddi narahatlıq yaradan digər bir fundamental amil isə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın NATO-nun maliyyələşdirilməsi ilə bağlı daha sərt ritorikadan çıxış etməsidir. ABŞ-ın və alyansa üzv olan Avropa dövlətlərinin “qoruyucu çətiri” və yaxud “dəmir qalxanı” kimi də səciyyələndirilən NATO-nun maliyyələşmə mexanizmləri ilə bağlı müzakirələrin aparılması dəfələrlə təkrarlanıb. Lakin məsələ zaman-zaman gündəmə gəlsə də, belə görünür ki, hələlik optimal həll variant tapılmayıb. Əslində, nizamnamədə alyans çərçivəsində maliyyələşmə mexanizmi konkret şəkildə təsbit olunub: Hər bir üzv ölkə NATO-nun ümumi büdcəsi üçün milli ÜDM-in 2 faizi həcmində vəsait ödəməlidir. Bununla bağlı üzv ölkələr müvafiq saziş imzalayıblar. Lakin öhdəlik heç də bütün üzv dövlətlər tərəfindən yerinə yetirilmir. İndiyədək NATO daxilində ən böyük ödəyici qismində isə ABŞ çıxış edib. Lakin Donald Tramp fərqli mövqedən çıxış edir. O, Şimali Atlantika Alyansının ehtiyaclarına Amerika büdcəsindən istənilən vəsaitin xərclənməsinin zəruriliyini şübhə altına alıb. ABŞ-ın lideri deyib ki, amerikalıları müdafiə edən NATO deyil, alyansı qoruyan ABŞ-dır. “Ona görə də mən hesab etmirəm ki, biz pul ödəməliyik”, - deyə D.Tramp vurğulayıb.
Ağ Evin yeni sahibi NATO-nun maliyyələşdirilməsinin üzv dövlətlər tərəfindən paritet əsaslarla həyata keçirilməsində israrlıdır. O, bir tərəfdən üzvlük haqqını ödəməyən dövlətləri sərt rüsumlarla təhdid edir, digər tərəfdən isə NATO ölkələrində müdafiə xərclərini ÜDM-in 5 faizinə çatdırılmasını istəyir. Təbii ki, NATO-da yer alan ayrı-ayrı dövlətlər hələlik buna hazır deyillər. Analitiklərin qənaətinə görə, Donald Trampın NATO-nun 24-25 iyun tarixlərində Haaqada keçiriləcək sammitində iştirak etmək qərarı verməsində əsas məqsəd aydındır: Müttəfiqlərdən müdafiə sahəsinə ÜDM-in 5 faizini yatırmaq öhdəliyini daha sərt şəkildə tələb etmək.
Avropa üçün zaman daralıb - cəmi 5 il vaxt var
Belə olan halda Aİ və NATO ölkələri özlərinin təhlükəsizliyinin qayğısına qalmalıdırlar. Artıq zamanın kritik dərəcədə daraldığının anonsu edilir. “NATO 3-5 il ərzində Rusiya ilə münaqişəyə hazırlaşmaq niyyətindədir”. Bu fikri alyansın Baş katibi Mark Rütte Böyük Britaniyada keçirilən konfransda çıxışı zamanı deyib.
Avropa iqtisadiyyatının militarizasiyasını sürətləndirməyə çağıran Rütte bildirib ki, Rusiya hazırda NATO-ya hücum edə bilməz, lakin 3-5 il ərzində bunu edə biləcək. “İqtisadiyyatı bütün NATO ölkələrinin iqtisadiyyatından 25 dəfə kiçik olsa da, Rusiya bütün alyans ölkələrinin cəmindən dörd dəfə çox sursat istehsal edir. Hər hansı bir münaqişənin əsasını sursat təşkil edir. Əgər sursat ehtiyatınız yoxdursa, işə başlamayın”.
NATO-nun Baş katibi qeyd edib ki, Rusiya Çin, Şimali Koreya və İranla əməkdaşlıq edərək ordusunu Çin texnologiyası ilə yeniləyir. Onun sözlərinə görə, bu il Rusiyanın1500 tank, 3000 zirehli maşın və 200 “İsgəndər” raketi istehsal edəcəyi gözlənilir. O, NATO ölkələrini hava hücumundan müdafiə sistemlərinin sayını 5 dəfə artırmaqla, tankların, zərbə sistemlərinin, pilotsuz təyyarələrin istehsalını çoxaltmaqla və əhəmiyyətli silah-sursat ehtiyatı yaratmaqla buna hazırlaşmağa çağırıb.
Almaniya təşəbbüsü ələ almaq istəyir
Yaranan yeni reallıqlar fonunda İkinci Dünya müharibəsindən məğlub durumda çıxmış Almaniya təşəbbüsü ələ almaq istəyir. Almaniya ordunun maliyyə qaydalarına qoyulan məhdudiyyətləri aradan qaldıran yeni qanunu qəbul etdikdən sonra hərbi xərclərini əhəmiyyətli dərəcədə artırmaq imkanı əldə edib. Bütövlükdə, Almaniyanın hərbi doktrinası və təhlükəsizlik siyasəti son illərdə ciddi dəyişikliklərə məruz qalıb. Rusiya-Ukrayna müharibəsi fonunda ölkə uzun illərdən bəri davam edən passiv mövqeyindən imtina edib, daha aqressiv hərbi strategiyaya seçib. General Breuer ordunun 100 min əlavə əsgərə ehtiyacı olduğunu və ümumi hərbi qüvvənin 460 min nəfərə çatdırılmalı olduğunu bildirib.
Almaniyanın İkinci Dünya müharibəsindən sonra ilk dəfə xaricdə daimi hərbi birlik yerləşdirərək, 45-ci Zirehli Briqadanı (“Panzerbrigade 45”) Litvada rəsmi olaraq fəaliyyətə başlatması da bu ölkənin NATO daxilində liderliyi ələ almaq istəyinin əyani ifadəsidir. Briqadanın açılış mərasimi mayın 22-də Vilnüsdə keçirilib. Mərasimdə Almaniya kansleri Fridrix Merts və müdafiə naziri Boris Pistorius da iştirak ediblər.
“Bundeswehr”in doqquzuncu briqadası olan 45-ci Zirehli Briqada 4800 hərbçi və 200 mülki şəxs olmaqla ümumilikdə 5 min nəfərdən ibarət olacaq. Tam əməliyyat qabiliyyətinə 2027-ci ilə qədər çatması planlaşdırılan birlik Rusiyanın Avropadakı mümkün yeni hərbi təhdidlərinə qarşı çəkindirici güc kimi mövqe tutur. Yeni kansler Mertsin açıqlamaları da kifayət qədər sərtdir. “Kim NATO-nu sınağa çəkməyə cəhd edərsə, hazır olduğumuzu bilməlidir. Kim bir müttəfiqi təhdid edərsə, bütün Alyansın NATO ərazilərinin hər qarışını birlikdə müdafiə edəcəyini bilməlidir. NATO Almaniyaya inanır. Təhlükəsizlik sərhədlərimizdə başlamır, müttəfiqlərimizin müdafiə xəttində başlayır”, - deyə yeni kansler vurğulayıb.
Böyük Britaniyada “müharibəyə hazırlıq rejiminə” keçid
Avropanın önəmli dövlətlərindən olan Böyük Britaniya da iddialı yeni müharibə hazırlıqları planı hazırlayıb. “Biz silahlı qüvvələrimizin əsas məqsədi kimi döyüşə hazırlıq rejiminə keçirik”. Bu fikri Böyük Britaniyanın baş naziri Kir Starmer ifadə edib. O vurğulayıb ki, ölkənin müdafiə siyasəti hər zaman NATO ilə sıx koordinasiyada qurulacaq. Baş nazirin sözlərinə görə, alyans Britaniyanın strateji gücünün “əsas dayağı” olaraq qalır. Baş nazir həmçinin vurğulayıb ki, Britaniya ordusunda hərbi innovasiyalar “müharibə sürəti ilə” tətbiq olunacaq. Starmerin sözlərinə görə, 2035-ci ilə qədər Britaniya silahlı qüvvələri “on dəfə daha ölümcül qüvvəyə” çevrilməlidir.
Eyni zamanda, Böyük Britaniya yeni reallıqlar şəraitində nüvə strategiyasını yeniləmək niyyətindədir. “Böyük Britaniya nüvə başlıqları arsenalının modernləşdirilməsi proqramına 15 milyard funt-sterlinq xərcləyəcək”. Bu barədə Kir Starmer Qlazqoda keçirdiyi mətbuat konfransında bildirib.
Bundan əlavə, Böyük Britaniya hökuməti iyunun 1-də sualtı qayıqların tikintisi proqramını genişləndirmək planlarını açıqlayıb. Söhbət AUKUS proqramı çərçivəsində 12 sualtı qayığın inşasından gedir. Qurumun saytında bunun ölkənin nüvə arsenalının yenilənməsi proqramı üçün ayrılmış 15 milyard funt sterlinqlik investisiyalar əsasında həyata keçiriləcəyi bildirilib.
Mübariz ABDULLAYEV