Xalid Kərimli: "Sabit tarifin bütün abunəçilərə şamil edilməsi o deməkdir ki, bu yolla işıq və qaz bahalaşır"
Elektroenergetika sektorunda tarif tənzimləmələri istiqamətində sabit tarif tətbiq ediləcək. Bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında müzakirəyə çıxarılan “Elektroenergetika haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Sabit tarifin əsas mahiyyəti şəbəkəyə qoşulan istehlakçıların sabit xərc şəklində aylıq müəyyən vəsait ödəməsindən ibarətdir. Sabit tarif istehlak miqdarı ilə bağlı deyil, istehlakçı kateqoriyasından asılı olmayaraq tətbiq edilir və paylayıcı sistem operatorunun müəyyən xərclərinin qarşılanması üçün istifadə olunur.
Qanun layihəsi sabit tarifi elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementi kimi təsbit edir.
Həmçinin, “Qaz təchizatı haqqında” yeni qanun layihəsi də hazırlanıb. Bu qanunda da sabit tariflər nəzərdə tutulub. Qanuna əsasən, sabit tarif qazın istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif element olacaq.
Energetika nazirinin müavini Samir Vəliyevin sözlərinə görə, sabit tarif infrastruktur xərclərini qarşılamaq məqsədi daşıyır, bu xərcləri şəbəkəyə qoşulan hər bir abonent sərfiyyatdan asılı olmayaraq ödəməlidir. Yəni hətta qaz və işıq sərfiyyatı sıfır olan abonentlər də sabit tarifi ödəməli olacaq.
Hökumət bir tərəfdən elektrik enerjisi və qazın əhaliyə satışını güzəştli - sosial layihə kimi dəyərləndirir, digər tərəfdən də infrastruktur xərclərini əhalinin çiyninə qoyur. Belə çıxır ki, alıcı mal satan sahibkara mağaza tikmək, vitrin qurmaq və s. xərclər üçün pul verməlidir ki, gəl burda mənə alma sat?
Baki-xeber.com saytının sualını cavablandıran iqtisadçı ekspert Xalid Kərimli bildirdi ki, hələ qanun layihəsi ortada yoxdur, yalnız təkliflər səsləndirilir, məhdud informasiya var, detallar hələ bəlli deyil: "Təkliflər parlamentə təqdim ediləcək və müzakirə olunacaq. Həmin mərhələdə millət vəkilləri xalqın təmsilçisi kimi onun hüquqlarını müdafiə etməlidirlər və yəqin ki, edəcəklər. Əgər cəmiyyətdə sabit tariflərin tətbiqinə narazılıq ifadə edilsə, deputatlar da bu narazılığı parlamentə daşıyacaq, bu onların borcudur.
Qanunu hökumət təklif edib, parlament də müzakirə edəcək. Qanun layihəsinin detalları bəlli olmadığına görə biz bilmirik ki, sabit tarif bütün abonentlərə tətbiq ediləcək, yoxsa yalnız şəbəkəyə qoşulub xidmətdən istifadə etməyənlərə şamil ediləcək. Əgər sabit tarif yalnız şəbəkəyə qoşulub xidmətdən istifadə etməyən abonentlərə tətbiq ediləcəksə, bunu hardasa başa düşmək olar. Çünki şəbəkənin saz vəziyyətdə saxlanması xərcləri bütün abonentlərin qayğısı olduğu üçün xərclər də hamıya ədalətli bölünməlidir. Əgər sabit tarif istifadə həcmindən asılı olmayaraq ucdantutma hamıya tətbiq ediləcəksə, bu ədalətsiz yanaşmadır. Amma sabit tarif aktiv abunəçilərin sərfiyyatının dəyərindən çıxılacaqsa, bu, əksəriyyəti o qədər də narahat etməyəcək. Bu daha çox MTK-ları qayğılandıracaq, çunki onlar şəbəkəyə qoşulmuş satılmayan hər bir mənzil üçün sabit tarif ödəməli olacaqlar. Sabit tarifin bütün abunəçilərə şamil edilməsi o deməkdir ki, bu yolla işığın və qazın qiyməti bahalaşdırılır.
Əslində bütün sahələrdə yükün vətəndasın çiyninə atılması kursu götürülüb. Düşünürəm ki, bu, neft satışından gəlirlərin azalması ilə bağlıdır. Neft satışından gələn gəlirlərin azalması fonunda xərcləri azaltmaq əvəzinə vergi və tarifləri artırmaqla kəsirləri kompensasiya etmək istəyirlər. Bu halda vətəndaş da hökumətdən xərclərin şəffaflığını tələb etməlidir. "Azəriqaz" İB, "Azərenerji" ASC və digər dövlət şirkətləri vətəndaşın hesabına infrastruktur quracaqsa, bu şirkətlərin "ölü canlar" saxlaması, 10 manatlıq xərc əvəzinə 100 manat silinməsi halları aradan qalxmalıdır. Bu işdə vətəndaşlar aktiv olmalı, sakit şəkildə haqqını tələb etməlidir. Xərclər vətəndaşın boynuna qoyulduqca hesabatlılıq və şəffaflıq artırılmalıdır. Bu xərclərə vətəndaş cəmiyyətinin real nəzarət mexanizmləri formalaşmalıdır".
Ekspertin də qeyd etdiyi kimi, sabit tarifin bütün abonentlərə şamil edilməsi dolayı yolla qiymətlərin artırılmasıdır. Samir Vəliyevin sözlərindən də belə anlaşılır ki, sabit tarifin bütün istifadəçilərə şamil edilməsi nəzərdə tutulub. Deməli, işığın və qazın qiymətinin yenidən bahalaşması gözlənilir. Yəqin ki, sabit tariflər qarşıdakı dövrdə suya da şamil ediləcək, məntiq bunu deyir. Hökumət bunu çox mükəmməl düşünüb. Tariflərin artırılması həm əhalidə narazıliq yarada bilər, həm də sərfiyyatı olmayan abunəçilər bundan təsirlənməyəcəkdi. İndi isə şirkətin 3 milyon abonenti varsa və sabit tarif 2 manat təyin edilərsə, şirkətin hər ay 6 milyon sabit gəliri yaranacaq. Bu, hökumətə daha çox qazandira, vətəndaşı isə daha çox xərcə sala bilər.
Bir məqamı da vurğulayaq ki, nazir müavini sabit tarifin xarici ölkələrdə də tətbiq edildiyini qeyd edir. Bəli, doğrudan da belədir, amma xaricdə sabit tarif tətbiq edən subyektlər özəl şirkətlərdir. Vətəndasların ondan imtina edib digər şəbəkəyə qoşulmaq, yəni alternativ seçim etmə imkanı var. Azərbaycanda isə belə bir seçim imkanı yoxdur.
Akif NƏSİRLİ