AZ

Abituriyentlər özünü necə toparlasın? - Psixoloqdan ikinci mərhələyə TÖVSİYƏ

Artıq II və III ixtisas qrupları üzrə birinci cəhd imtahanlarının nəticələri rəsmi şəkildə elan olunub. Təəssüf ki, bir çox abituriyentin nəticələri gözləniləndən zəif olub. Aşağı bal toplayanlar arasında ikinci şansa daha gərgin və həyacanla hazırlaşanlar da az deyil. Bu mərhələdə ailənin dəstəyi və təsiri böyük önəm daşıyır.

 

Bəs valideynlərin bu mərhələdə övladlarına yanaşması necə olmalıdır?

 

AzEdu.az-a mövzu ilə bağlı psixoloq Aydan Məmmədova danışıb.

 

Müsahibimiz bildirib ki, uşağı nəticəyə görə dəyərləndirmək əvəzinə, onun səyini görmək və təşəkkür etmək lazımdır:

 

“Əvvəla qeyd etməliyik ki, abituriyent üçün bu dövr emosional baxımdan son dərəcə həssas və gərgin mərhələdir. İlk cəhdin nəticəsi istənilən kimi olmadıqda, çox zaman özünə inamda eniş yaranır. Bu vəziyyətdə psixoloji durumun qorunması üçün ən vacib addım nəticəni deyil, prosesi fokusda saxlamaqdır. Abituriyent anlamalıdır ki, uğursuzluq deyil, sadəcə təcrübə qazanılıb. Bəzən birinci cəhd sadəcə bir sınaq olur. Əgər bu sınaqdan dərs çıxarılırsa, bu artıq uğur yoluna çevrilə bilər".

 

Psixoloq əlavə edib ki, bədənin və zehnin tənzimlənməsi də çox önəmlidir:

 

“Məsələn, kifayət qədər yuxu, balanslı qidalanma, qısa fasilələr, nəfəs məşqləri və kiçik gəzintilər sinir sistemini sakitləşdirir. Ən əsası isə abituriyent özünü danlamamalı, özünə qarşı şəfqətli və anlayışlı olmalıdır".

 

Valideynlərin bu mərhələdə övladlarına yanaşması necə olmalıdır?

 

“Valideynin rolu bu prosesdə bəlkə də ən mühüm dayaq nöqtəsidir. Bu mərhələdə övladın ehtiyac duyduğu ilk şey tənqid deyil, şəfqətli və dəstəkverici münasibətdir. Uşağı nəticəyə görə dəyərləndirmək əvəzinə, onun səyini görmək və təşəkkür etmək lazımdır. Məsələn, "Sən əlindən gələni etdin, ikinci mərhələ üçün birlikdə düşünərik" kimi cümlələr uşağın həm emosional dayanıqlığını artırır, həm də ona özünə inanmağa imkan verir.

 

Əksinə, "Sən bizi utandırdın", "O biri uşaqlar daha yaxşı bal toplayıb'"kimi müqayisəli və tənqidi yanaşmalar uşağın motivasiyasını qırır. Biz uşağın daxili inamını qorumağa çalışmalıyıq. Çünki bu inam motivasiyanın təməlidir. Valideynlər nə qədər sakit, anlayışlı və pozitiv olsalar, abituriyent də bir o qədər stabil qalacaq. Motivasiya yalnız böyük hədəflərlə bağlı deyil, gündəlik kiçik addımlarla da formalaşır. Abituriyentlərə tövsiyə edərdim ki, özləri üçün gündəlik və real hədəflər qoysunlar: məsələn, "bu gün 3 test işləyəcəm", "bu həftə zəif olduğum bir mövzunu təkrar edəcəm" kimi.

 

Bundan başqa, vizual motivasiya üsulları da çox təsirlidir. Abituriyent özünü imtahanda sakit və inamlı şəkildə təsəvvür etməlidir. Beyin bu obrazı zamanla reallığa çevirməyə çalışır. Eyni zamanda, özünə qarşı danışıq tərzi çox önəmlidir. "Bacarmıram", "Əlimdən gəlmir" kimi ifadələri "Zəif tərəfim üzərində çalışıram", "Bu dəfə daha hazırlıqlı olacam" kimi cümlələrlə əvəzləmək psixoloji müqaviməti artırır.

 

Və ən əsası - unutmasınlar ki, bu imtahan onların həyatını tam müəyyən etmir. Bu, sadəcə bir mərhələdir. Onlar bu mərhələni keçmək üçün kifayət qədər güclüdürlər. Sadəcə özlərinə inanmağa davam etməlidirlər".

Seçilən
35
1
azedu.az

2Mənbələr