Regional İnsan Hüquqları və Media Mərkəzi Ağcabədi rayonunda 25 nəfər müharibə iştirakçısına hüquqi konsultasiya xidməti göstərib.
Xidmət təşkilatın “Konstitusiya və Suverenlik İli”ndə icra etdiyi “Müharibə iştirakçıları üçün hüquqi konsultasiya xidmətləri” layihəsi çərçivəsində təşkil olunub. Bu məqsədlə Ağcabədi Gənclər Mərkəzinin akt zalında təşkil olunan tədbirə Ağcabədi rayonundan olan 25 nəfər müharibədən zərər çəkən şəxs qatılıb.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Xalid Kazımov həyata keçirilən fəaliyyətlə bağlı iştirakçılara məlumat verib. Layihə rəhbəri bildirib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra olunan layihə Ağcabədi, Goranboy, Xaçmaz və Qusar rayonlarının ərazisini əhatə edir. 3 ay müddətində icra olunacaq layihənin əsas məqsədi Ağcabədi, Goranboy, Xaçmaz və Qusar rayonlarında yaşayan müharibədən zərər çəkən və digər həssas aztəminatlı qruplardan olan (Azərbaycanın digər ərazilərindən onlayn müraciət edənlərə hüquqi konsultasiya xidməti göstəriləcək və məhkəmə sənədləri hazırlanacaq) şəxslərə pulsuz hüquqi konsultasiya xidməti göstərmək, məhkəmədə hüquqi müdafiəsini təşkil etməklə problemlərinin həll edərək sosial vəziyyətlərinin yaxşılaşdırılmasına dəstək göstərməkdir.
Daha sonra layihənin hüquqşünası Araz Nurməmmədov hüquqi problemlərlə bağlı müraciət edən şəxsləri ümumilikdə və fərdi şəkildə qəbul edib. Müraciətlər əsasən “Müharibə veteranı” adının və vəsiqəsinin verilməməsi, “Müharibə veteranı” adı verildikdən əvvəlki 3 il üçün sosial müavinətin ödənilməsi, müharibədə xəsarət alan şəxslərə sığorta pulunun ödənilməməsi, əlillikdən imtina, işlə təminat, şəhid ailələrinə verilən torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı olub.
Görüş zamanı 13 nəfərin dövlət qurumlarına müraciətləri hazırlanaraq vətəndaşlara təqdim edilib. Digər vətəndaşların sənədlərinin surətləri götürülüb və müvafiq qeydlər aparılıb. Qarşıdakı günlərdə vətəndaşların sənədləri hazırlanaraq imzalanıb aidiyyatı qurumlara göndərilməsi üçün benefisiarlara çatdırılacaq.
Qeyd edək ki, layihə çərçivəsində Azərbaycanın bütün ərazisindən daxil olan onlayn müraciətlər əsasında da müharibə iştirakçılarına onlayn hüquqi konsultasiya xidməti göstərilir. Onlayn müraciətlər e-mail ([email protected]) “Qaynar xətt” (0702902299) xidməti, “facebook” (Pulsuz Hüquqi Yardım), “İnstagram” (huquqiyardim_pulsuz) və “WhatsApp” (0702902299) vasitəsi ilə qəbul olunur.