Elmin Nuri: "Tələbələrin universitetdən uzaqlaşdırılması ciddi sosial və psixoloji problemdir"
Hər il Azərbaycanda dövlət və özəl universitetlərdə oxuyan tələbələrdən bəziləri müxtəlif səbəblərdən təhsil müəssisəsindən xaric olunur. Həmin tələbələr təhsildən ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında əsasnaməyə uyğun kənarlaşdırılır.
Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi 2024-2025-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların əks olunduğu “Abituriyent 12” jurnalında qeyd olunur ki, Azərbaycanda 10 mindən çox tələbə universitetdən xaric edilib: "Onlardan 54-ü bakalavriat, 5-i magistratura, 12-si tam orta ixtisas, 5-i isə orta ixtisas bazası üzrə təhsil alan tələbələr olub. Bundan başqa, 2024-cü ildə akademik borca görə 315, digər təhsil müəssisəsinə köçürülmə ilə əlaqədar 1 133, təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə 10 min 746 tələbə universitetdən xaric edilib".
Maraqlıdır, bir ildə 10 min 746 nəfərin universitetdən xaric edilməsi Azərbaycan təhsil sisteminin keyfiyyəti ilə bağlıdır, yoxsa buna səbəb olan hansısa başqa məqamlar var? Xaric olunan tələbələrin təhsilə qayıtması üçün ikinci şans mexanizmləri varmı?
"Tələbənin təhsil haqqını ödəyə bilmədiyi üçün universitetdən uzaqlaşdırılması prinsipi aradan qaldırılmalıdır"
Təhsil eksperti Elmin Nuri "Bakı-Xəbər"-ə şərhində bildirdi ki, tələbələrin universitetdən uzaqlaşdırılması ciddi sosial və psixoloji problemdir: "11 minə yaxın tələbənin ali təhsil müəssisəsindən uzaqlaşdırılması problemlərdən biridir. Tələbənin universitetdən uzaqlaşdırılması arzuolunan hal deyil, bu, ailə üçün həm maddi, həm də mənəvi cəhətdən ağır nəticələrə səbəb ola bilər. Nəzərə almaq lazımdır ki, təhsildən ayrılan tələbələr arasında sevdiyi ixtisasdan imtina etmək məcburiyyətində qalanlar da var. Tələbə təhsil aldığı ixtisasda və ya universitetdə xoşbəxt deyilsə, orada qalmaq əvəzinə başqa yollar axtarmalıdır. Danılmaz faktdır ki, tələbələrin əksəriyyəti imtahanlardan kəsilir. Bunun əsas səbəbi isə həmin ixtisası istəməmələridir. İnsan özünü istəmədiyi bir sahədə görəndə marağını və motivasiyasını itirir. Bu səbəbdən kursdan-kursa keçə bilmir. Ali təhsili yarımçıq qoyan tələbələr bunu özlərinə faciə kimi qəbul etməməlidirlər. Bəli, itirilən illər, çəkilən zəhmət, oğlanlar üçün hərbi xidmət məsələsi var. Amma bütün bir həyatı və karyeranı itirməkdənsə, 3-6 ay itkini problem kimi görməmək daha doğrudur. Bu gün universitetdən qovulmasını faciə kimi qəbul edən tələbələr gələcəkdə bəlkə də bunu həyatlarının dönüş nöqtəsi və uğuru kimi dəyərləndirəcəklər”.
Ekspert onu da əlavə etdi ki, hazırda Azərbaycanda Boloniya sistemi tətbiq edilir və bu sistemə görə, tələbə akademik borca görə universitetdən birdəfəlik uzaqlaşdırılmır: "Bu sistemdə tələbə kəsirə və akademik borca görə təhsilini müvəqqəti dondura, daha sonra kreditlərini ödəyərək təhsilini bərpa edə bilər. Hətta müəllimlərdən biri belə bir fakt qeyd etdi ki, 14 ildən sonra bir tələbə ali məktəbdəki təhsilini bərpa edib, çünki adı sistemdə qalırdı.
Ümumiyyətlə, tələbənin təhsil haqqını ödəyə bilmədiyi üçün universitetdən uzaqlaşdırılması prinsipi aradan qaldırılmalıdır. Tələbənin sosial rifahı və psixoloji vəziyyəti nəzərə alınmalıdır".
Günel CƏLİLOVA