AZ

Azərbaycan–Çin arasında viza rejiminin ləğvi: Turizm, ticarət və geosiyasi fürsətlər

Azərbaycan və Çin arasında qarşılıqlı viza rejiminin ləğvi haqqında razılaşma bu yaxınlarda qüvvəyə minib. Artıq hər iki ölkənin vətəndaşları 30 günədək vizasız səfər edə biləcəklər.

Bu qərar ilk baxışdan turizmə təkan kimi görünə bilər, lakin əslində onun arxasında daha geniş iqtisadi, diplomatik və geosiyasi imkanlar dayanır.

Bu razılaşmanın siyasi və strateji istiqamətlərini Bakıvaxtı.az-a şərh edən politoloq Züriyə Qarayeva bildirib ki, bu qərar ilk növbədə iki ölkə arasında iqtisadi və humanitar əlaqələrin intensivləşməsi üçün böyük fürsətdir. Onun sözlərinə görə, əgər əvvəllər Çin vətəndaşlarına Azərbaycana gəlmək üçün viza prosedurları vaxt və sənəd baxımından əngəl yaradırdısa, indi bu baryer aradan qalxır. Həm turizm, həm də işgüzar səfərlər baxımından yeni dinamik açılır.

Müsahibimiz bildirib ki, Çin dünyanın ən böyük turizm ixracatçısıdır. 2024-cü ildə müvəqqəti viza güzəştləri zamanı Çindən Azərbaycana gələn turistlərin sayında 2.4 dəfə artım müşahidə olunmuşdu:

“İndi bu artım daha da sürətlənə bilər. Azərbaycanda Çin turistlərinin maraq göstərdiyi mədəni, tarixi və təbii məkanlara fokuslanan infrastruktur və xidmət sahələri genişlənə bilər”.

Bu qərarın ticarət və sərmayə axınlarına təsirinə gəlincə, politoloqa görə, vizanın ləğvi o deməkdir ki, Çin biznesmenləri, sərmayədarları və logistika menecerləri Azərbaycana asanlıqla səfər edə biləcəklər. Bu, xüsusilə logistika və nəqliyyat sahələrində əməkdaşlığı gücləndirə bilər. Azərbaycan “Orta Dəhliz”də və Çin təşəbbüsləri ilə uzlaşan layihələrdə mühüm rol oynayır. Yəni həm infrastruktur layihələrinə sərmayə, həm də texnologiya transferi üçün real zəmin formalaşır.

Züriyə Qarayeva: Çinlə vizasız rejimin tətbiqi digər Asiya ölkələrinə də bir siqnaldır

Bu qərarın geosiyasi və regional anlamından danışan Z.Qarayeva qeyd edib ki, bu, təkcə turizm və ticarət deyil, həm də geosiyasi jestdir. Çin üçün Cənubi Qafqazda etibarlı tərəfdaşların sayı çox deyil. Azərbaycanla viza rejiminin ləğvi Pekinin Bakıya inamının göstəricisidir. Eyni zamanda, Azərbaycan bu addımla özünü Çin üçün sabit və strateji tərəfdaş kimi daha da gücləndirir.

“Azərbaycan tərəfi bu fürsəti necə dəyərləndirməlidir? Hansı tədbirlər vacibdir” sualını cavablandıran həmsöhbətimizin dediyinə görə, birinci növbədə, informasiya təminatı önəmlidir. Çin ictimaiyyətində Azərbaycanın turizm imkanları və iqtisadi mühiti haqqında maarifləndirmə aparılmalıdır:

“İkincisi, turizm, gömrük, hava limanları və viza sistemləri bu axına uyğunlaşdırılmalıdır.

Üçüncüsü isə Çin dilində xidmət göstərən bələdçi, broşür, rəqəmsal platformalar hazırlanmalıdır”.

Züriyə Qarayeva son olaraq, vurğulayıb ki, bu addım təkcə Azərbaycan–Çin münasibətlərinin dərinləşməsi deyil, eyni zamanda Bakının Asiya ölkələri ilə strateji tərəfdaşlıq qurmaqda artan marağının göstəricisidir. Onun sözlərinə görə, Çinlə vizasız rejimin tətbiqi digər Asiya ölkələrinə də bir siqnal göndərir ki, Azərbaycan regional inteqrasiyanı və iqtisadi əməkdaşlığı genişləndirmək niyyətindədir:

“Bu, xüsusilə Malayziya, Sinqapur, Cənubi Koreya, İndoneziya kimi inkişaf etməkdə olan və Çinlə iqtisadi cəhətdən əlaqəli ölkələrlə gələcək vizasız rejimlər və ticarət təşəbbüsləri üçün zəmin yarada bilər. Nəticədə Azərbaycan “Orta Dəhliz”in bir hissəsi kimi yalnız Çinlə deyil, ümumilikdə Asiya ilə daha çevik və rəqabətədavamlı iqtisadi əlaqələr qurmaq imkanı qazanır”.

Zülfü Məmmədov

Seçilən
22
bakivaxti.az

1Mənbələr