AZ

BANM-ın tələbəsi: SOCAR ailəsinin bir üzvü olmaq mənə güclü motivasiya verir

Komandamızın “TEKNOFEST” yarışında Turizm Texnologiyaları üzrə birinci yer tutması təhsilin göstəricisidir

“İki sahil” qəzetinin növbəti müsahibi Bakı Ali Neft Məktəbinin (BANM) IV kurs tələbəsi Murad Şərifov tələbəlik dövrü və gələcək hədəfləri ilə bağlı fikirlərini oxucularımızla bölüşür.

– BANM-ın tələbəsi Murad Şərifov kimdir? İlk olaraq səni yaxından tanıyaq.

- Mən, Murad Şərifov 2004-cü ildə Sumqayıt şəhərində anadan olmuşam. 2021-ci ildə Yusif Məmmədəliyev adına 31 nömrəli tam orta məktəbi bitirərək Bakı Ali Neft Məktəbinə qəbul olunmuşam. Artıq 4 ildir ki, bu ali təhsil müəssisəsində Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil alıram. Təhsil aldığım müddət ərzində müxtəlif təqaüdlərə layiq görülmüş, bir sıra yerli və beynəlxalq yarışmalarda iştirak etmişəm. 2025-ci ilin yaz semestrində isə Şimali Karolina Universitetində təqaüd qazanaraq təhsil almışam. Bu beynəlxalq təcrübə mənim həm akademik, həm də şəxsi inkişafıma mühüm töhfələr verib.

Əsas hədəfim bacardığım qədər yüksək nəticə göstərmək idi

–Səni bu ixtisası seçməyə kim həvəsləndirdi? İmtahanlara hazırlaşarkən əsas hədəfin nə idi?

- Azərbaycanın neft qaz ölkəsi olduğunu nəzərə alaraq hər zaman nəzarət və idarəetmə sistemlərinə ehtiyacın olduğunu düşünmüşəm. Məhz bu səbəbdən təhsilimi avtomatika sahəsində davam etdirməyi qərara aldım. Əsas hədəfim bacardığım qədər yüksək nəticə göstərmək idi. Beləliklə, istədiyim ali məktəbdə təhsil almaq üçün qarşıma heç bir maneə çıxmayacaqdı. 

Magistratura təhsilimi Almaniya və ya ABŞ-ın
 aparıcı universitetlərindən birində
davam etdirməyi planlaşdırıram

- Təhsilini davam etdirməyi düşünürsənmi?

- Bəli, magistratura təhsilimi Almaniya və ya ABŞ-ın aparıcı universitetlərindən birində davam etdirməyi planlaşdırıram.

– Dərslərdən kənar hansı sahələrə maraq göstərirsən?

- Azərbaycanda və Amerikada olduğum müddətdə boş vaxtlarımı müxtəlif könüllülük proqramlarında iştirak etməklə keçirirəm. Bu fəaliyyətlər vasitəsilə yaşadığım cəmiyyətə fayda verməyə çalışıram.

SOCAR-ın ölkə daxilində və xaricində həyata keçirdiyi beynəlxalq layihələrlə yaxından maraqlanırdım

- İmtahanlara hazırlaşarkən Bakı Ali Neft Məktəbi, neft sənayemiz haqqında məlumatınız var idimi?

- Bəli, SOCAR-ın ölkə daxilində və xaricində həyata keçirdiyi beynəlxalq layihələrlə yaxından maraqlanırdım. Bir gün bu ailənin bir üzvü olaraq ölkəmə xidmət etməyi arzulayırdım.

- SOCAR-ın tələbələr üçün yaratdığı imkanlarda, həyata keçirdiyi müxtəlif proqramlarda iştirak etmisinizmi?

- Bəli. SOCAR tələbələr üçün geniş imkanlar yaradır. Yay aylarında şirkətin müxtəlif idarələrində 1-2 aylıq təcrübə proqramları təşkil olunur. Hazırda mən də bu fürsətdən yararlanaraq SOCAR-ın Qaz İxrac İdarəsinin Avtomatika şöbəsində təcrübə keçirəm. Bundan əlavə, ətrafımda SOCAR-ın “Gənc İstedadlar” proqramında iştirak edən tələbələr var və onlar da bu proqramdan çox razıdırlar.

Gənclər arasında informasiya texnologiyalarına maraq çox yüksəkdir

– Gənclik bu gün daha çox nəyə maraq göstərir?

- Düşünürəm ki, bu gün gənclər arasında elmi biliklərə, xüsusilə informasiya texnologiyaları sahəsinə maraq çox yüksəkdir. Bu da dövrümüzün informasiya əsri olması ilə bağlıdır.

– Tələbələr arasında könüllülük və sosial həyata maraq hansı səviyyədədir?

- Mən və tələbə yoldaşlarım könüllülük proqramlarında fəal iştirak edirik. Gənclərə bu sahədə verilən dəyər onların motivasiyasını artırır. Bu da könüllülüyə marağın artmasına səbəb olur.

Universitet həyatımda qazandığım uğurların arxasında mənə dəstək olan BANM ailəsini görürəm

- BANM-da yüksək səviyyədə ali təhsil üçün yaradılan müasir imkanları necə dəyərləndirirsiniz?

- Universitet həyatımda qazandığım uğurların arxasında mənə dəstək olan BANM ailəsini görürəm. Burada aldığım yüksək keyfiyyətli təhsil mənim dünya görüşümün genişlənməsinə və beynəlxalq səviyyədə özümü inkişaf etdirməyimə zəmin yaradıb.

- BANM-ı digər universitetlərdən fərqləndirən əsas amillər hansılardır?

- Təhsilin keyfiyyəti, müasir laboratoriyalar, nəzəri biliklərlə yanaşı, praktiki dərslərin öyrədilməsi və hər yay tələbələr üçün təşkil olunan istehsalat təcrübələri tələbələrin müasir iş dünyasına hazırlanmasında mühüm rol oynayır. 

Yaxşı bir neftçi olmaq üçün yüksək iradə,
əzmkarlıq və hər uğursuzluqdan sonra
yenidən başlamağı bacarmaq mühüm şərtlərdəndir

- Niyə neftçi olmaq istədin? Yaxşı neftçi olmaq üçün əsas nə lazımdır?

- Ölkəmiz neft və qaz ehtiyatları ilə zəngindir. Mən də bu sahədə həm akademik, həm də peşəkar biliklərə yiyələnərək dövlətimə xidmət etmək istəyirəm. Yaxşı bir neftçi olmaq üçün yüksək iradə, əzmkarlıq və hər uğursuzluqdan sonra yenidən başlamağı bacarmaq mühüm şərtlərdəndir. Bu sahə həm fiziki, həm də intellektual güc tələb etdiyi üçün davamlı öyrənməyə və yeniliklərə açıq olmaq vacibdir. Eyni zamanda, komanda ruhuna sahib olmaq və təhlükəsizlik qaydalarına ciddi əməl etmək də uğurlu bir mütəxəssis olmağın ayrılmaz tərkib hissəsidir.

- Bu sahəyə maraq göstərən abituriyentlərə nə kimi tövsiyələr verərdin?

- Hazırda imtahan dövrü olduğundan gənclərə demək istərdim ki, heç vaxt gec deyil. Əgər ikinci bir şans verilirsə, bunu dəyərləndirməyi bacarsınlar. Mən 2021-ci ildə qəbul imtahanında iştirak etmişəm. Həmin il xüsusi karantin rejiminə görə blok imtahanı yalnız bir dəfə keçirilmişdi. Hazırda şagirdlərin daha yaxşı hazırlaşıb biliklərini nümayiş etdirmək üçün daha çox imkanı var və bu fürsəti dəyərləndirmələrini tövsiyə edərdim.

Yüksək nəticə göstərərək özümə və yaxınlarıma verdiyim sözü tutdum

- Ali məktəbə qəbul imtahanı dövrünü necə xatırlayırsan? Yüksək bal toplayacağını gözləyirdinmi?

- Mən pandemiya dövründə universitetə qəbul olunan gənclərdən biriyəm. Hədəfim bütün potensialımı ortaya qoyaraq, karantin rejiminə baxmayaraq yüksək nəticə əldə etməyin mümkün olduğunu gənclərə göstərmək idi. Karantin şəraiti və onlayn tədris çətin olsa da, müəllimlərimin və ailəmin mənə olan dəstəyi sayəsində bu çətinliklərin öhdəsindən gəlməyi bacardım. Yüksək nəticə göstərərək özümə və yaxınlarıma verdiyim sözü tutdum. Sınaq imtahanlarında daim 650 baldan yüksək nəticə göstərirdim və bu nəticəni əsas imtahanda da təkrarlamağı qarşımda məqsəd qoymuşdum. Atamın tez-tez dediyi “Əziyyət yerdə qalmır” ifadəsi mənim üçün motivasiya olmuşdu. Allaha şükürlər olsun ki, ailəmin və müəllimlərimin ümidlərini doğrulda bildim. Ümumilikdə qəbulda 668 bal toplamışdım.

- Niyə Bakı Ali Neft Məktəbini seçdin? Neft sənayesinə olan maraq yoxsa, prestijli ali məktəb olduğu üçünmü?

- BANM-i seçməyimin əsas səbəbi burada verilən yüksək səviyyəli təhsil və geniş imkanlar idi. Universitetin beynəlxalq və yerli miqyasda qazandığı uğurlar, tələbələr üçün yaradılmış şərait, müasir laboratoriyalar və praktiki biliklərin verilməsi bu seçimimdə həlledici rol oynadı. Elə bu il komandamızın – “QIZIL QAYA -BHOS” Şimali Kiprdə keçirilən “TEKNOFEST” yarışında Turizm Texnologiyaları üzrə birinci yer tutması da bu təhsilin göstəricisidir. 

Hiss etdim ki, burada yalnız oxumayacaq,
həm də inkişaf edəcək, böyüyəcək və nümunəvi
bir vətandaş kimi formalaşacağam

- Bakı Ali Neft Məktəbi ilə ilk tanışlıq təəssüratların necə oldu?

- Bakı Ali Neft Məktəbi ilə ilk tanışlığım mənim üçün olduqca yaddaqalan oldu. Hər il ənənəvi olaraq rektorumuz Elmar Qasımov yeni qəbul olunan tələbələrə tələbə kartlarını valideynlərin iştirakı ilə şəxsən təqdim edir. Həmin tədbirdə rektorumuzun “Biz sizi həyata və dünyaya hazırlayırıq” ifadəsi mənim üçün bu ali məktəbdə verilən təhsilin yalnız kitab bilikləri ilə məhdudlaşmadığını, tələbələrin həm də real dünyaya, əmək bazarına və həyatın çətinliklərinə hazırlandığını göstərdi.

Tədbirdən sonra universitetin müasir laboratoriyaları, zəngin kitabxanası və tələbələr üçün yaradılmış infrastrukturla yaxından tanış oldum. Universitetin kampusu texnoloji baxımdan tam təmin olunmuşdu və tədris mühiti həm elmi, həm də sosial baxımdan inkişaf üçün çox əlverişli idi. Hiss etdim ki, burada yalnız oxumayacaq, həm də inkişaf edəcək, böyüyəcək və nümunəvi bir vətandaş kimi formalaşacağam.

- Neft sənayesinə olan marağın ailədən gəlir, yoxsa öz seçimindir?

- Bu sahəyə marağım şəxsi seçimim olub. Ailəmizdə neftçi yoxdur, lakin texnologiyalara və sənaye sahəsinə olan marağım məni bu istiqamətə yönəltdi.

SOCAR ailəsinin üzvü olmaq mənim üçün böyük qürurdur

- İnkişafın və bu uğurunuz üçün ən çox kimə borclusan?

- Bütün əldə etdiyim uğurlarda ilk növbədə valideynlərimə borcluyam. Onların dəstəyi, mənə olan inamı və hər zaman yanımda olmaları mənim üçün ən böyük motivasiya mənbəyi olub. Eləcə də müəllimlərimə minnətdaram. Onların mənə olan inancları və verdikləri dəstək sayəsində özümə daha çox güvənməyə başladım. Bu da məni həm akademik, həm də şəxsi inkişafımda irəli apardı.

- Həm neftçi, həm də SOCAR ailəsinin üzvü olmaq neçə bir hissdir?

- Bu, mənim üçün böyük qürurdur. Uşaqlıqdan adını eşitdiyim, ölkənin aparıcı sənaye şirkəti olan SOCAR ailəsinin bir üzvü olmaq mənə güclü motivasiya verir.

- Gələcək hədəflərin nələrdir?

Əsas məqsədim sahəmin peşəkar mütəxəssisi olmaq və əldə etdiyim bilik və təcrübələri ölkəmin inkişafı üçün səfərbər etməkdir. Həm yerli, həm də beynəlxalq səviyyədə təcrübə toplayaraq Azərbaycan sənayesinə və texnologiyasına töhfə vermək istəyirəm.

Orxan Vahidoğlu, “İki sahil”

Seçilən
24
ikisahil.az

1Mənbələr