TBİLİSİ, 12 iyun. TELEQRAF
Polşanın Baş naziri Donald Tusk Varşavanın Avropa İttifaqı üzrə tərəfdaşları ilə Gürcüstan üçün vizasız rejiminin ləğvini müzakirə etdiyini bildirib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, o, seymdə çıxışı zamanı Polşanın bu məsələ ilə bağlı tərəfdaşlarını razı salmaq niyyətində olduğunu qeyd edib.
“Biz Gürcüstanla vizasız rejimin aradan qaldırılması və yaxud məhdudlaşdırılması üçün tələb olunan çoxluğun yaradılması prosesindəyik”, - D.Tusk söyləyib.
Polşanın hökumət başçısının bu bəyanatı Gürcüstanda kəskin etirazla qarşılanıb. Parlament sədri Şalva Papuaşvili bildirib ki, məqsəd “Gürcü Arzusu” hökumətini hakimiyyətdən uzaqlaşdırmaqdır.
“Onlar cəmiyyəti qəzəbləndirmək və arzu etdikləri siyasi nəticəyə nail olmaq üçün istənilən rıçaqları axtarırlar. Avropanın siyasi hakimiyyətinin müəyyən hissəsi Avropa dəyərlərini təzyiq üçün siyasi alət kimi istifadə edir”, - spiker söyləyib.
Qeyd edək ki, Gürcüstan və Aİ arasında vizasız gediş-gəliş rejimi 2017-ci ilin martın 28-dən tətbiq olunur. Bu ilin yanvarında Aİ Gürcüstanın diplomatik pasportlarına sahib şəxsləri üçün vizasız rejimi dayandırıb. Lakin gürcü məmurların diplomatik pasportla yanaşı adi pasportları da olduğundan bu addım daha çox rəmzi xarakter daşıyıb.