BAKI, 12 iyun. TELEQRAF
Təhsildə Keyfiyyətin Təminatı Agentliyi may ayı üzrə diplom tanınması üçün müraciətlərin statistikasını yayıb.
Teleqraf xəbər verir ki, diplomların əksəriyyəti Türkiyə Respublikasının universitetlərindən olub. Belə ki, may ərzində bu ölkədən alınmış 134 diplom müraciəti olub. İkinci yerdə Rusiya Federasiyası (78), üçüncü yerdə isə Ukraynadır (68).
Birləşmiş Krallıq 35, Gürcüstan 19, Polşa Respublikası 14, Çin Xalq Respublikası və İtaliya Respublikalarının hər birindən 9, Almaniya Federativ Respublikası 8, Macarıstan 6, Banqladeş Xalq Respublikası 4, Amerika Birləşmiş Ştatları, İsveçrə Konfederasiyası, Koreya Respublikası 3, Latviya Respublikası və Niderland Krallığının hər birindən 3, Belçika Krallığı, İsrail Dövləti, Litva Respublikası, Özbəkistan Respublikası və Qazaxıstan Respublikalarının hər birindən 2 müraciət olub.
Ən az müraciətlər isə Belarus Respublikası, Estoniya, Fransa, Hindistan, İran İslam Respublikası, İspaniya Krallığı, Qana Respublikası, Qırğızıstan, Sudan, Yaponiya, Yəmən Respublikası və Zimbabvedəndir. Bu ölkələrin universitetlərinin hər birindən isə 1 müraciət qeydə alınıb.
Ən çox müraciət olunan ixtisaslar isə menecment (37), iqtisadiyyat (35), biznesin idarə edilməsi (32), maliyyə (28), beynəlxalq münasibətlər (21) olub.