AZ

PMI rəhbəri: "Biz özümüzü XIX əsrdə yaşayırıqmış kimi aparmamalıyıq"

Son illərdə dünya üzrə tütün istehlak edən insanların sayı davamlı olaraq azalır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, 2000-ci ildə dünyada hər üç yetkin insandan biri siqaret çəkir və ya tütün məmulatlarından istifadə edirdisə, 2020-ci ildə bu göstərici hər beşinci sakindən birinə qədər azalıb. Siqaretçəkmə səviyyəsinin azalmasına baxmayaraq, hazırda dünya üzrə 1,2 milyarddan çox insan siqaretdən istifadə edir və bu məhsullar hər il milyonlarla insanın həyatına son qoyur.

Siqaret çəkməyin mənfi təsirini azaltmaq məqsədilə istehsalçılar yeni texnologiyalar hazırlayırlar və bu texnologiyaların əsas trendi tüstüsüz tütün məmulatları olub. Tüstüsüz məhsulların tətbiqi sahəsində pionerlərdən biri 2014-cü ildən silsilə tüstüsüz tütün məhsulları istehsal edən “Phillip Morris International” (PMI) şirkəti olub.

PMI-ın baş direktoru (CEO) Yatsek Olçak şirkətin gələcək inkişafı, dünyada siqaret istehlakının azaldılması barədə fikirlərini “Report”la bölüşüb:

- Tüstüsüz məhsullar artıq 95 bazarda mövcuddur, siz isə 2025-ci ilə qədər 100 bazara çatmaq hədəfinizi bəyan etmisiniz. Hökumətlərin bu məhsulları qəbul etməklə siqaretçəkmə ilə mübarizəyə necə töhfə verdiklərinə dair təcrübələrinizi bölüşə bilərsinizmi?

- Bir sıra bazarlarda müxtəlif kateqoriyalı tüstüsüz məhsullar təqdim olunur – bunlar qızdırılan tütün məhsulları, elektron siqaretlər və digərləridir. Belə bazarlarda siqaret çəkənlərin tüstüsüz məhsullara üstünlük verdiklərinin şahidi olursuz. Məsələn, Vyetnam, Türkiyə, Tayvan, Hindistan və bir sıra digər bazarlarda tüstüsüz məhsullar tamamilə qadağandır. Bu ölkələrdə siqaret satışlarında heç bir azalma müşahidə olunmur. Həmçinin, Argentina və Braziliya kimi Latın Amerikasının bir neçə ölkəsində tüstüsüz məhsullara qarşı mübahisəli mövqe nümayiş etdirilir. Digər tərəfdən, Yaponiyada siqaretçəkmə səviyyəsinin çox sürətli (50 %) azalmasını görürük. Artıq tüstüsüz məhsullar orada siqaret satışlarını üstələyir. İsveçdə siqaret istehlakı səviyyəsi əhalinin 5 %-nə belə çatmır və bu da kontinental Avropa və digər ölkələrdəki bununla bağlı göstəricidən müqayisəolunmaz dərəcədə aşağıdır. Hökumətlərin tüstüsüz tütün məhsullarını qəbul etdiyi ölkələrdə siqaretçəkmə səviyyəsinin azalma dinamikası tam fərqlidir.

- Hökumətlər siqaret və tüstüsüz tütün məhsulları üçün fərqli vergi rejimləri tətbiq edirmi? Siqaret istehlakını azaltmaq üçün onlarla necə işləyirsiniz? Onlar siqaret çəkməyə qarşı qlobal mübarizə çərçivəsində tüstüsüz məhsulların rolunu necə qarşılayırlar?

- Tüstüsüz tütün məhsullarına loyal yanaşan ölkələrdə siqaretçəkmə səviyyəsinin azalmasına baxmayaraq, Ümumdünya Səhiyyə Təşkilatı tüstüsüz məhsulların imkanlarını inkar edir. Təşkilat hesab edir ki, onlar da siqaretlər kimi tənzimlənməlidir. Vergi tənzimlənməsinə gəldikdə, ümumiyyətlə siqaretlərin dəyərinin 80 %-ə yaxınını vergilər təşkil edir. Siqaretçəkmə səviyyəsinin azaldılması hökumətlərdən vergi itkilərinin kompensasiyası üçün əlavə səylər tələb edir.

İstənilən halda, biz görürük ki, bir sıra ölkələr tüstüsüz məhsullar üçün siqaretlərlə müqayisədə daha aşağı vergi dərəcəsi tətbiq edirlər. Vergilərdəki fərq hökumətin mövqeyindən asılı olaraq 40 %-dən 70 %-ə qədər ola bilər. Bu bizə tüstüsüz məhsulların qiymətini azaltmağa imkan verir.

- Tüstüsüz məhsullar PMI-nin korporativ sosial məsuliyyət (ESG) məqsədlərinin bir hissəsidirmi? Hansı KPI göstəricilərini izləyirsiniz?

- Prinsip etibarilə yalnız siqaret satan bir şirkətdə sosial məsuliyyətdən danışmaq mümkün deyil. Buna görə də bizim üçün ilk hədəf siqaret satışlarını tüstüsüz məhsullarla əvəz etməkdir. PMI olaraq 2030-cu ilə qədər ümumi gəlirlərimizin 2/3-ni yalnız tüstüsüz məhsullardan formalaşdırmağı hədəfləmişik. Hazırda 29 bazarda gəlirlərimizin 50 %-dən çoxunu tüstüsüz məhsullar formalaşdırır. 2025-ci ilin birinci rübündə bütün gəlirlərimizin 42 %-i tüstüsüz məhsullar kateqoriyasına aid idi. Nəzərə alsaq ki, 10 il əvvəl bu göstərici sıfıra bərabər idi - bu fenomenal tərəqqidir.

- PMI uzun müddət Azərbaycanda təmsil olunmayıb və yaxın zamanda bazara qayıdaraq tüstüsüz məhsullarını təqdim edib. Şirkət Azərbaycanda siqaret bazarına da qayıtmağı planlaşdırırmı?

- Biz ənənəvi siqaret bazarına investisiya yatırmaqdan imtina etmişik. Son 10 ildə 14 milyard dollar investisiya yatırmışıq və bütün bu vəsait tüstüsüz məhsulların inkişafına yönəldilib. Bir sent belə siqaret fabriklərinin tikintisinə getməyib. Buna görə də Azərbaycanda PMI siqaretlərini gözləməyə dəyməz - biz yalnız tüstüsüz gələcəyə fokuslanırıq.

- Türkiyə və Hindistan siqaret məhsullarının iri istehlakçılarıdır. Sizin araşdırmalarınıza görə tüstüsüz məhsullar siqaret qədər zərərli deyil. Bəs bu ölkələrdə bu məhsulların qadağan olunması nə ilə əsaslandırılır?

- Bu ölkələr son 10 ildə səhiyyə sahəsində elmi məlumatların çatışmazlığından danışırlar. Bununla belə, bir çox insan üçün aydındır ki, bu məhsul siqaret məhsulları ilə müqayisə edilə bilməz. İkinci arqument - bu məhsulun yetkinlik yaşına çatmayanlar tərəfindən istifadəsidir, lakin bu arqument heç nə ilə əsaslandırılmayıb və təsdiqlənməyib. Öz tərəfimizdən biz bu məhsulun yetkinlik yaşına çatmayanların əlinə düşməməsi üçün mexanizm tətbiq edirik. Avropadakı bir sıra ölkələr, eləcə də Yaponiya tüstüsüz məhsulların bütün potensialından istifadə edir və orada siqaretçəkmə səviyyəsinin real azalmasını müşahidə edirik. Bu məhsulların qadağan olunduğu ölkələrdə müzakirələri davam etdiririk. Məsələn, Yunanıstanda siqaretçəkmə səviyyəsinin nəzərəçarpacaq dərəcədə azaldığını görürük, Türkiyədə isə hər şey əksinədir.

- Tüstüsüz məhsulların sağlamlığa təsiri və onların potensial təhlükəsi ilə bağlı elmi araşdırmalar sahəsində hansı problemlərlə üzləşdiyiniz barədə danışa bilərsinizmi?

- Ən böyük çağırış elm deyil, bu sektorun tənzimlənməsidir. Əgər tənzimləyici siqaret çəkənə “siqaretlər və tüstüsüz tütün məhsulları arasında fərq yoxdur” deyirsə təbii ki, siqaret çəkənin daha az zərərli məhsula keçməsi üçün heç bir stimul qalmır.

- Ölkələr növbəti 10 ildə siqaretçəkməni aradan qaldırmaq üçün nə edə bilərlər?

- Texnologiyalar və innovasiyalar bu məsələni həll edə bilər. Biz bunu digər sahələrdə də görürük. Avtomobil istehsalının necə inkişaf etdiyini, avtomobillərin nə qədər təhlükəsiz olduğunu görə bilərsiniz. Bu prinsip demək olar ki, həyatımızın bütün sahələrinə aiddir. Biz özümüzü sanki XIX əsrdə yaşayırıqmış kimi aparmamalıyıq. Biz bu gün də siqaret satmağa davam edə bilərik. Lakin bütün ölkələrə mesajımız budur ki, oyanın! Biz texnologiyaları və yenilikləri istifadə etməliyik.

Seçilən
10
report.az

1Mənbələr